Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2013

Saakaşvili Gürcüstanı birdəfəlik tərk edir

Keçmiş prezidentin seçki bitən kimi ölkəni tərk edib bir daha dönməyəcəyi barədə virtualaz.org saytına daxil olan xəbər təsdiqini tapır

Gürcüstan prezidenti Mixail Saakaşvili yeni seçilmiş prezident Mixail Marqvelaşvilinin bu gün - noyabrın 17-də keçirilən inaqurasiya mərasimi ilə bağlı bəyanat yayıb. Virtualaz.org bu barədə gürcü mənbələrinə istinadən xəbər verir.

Saakaşvili bildirib ki, o, həmişə yeni prezidentin inaqurasiyasında necə iştirak edəcəyi və hakimiyyətin dinc yolla təhvil verilməsi ənənəsini formalaşdıracağını təsəvvür edirdi.

“Fikirləşirdim ki, mən və xanımım Sandra ABŞ və digər demokratik ölkələrdə olduğu kimi yeni prezidenti prezident sarayında qarşılayacaq, saraya aparacaq və həm sarayı, həm də prezident institutunu ona təhvil verəcəyik. Hakimiyyətin bu cür dinc şəkildə ötürülməsi dövlət vərəsəliyinin simvolu, bizim həyata keçirdiyimiz demokratik islahatların təsdiqi olmalı idi. Bu mərasimdən sonra mən əsas binanı tərk edib ya ailəmlə istirahətə, ya da yaxın dostlarımla nahara getməyi düşünürdüm. Lakin belə olmadı” - deyə Saakaşvili yazır.

Keçmiş prezident bir il əvvəl “Gürcü arzusu” koalisiyasının parlament seçkilərini udmasından sonra hökumətin baş nazir Bdzina İvanişviliyə dinc şəkildə təhvil verildiyini, heç bir maneə yaratmadıqlarını, yeni hökumətin üzvlərinə dövlət işlərini aparmaq üçün treninq keçdiklərini bildirib. Lakin Saakaşvili onu da deyib ki, İvanişvili bütün bunlara baxmayaraq ona və partiyasına qarşı hücuma keçib. Seçkiləri uduzaraq dinc şəkildə müxalifətə keçən keçmiş hakim partiyanın minlərlə üzvü təqiblərə məruz qalıb, keçmiş daxili işlər naziri Vano Merabişvili və keçmiş müdafiə naziri Baço Axaliya həbs olunub. İvanişvili Saakaşvilinin başlatdığı bir sıra mühüm layihələri bir günün içində dayandırıb.

“Prezident kimi mənim özümə də hakimiyyətə bağlı qruplar tərəfindən dəfələrlə hücum edilib. Amma bu hücumlara görə heç kim cəzalandırılmayıb” - deyə Saakaşvili yazır.

İvanişvili hökumətinə yönəlmiş tənqidlərini davam etdirən Saakaşvili bildirib ki, indiki iqtidar onun dövründə tikilmiş Prezident Sarayını da ləğv etməyə hazırlaşır. Hansı ki, bu bina müstəqil Gürcüstan dövlətinin rəmzlərindən birinə çevrilmişdi. Üstəlik hökumət Müstəqillik günü hərbi parad keçirilməsinə də qadağa qoyub.

Saakaşvili bəyan edir ki, belə vəziyyətdə yeni prezidentin inauqurasiyasına qatıla bilməz. Bununla belə o, yeni hakimiyyətə bir müddət mane olmamaq qərarına gəldiyini və siyasətdən uzaq duracağını bildirir.

“Dünən mən Vilnüs sammiti ərəfəsində Avropa İttifaqı və Avropa Parlamenti ilə məsləhətləşmələri yekunlaşdırdım. Paralel olaraq aparıcı xarici universitetlərdən mənim adımla bağlı olan yeni elmi mərkəz yaradılması barədə daxil olan təklifləri nəzərdən keçirirəm. Bu mərhələdə mən Gürcüstanın siyasi həyatında iştirak etməyəcəyəm və elmi fəaliyyətlə məşğul olacağam. Baxmayaraq ki. mən zərurət yaransa, istənilən vaxt öz xalqıma dəstək verməyə və vətənimə xidmət etməyə hazıram” - deyə Saakaşvili müraciətində bildirib.

Qeyd edək ki, virtualaz.org saytına hələ ötən ay Mixail Saakaşvilinin prezident seçkiləri başa çatan kimi ölkəni tərk edəcəyinə dair məlumat daxil olmuşdu. Redaksiyamıza məlum olmuşdu ki, Saakaşvili bu barədə Bakıya səfərlərindən biri zamanı Azərbaycan prezidenti ilə söhbət aparıb. Ehtimallara görə, Azərbaycan rəhbərliyi Saakaşvilini hansısa formada işlə təmin etməyə də razılaşmışdı.

Doğrudan da Gürcüstanda keçirilən prezident seçkiləri gününün axşamı, seçkilərin ilkin nəticələri açıqlanan kimi Saakaşvili Tiflisdən Brüsselə yola düşdü. O, səfəri ilə bağlı Xarici İşlər Nazirliyini də məlumatlandırmamışdı. Bildirilirdi ki, Saakaşvili Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı sammitinə hazırlıqla bağlı müzakirələr aparacaq.

Lakin Saakaşvili o gedən gedib və iki həftədən artıqdır ki, Gürcüstana qayıtmır. Bəyanatından da göründüyü kimi, qayıtmaq fikrində də deyil və xarici universitetlərdən (çox güman ki, ABŞ universitetlərindən) birinin nəzdində yaradılacaq elmi mərkəzə rəhbərlik etməyə hazırlaşır.

Qeyd edək ki, Gürcüstanın yeni rəhbərliyi Saakaşvilini bir neçə cinayət işinə, o cümlədən keçmiş baş nazir Zurab Jvaniyanın müəmmalı şəkildə ölməsinə görə dindirmək istəyir.

1790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 23:39