Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

Xədicə İsmayılın rəfiqəsindən gündəmi dəyişəcək açıqlamalar

Həbsdəki jurnalistin işindəki “açar fiqur” danışdı;

Aynur İmranova: “Turalı ilk gündən Xədicənin yanına məqsədli şəkildə yerləşdiriblər”;

“Hara gedirdiksə, Tural zəng edib yanımıza gəlirdi...”;

“Evimizə kamera da qoymuş ola bilər, hər şey də edər...” ;

“Nişanlısını bir neçə dəfə, pis formada döyüb”


AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı istintaq davam etdiyi müddətdə adı ən çox hallandırılanlardan biri də jurnalist Aynur İmranovadır. X.İsmayılı tutduran jurnalist Tural Mustafayev bu günə qədər bir neçə dəfə A.İmranovanın təsiri ilə həbsdəki jurnalistin bəzi hərəkətlər etdiyini deyib.



“Yeni Müsavat”ın əməkdaşı bu cinayət işindəki “açar fiqur”la görüşüb, bir çox məqamlara aydınlıq gətirdi.
- Tural Mustafayev müsahibələrində və facebookdakı şərhlərində sizin adınızı tez-tez çəkir, bu məsələdə sizi ittiham edən fikirlər səsləndirir... Nədir bu ittihamların kökü?
- Tural mənə qarşı aqressivdir. O, yəqin gözləyirmiş ki, bu məsələdə mən susacam. Tural da, nişanlısı Rövşanə də mənə dəfələrlə dedi ki, bu məsələlərə qarışma. 
- Həbsdən sonra? 
- Yox, həbsdən sonra Turalla heç bir əlaqəm olmayıb. Rövşanə ilə danışmışıq, amma bu sözü həmin vaxt deməyib. 
- Bəs nə zaman deyiblər? 
- Mən əvvəldən istintaqa çağırılanda. Çünki Tural əvvəlcədən mənim adımı istintaqa verməmişdi. Belə deyirdi ki, mən verməmişəm. 
- Bu məsələnin istintaqı nə zaman başlayıb? 
- 1 aydan çoxdur ki, gedir. 
- Yəni Xədicə İsmayıl da, yaxın çevrəsi də məlumatlı idi ki, belə bir plan hazırlanır və onu bu məsələ ilə bağlı həbs edə bilərlər. 
- Bir şübhələnirdik ki, bu, Xədicə İsmayıla qarşı hazırlanır. Ona görə ki, bu məsələyə Xədicənin heç bir dəxli olmadığı halda adı hallanmağa başladı birdən-birə. - İntihar məsələsində? 
- Yox, əvvəldən biz gözləyirdik və şübhələnirdik ki, Tural ona qarşı nəsə edə bilər. Çünki o, israrla bütün uğursuzluqlarını ona bağlayırdı. Halbuki düşünmürdüm ki, Xədicənin onun işlərinin alınmamasında nə isə rolu olsun. Çünki mart ayından bəri onların heç bir kontaktı yox idi. Və Xədicənin də Turaldan daha vacib işləri var idi. Tural mart ayından sentyabr ayına qədər bir neçə sayta düzəlmişdi. Amma az müddət ərzində də işdən uzaqlaşdırılmışdı.  Bunların çoxu da hakimiyyətə yaxın saytlar idi. 
Buna görə də işdən çıxarılmasında Xədicənin hansısa rolunun olması tamamilə absurddur. Hətta mən aznevs.az və interpress.az saytlarının rəhbərlikləri ilə şəxsən danışmışdım ona görə. İkisi də onun işdən çıxarılma səbəbi kimi məsuliyyətsiz olmasını, işə gec gəlməsini göstərdi. Biz də bilirik ki, müasir dövrdə saytlarda belə jurnalistə ehtiyac olmur. Onlara çevik işləyən, işə hamıdan tez gəlib, hamıdan gec gedən jurnalistlər lazımdır. Mənə elə gəlir ki, bu iş məsələsində Turalın içki düşkünü olması fəaliyyətinə mane olurdu. 
- Birinci sualın davamı kimi, Tural Mustafayevlə sizin aranızdakı anlaşılmazlığın səbəbi nə idi?

Elə şeylər var ki, istintaqda iltizam alıblar ki, bunu açıqlamayım. Amma bəzi məsələləri açıqlaya bilərəm. Demək, bir gün gecə 2-3 radələrində...”


- O deyir ki, guya mən Xədicəni ona qarşı qaldırmışam. Amma o adam mənə ona görə qıcıqlıdır ki, ilk gündən onun Rövşanə ilə münasibətlərinə qarşı olmuşam. Hətta elə dövr olub ki, Rövşanəyə mənimlə görüşməyi qadağan edib, mane olurdu. Çünki onlar tanış olduqları ilk gündən etibarən mən Rövşanəyə Turalın içkiyə meylli olmasını demişdim, onu bu barədə məlumatlandırmışdım. Rövşanə mənim üçün çox dəyərli olduğu üçün onun Tural kimi biri ilə münasibətinin olmasını istəmirdim. 
- Tural Mustafayev paralel şəkildə həm Rövşanə xanımla, həm də Xədicə İsmayılla sevgi münasibətlərində olub? Hər halda, Turalın yaydığı ilkin məlumatlar, “screen şotlar” bu barədə təxmin yürütməyə imkan verir. 
- Yox, elə şey olmayıb. Mən ümumiyyətlə, Turalla Xədicənin özəl münasibətinin olması barədə məlumatsızam. Xədicənin çoxlu dostları olub, mən daxil, Tural da onlardan biridir. Amma Tural Rövşanə ilə 8 mart tarixində tanış olub, elə həmin gün də facebook səhifəsində durumunu dəyişdirib “münasibətdədir” yazmışdı. O sürətlə “yaranan” münasibətləri isə heç kim ciddiyə almazdı. Amma onların bu 7 aylıq münasibətində çox problemlər yaşanmışdı. Tural davamlı olaraq Rövşanəyə fiziki və mənəvi  təzyiq göstərirdi. Rövşanə çox dəyərli xanımdır, ailəsinə hörmət edir. Utandığından bütün bu problemləri açıb ağartmırdı. Hətta onların problemlərinin bir necəsinə mən də şahid olmuşam. 

- Hansı problemdən gedir söhbət? 
- Elə şeylər var ki, istintaqda iltizam alıblar ki, bunu açıqlamayım. Amma bəzi məsələlər var ki, orda səslənməyib və Turalın məni niyə ittiham etməsinin kökündə dayanır.  Onlar barədə məlumat  verə bilərəm. Bir gün gecə 2-3 radələrində Rövşanə mənə ağlayaraq zəng etdi və soruşdu ki, “Aynur, mən ... am?” Həmin təhqiramiz sözü mən işlətmək istəmirəm. Amma Rövşanə çox səviyyəli qadındır, anladım ki, o, bu sözü işlədirsə, nəsə baş verib. Mən onun yanında Turalın çığırtısını eşidirdim. Mən Turalın daha öncə də ona qarşı etdiyi pis hərəkətlərdən xəbərdar olduğum üçün dedim ki, telefonu Turala ver. Telefon anidən bağlandı. Mən anında facebookda status yazdım ki, Turalın ev ünvanını axtarıram, polisə zəng vuracam. 
- Bu, nə zaman baş verib? 
- Bu ilin yay aylarında, səhv etmirəmsə. Mən o statusu bilərəkdən yazdım ki, dostları ona zəng etsin və onun Rövşanəyə zərər vermək fikri olsa belə, bundan çəkinsin. Düşündüyüm effektiv oldu. Dostları ona zəng etdilər ki, Aynur səni polisə verəcək, neynəmisən. Bu hadisələr 15-20 dəqiqə ərzində yaşandı. Mən tez əynimi dəyişib, Rövşanənin anasıgilə gedəndə Rövşanə yoldan mənə zəng elədi ki, bəs Tural artıq məni buraxıb, evə gedirəm. Mən də onlara getdim. Gördüm kii, Rövşanənin qollarında, boğazında, üzündə Tural tərəfindən vurulmuş zərbələrin izi var. 
- Davanın səbəbi nə idi?


Rövşanə isə indiki məqamda əlindən gələni etmir, gerçəkləri açıqlamır. Demir ki, onların arasındakı problemlərin səbəbkarı Xədicə deyil”


- Səbəb mənlə bağlı olub. Daha doğrusu, Rövşanəyə deyib ki, sən niyə Aynurla ünsiyyəti kəsmirsən, o, sənin nişanlını saymır, Tiflisə aparmır. Mən o dövrdə Tiflisdə keçiriləcək bir təlim üçün 10 nəfərlik jurnalist qrupu yığırdım, amma onun müraciətinə baxmayaraq, xroniki alkoqolik və məsuliyyətsiz olduğu üçün qrupa əlavə etməmişdim. Nə isə, mən həmin gecə Rövşanənin anası ilə yaşadığı evə getdim. Az keçmədən gördüm Tural da gəlib qapını sındırır. Səsini qaldırır ki, “çıx bayıra, danışaq”. Mən bunu dartıb içəri saldım ki, gəl içəridə danış, qonşulardan ayıbdır, Rövşanə anası ilə tək yaşayan adamdır. Tural sonradan bildirib ki, guya mən ona içəridə təzyiq göstərmişəm. Amma o elə sərxoş idi ki, bütün səhəri gün heç nə xatırlamırdı.  Və həmişə olduğu kimi böhtan atır, adımı hallandırır, onun mənfi keyfiyyətlərini tənqid edənlərin hamısını birdən cəzalandırmaq istəyir.
- Onların arasındakı problemlər sonra da davam elədi? - Əlbəttə.  Hətta bu yaxınlarda o, gözlənilmədən  Rövşanənin çalışdığı ofisə girib, onun üzündən ağır bir zərbə vurmuşdu. Bu qız çox ağır travmalar keçirib. Dəfələrlə Rövşanəni təhdid edib ki, sənin üzünə kislota atacam, sənə pis olacaq. Bu mesajları da Rövşanə öz yaşadığı rayonun polisinə təqdim edib. O yaşda xanım işə anasının və dostlarının müşayiəti ilə gedib gəlmək məcburiyyətində qalmışdı.  
- Bəs bu son dediyi iddia doğrudur? Siz Rövşanə Rəhimliyə “mətbuat konfransı keçir” deyə təklif vermisiz? 
- Bəli, onu etmişəm. Ona demişəm ki, Turalın alkoqol asılılığı ilə bağlı problem yaşaması, sənə qarşı etdiyi fiziki və mənəvi təzyiqlərlə bağlı mətbuata məlumat ver. Amma mən bunu deyəndə Rövşanə çox aqressiv cavab verdi və dedi ki, bunu etməyəcək. Sonradan belə başa düşdüm ki, mən ona zəng edəndə Tural da yanında imiş. Əks halda, Tural bu haqda məlumatı ola bilməzdi. Hər halda, mən bu durumda iki zərərçəkmiş rəfiqəmin arasından ən ağır durumda olanı - Xədicəni seçdim. Rövşanə isə indiki məqamda əlindən gələni etmir, gerçəkləri açıqlamır. Demir ki, onların arasındakı problemlərin səbəbkarı Xədicə deyil. 
- İddialardan biri də odur ki, Turalla nişanlısının münasibətlərinin korlanmasında Xədicənin rolu olub. 
- Cəfəngiyyatdır. Kimin onu sevib-sevməməsindən asılı olmayaraq, etiraf etmək lazımdır ki, Xədicə İsmayıl elə bir nüfuzlu şəxsiyyətdir ki, onu daşıya bilməyən insanlar, Xədicə heç nə etməsə belə, onun adının altında əzilirlər. Tural bütün uğursuzluqlarına görə Xədicəni günahlandırırdı. Münasibətin gərginləşməsində Xədicənin nə rolu ola bilər axı? Bu adamı iki saytdan çıxardıqlarına görə mən özüm danışmışam. Deyiblər ki, işi bacarmadığı üçün çıxarmışıq. Tural heç yerdə işləmirdi, gəlib Rövşanənin evində yaşayırdı. Axırıncı problemləri də ondan yarandı ki, Rövşanə demişdi ki, “bizdə qalma. Anamdan utanıram”. - Bəs bugünlərdə elə Tural tərəfindən yayılan, onun Xədicə İsmayılla söhbətlərinin “screen şotu” nədən xəbər verir? O dialoqlardan ona qarşı istifadə edilə bilər?

- Mən iddia etmək fikrim yoxdur ki, onlar arasında nəsə olub, ya olmayıb. Əgər nəsə münasibətlər olubsa belə, həmin gün bitib. Tural əvvəl deyirdi ki, ailəm yoxdur. Sonra deyib ki, evliyəm, amma ayrılacam. Amma Tural Xədicəni tanıyana qədər bir neçə dəfə boşanmaq üçün müraciət edib. Bunu dəqiqləşdirmək istəyənlər Göyçaydakı əlaqədar qurumdan da öyrənə bilərlər. Onun ailəsində problem olub. Bakıya gəlib, sonra dayısının evində qalıb. Sonra isə daha iki nəfərlə - rəhmətlik İsa Şahmarlı və ictimai sektorda Kaktus adı ilə tanınan xanımla bir evdə qalıb.


Xədicəni ilişdirmək üçün əsas tapa bilmirdilər. Məhz bu cür iyrənc vasitələrlə həbs etmələrinin yeganə səbəbi isə onun nüfuzuna zərbə vurmaq istəyi idi”


- Tural Mustafayev deyir ki, əlimdə səs yazıları, “screen şot”lar, görüntülər var. Münasibətiniz olduğu dönəmlərdə bundan şübhələnirdizmi? 
- Mən əvvəldən ona etibar etmirdim. Xədicəyə də demişdim. Göyçay müxalifətçiləri ilə danışmışdım. Onlar demişdilər ki, Turalın mövqeyində problem var. Amma mən sizə bir sual verim, hesab edək ki, bunlar sevgili olublar. Bir insan agent kimi yerləşdirilməyibsə, sevgilisi ilə danışıqları niyə səs qeydinə alsın axı? Sizcə, bu şübhəli deyilmi?
- Siz Tural barədə şübhələrinizi deyəndə  Xədicə xanımın reaksiyası necə olub? - Xədicə özü insanları hər zaman seçən olub. Bundan başqa, düşən insanın yanında olub hər zaman. Dəstək olub ona. Tural da düşmüş insan kimi görünüb, bizim çevrənin mərhəmətindən istifadə edib. Onu ilk gündən Xədicənin yanına məqsədli şəkildə yerləşdiriblər. Bu adam israrla bizim yanımızda olub. Biz hara getmişiksə, zəng edib ki, mən də gəlirəm ora. Bizlə yeyirdi, gəzirdi, nərd oynayırdıq. 10-15 nəfər yığılırdıq hamımız, o da gəlirdi. 
- Tural hər iki tərəfdən saçı yığılmış o əcaib fotosunun yayılmasında sizi ittiham edir. Nədir o şəklin hekayəsi, niyə çəkilib? 

- Şəkili həqiqətən də mən yaymışam  və  o şəkli mənə Tural göndərib. Şəkli paylaşmaqda məqsədim onun nə xarakterdə, nə ağılda olduğunu hamıya göstərmək olub.  Bu ictimai sektorda hamı onu tanıyır. Onlarla adam Turalla eyni məclisdə olub. Hamı bilir ki, o, məclisdə özünü idarə edə bilmir, yeyib-içir, amma hesab ödəmir. İşləyən deyil. ANS-dən də çıxarılmasına, İVPR-dən getməsinə Xədicə səbəb deyildi? O zamanlar heç Xədicə ilə tanış deyildilər. 
- Turalın atası deyir ki, Xədicə onun oğluna qəyyumluq edib. Məsələn, AzadlıqRadiosunda, "Meydan TV"də işə düzəlməsində Xədicənin rolu olub? 
- Xədicə onunla o, AzadlıqRadiosunda işləməyə başlayandan sonra tanış olub, onu ora Xədicə işə düzəltməyib. Radiodan çıxanda isə Xədicə də, dostları da ondan “iş tap, sonra çıx” deyə xahiş etmişdilər. "Meydan TV"yə isə müsabiqə əsasında qəbul olunub, cəmi bir videooperator yerinə bir ərizə verilib, o da Turalınkı. Seçim yox idi, o götürüldü. Oradan necə çıxarılmasını isə Emin Milli açıqlayıb. 
- Tural Mustafayevdən başqa nə cür istifadə edilmiş ola bilər? Evinizə kamera yerləşdirməsi, səsinizin yazılması.... bunlar mümkündürmü? 
- Hər şey mümkündür. Amma Tural etdiyini artıq ortaya qoydu. Bilirsiz, o evə çox insan gəlirdi. Xədicənin, bizim dostlarımız orda otururdu. Biz orda həm də işləyirdik, bütün araşdırmaçı jurnalistlər bir yerə yığışıb yazılar hazırlayırdıq. Xədicə onlarla, yüzlərlə faktlar üzə çıxarmış jurnalistdir, korrupsiya araşdırması ilə bağlı onlarla jurnalist yetişdirib. Xədicə Azərbaycanda vicdan etalonuna çevrilib. Özü heç kimlə əməkdaşlıq etməyib, sövdələşməyə getməyib. Ona görə də hamıdan bunu tələb edib. Onu ilişdirmək üçün əsas tapa bilmirdilər. Məhz bu cür iyrənc vasitələrlə həbs etmələrinin yeganə səbəbi isə onun nüfuzuna zərbə vurmaq istəyi idi. Hətta dindarlar onu təhdid edəndə nardaranlı ağsaqqallar onu müdafiə etmişdilər. Nüfuzu bu qədər güclü idi. Belə şər-böhtanla ona heç nə edə bilməzlər. Bu günə qədər Xədicə ancaq araşdırmaçı jurnalist idisə, bundan sonra o, qəhrəmana çevrildi./musavat/

1421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19<