Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

Sulutəpə sakinləri kütləvi şəkildə evlərindən çıxarılır

Sakinlər etiraz aksiyalarına başlamaq niyyətindədir
«Bu torpaqlar Neft Şirkətinə aid idisə, niyə digər dövlət orqanları o əraziləri satıb, üzərində tikintiyə icazə verilib?»
Bakının Sulutəpə qəsəbəsi, Şəfiqə Əfəndizadə küçəsində yaşayan sakinlər “Azadlıq”a ünvanladıqları məktubda illərlə yaşadıqları evlərindən kütləvi şəkildə çıxarıldıqlarını bildiriblər:
“Evimizi boşaldıb getməklə bağlı gündə bir ailəyə məhkəmə qətnaməsi daxil olur. Biz məsələnin kökünü imkanlarımız daxilində araşdırdıq. Aydın oldu ki, prezidentin 2004-cü il 01 iyul tarixli sərəncamına əsasən Dövlət Neft Şirkəti və ”AZEN OIL Company B&B Azərbaycan-Türkiyə birgə müəssisəsi arasında saziş imzalanıb. Bu saziş də Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında 29 sentyabr 2004-cü ildə imzalanıb. Həmin saziş 1 sentyabr 2005-ci ildə qüvvəyə minib. Sazişin sahəsi rəsmi olaraq 43,5 kvadrat metr təşkil edir və orada yuxarıda adıçəkilən yataqlardan söhbət gedir. Sulutəpə ərazisi üç hissədən ibarətdir, onun ikisi köhnə Sulutəpədir, hansı ki, 75 yaşı var. 1995-ci ildən sonra isə Xocahəsən ərazisində yeni Sulutəpə yaranıb. Iki şirkət arasında bağlanan sazişdə isə Sulutəpə ərazisinin həmin neft zonasına düşən hissənin koordinatları göstərilməyib. Belə çıxır ki, bu boyda Sulutəpə ərazisi tamamilə neft çıxarılan ərazidir. Elə isə yaşadığımız ərazilərdə niyə neft quyuları yoxdur? Sözügedən sazişdə neft yataqlarının koordinatlarının göstərilməməsi bu ərazilərdə gələcək plan qurmaq niyyətində olanların mənafeyinə xidmət etmirmi?
29 aprel 2005-ci ildə həmin sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsi barədə Milli Məclis qanun qəbul edib. Bu qanunu qəbul edəndə ərazidə yaşayan insanlar barədə düşünlmədi. Bu evlərin bir qismi sovet dövründə tikilib, qalanları isə bələdiyyə və icra hakimiyyətlərinin sərəncamıyla inşa edilib. Bu qurumların sənədlərinin dövlət üçün heç bir qüvvəsi yoxdursa, bu orqanlar nə üçün yaradılıb? Bu torpaqlar neftə aid idisə, niyə həmin orqanlara xəbərdarlıq edilməyib ki, o ərazilər satıla və üzərində ev tikilə bilməz? Bu ölkədə kimsə özbaşına daşı daş üstə qoya bilməz, qanunsuz ev tikirdiksə, niyə kimsə qarşımıza çıxıb onu dayandırmadı?
Torpaqları bizə Milli Məclisin qəbul etdiyi qanunlar əsasında veriblər. Prezidentin sərəncamıyla ərazilər Neft Şirkətinə verilir, sonra da məhkəmə həmin torpaqlardan bizi çıxarır ki, Milli Məclsin qanunları düzgün deyil. Biz kimə inanaq, qanuni torpaqları kimdən alaq? Belə çıxır ki, Neft Şirkəti bütün Abşeronun sahibidir, elə isə bələdiyyə və icra hakimiyyətlərini niyə ləğv etmirsiniz?
Biz bu torpaqların qanuni sahibləriyik, dövlət orqanlarının sənədləri əsasında illərlə bu ərazidə yaşamışıq. Dövlət bidcəsinə vergilər ödəmişik, 2004-cü ildən sonra qəbul edilən qanunun, sazişin, müqavilənin qüvvəsi necə ola bilir ki, geriyə şamil edilir və bərabər hüquqları olan bütün mülkiyyət növləri içində yalnız yazıq xalqın mülkiyyət hüququ əzilir, dövlət tərəfindən qorunmur. Bu qanunları qəbul edirsinizsə, niyə o digər qanunlara zidd olmalıdır?
Neft Şirkətinin iddiasında deyilir ki, 2005-ci ildən əvvəlki və sonrakı evlər də sökülməlidir. Belə çıxır ki, hamımız ARDNŞ-in kirayəçiləriyik, istədikləri vaxt bizi yurdumuzdan bir qətnamə ilə çıxara bilərlər. Xalq heç vaxt kütləvi şəkildə torpaqların zəbt edilməsində günahkar ola bilməz. Torpaq və dövlət xalqa məxsusdur. Xalq bu dövlətin mənbəyidir. Dövlət ARDNŞ-ın keşiyində durmağı özünə vəzifə bilirsə, biz də də seçdiyimiz şəxslərə deyirik ki, sizi biz seçdik. Bu necə qaydadır ki, eyni orqan əvvəl deyir ki, get tik yaşa, sonra da deyir ki, “get sök və tərk et”. Bu məsələnin araşdırılması və bizə izah olunmasını xahiş edirik. Heç bir məmurun haqqı yoxdur ki, xalqın onsuz da yaşadığı çətin vəziyyətini daha da çətinləşdirsin. Məsələ ölkə daxilində xalqın hüquqları pozulmadan həll edilməyəcəksə, bunu Avropa Məhkəməsi səviyyəsinə çıxarmaq məcburiyyətində qalacağıq. Haqqımızı tələb etmək üçün ən müxtəlif etiraz üsullarından istifadə edəcəyik"./azadliq/
1029 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber