Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Məmurlar arasında kaset təlaşı

İş dünyasında və iqtidarda kompromat savaşının yeni mərhələsi

Əllərində yüksək vəzifəlilərin, onların ətrafının, siyasətçilərin, deputatların və iş adamlarının gizli görüntüləri olan qruplar öz “qəhrəmanlarına” şifrəli mesajlar göndərirlər; gələn ilin əvvəlində gözlənilən mümkün kadr islahatları üçün bu videolar olduqca qiymətli “sənət əsəri” sayılır...

Azərbaycanda bir sıra yüksək vəzifəli məmurlar, onların ətrafı və iş adamları ilə bağlı yeni qalmaqallı videolar yayıla bilər. Bu barədə əldə etdiyimiz məlumatda bildirilir ki, hazırda bəzi vəzifəli məmurlara bağlı, heyəti olduqca dar dairəni əhatə edən bir qrupun əlində yksək vəzifəli şəxslər, onların yaxın çevrələri, siyasətçilər, deputatlar, iş adamları və digər şəxslərin özəl həyatı, iş görüşmələri, apardıqları danışıqlar, anlaşmalar haqda xeyli video kasetlər var.



Müxbirimizə bu görüntülərin əsasən ölkədəki məşhur istirahət və əyləncə mərkəzlərində, bahalı restoranlarda, eləcə də bir sıra məmurların özləri üçün düzəltdikləri çox az adamın bildiyi qapalı məkanlarda qeydə alındığı bəlli olub. Ən müxtəlif vəziyyətlərdə və şəraitlərdə görüntülənən şəxslərin sırasının xeyli geniş olduğu və  görüntülərdən hər hansı biri ictimailəşərsə, bunun böyük qalmaqallara yol açacağı da verilən məlumatda iddia olunur. Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, bəzi xarici ölkələrdə də çəkilən bu videoların əsas “qəhrəmanları” kişi məmurlar, siyasətçilər, iş adamları olsalar da, onların partnyorları qismində bəzi  tanınan xanımların da görüntüləndiyi iddia edilir. 


O da qeyd edilir ki, vəzifə səlahiyyətlərinə görə bu cür görüntüləri kameraların yaddaşların köçürmək imkanına malik qrupun təmsilçiləri əvvəlcə bu işləri “dövlət sifarişi” ilə xeyli lokal masştabda aparıblar. Ancaq sonradan onlarda məşhur şəxslər haqda ciddi kompromatlar toplamaq marağı oyandığından və bunun həm də gələcəkdə onların işinə yarayacağını nəzərə alaraq, “özfəaliyyətlə” məşğul olmağa başlayıblar.  Bir neçə illik bu fəaliyyət nəticəsində əldə xeyli material toplanıb və həmin görüntülərin, səs yazılarının bir çox tanınmış cəmiyyət simaları üçün həyati əhəmiyyət daşıdığı bildirilir.

Görüntüləri qeydə alınan məmurların bir çoxu əvvəllər bundan şübhələnsələr və hansısa bir qrup tərəfindən fəaliyyət trayektoriyalarının izləndiyini güman etsələr də, məsələnin bu dərəcədə ciddi olacağından və demək olar ki, cəmiyyətdən gizlətməyə çalışdıqları bütün addımlarının qeydə alınmasından xəbərdar olmayıblar. 

Ancaq son zamanlar ən müxtəlif istiqamətlərdən kimlərinsə əlində bu cür görüntülərin olmasına dair şifrəli mesajlar alıblar. Həmin mesajlardan bütün həyat və iş gizlinlərinin  görüntüləndiyi onlara məlum olduğundan, fakt qarşısında qalıblar. Xüsusən də bu həmin məmurlardır ki,  onların əlində görüntüləri olduğu qrupun zəiflədilməsində və məyyən qədər vurulmasında rolları olub.  Vurulan tərəf isə onlara ünvanladığı mesajlarla hər an amansız qisas ala biləcəyinə işarə verir. 


Bu barədə kifayət qədər məlumatlı olan dairələr bunu həm də iş və iqtidar çevrələrində böyük kompromat savaşının yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər. Onların sözlərinə görə, görüntüləri qeyd edilən bir sıra şəxslərə verilən ilkin mesajlar bir sıra məmurlar arasında ciddi təlaş yaradıb və şok effekti doğurub.  Çünki onlar bilirlər ki, belə videolar varsa, onların nə zamansa yayılması ehtimalı da var. Hətta böyük mənada ictimaiyyət üçün tirajlanmasa da, hakimiyyət daxilində müəyyən dairələrə ötürülə bilər və bu da bir sıra şəxslərin birdəfəlik bitirilməsi ilə nəticələnər. Ona görə də, bu məsələdən çox narahat olan məmurlar vəziyyətdən çıxış yolu axtarır və əlində ciddi kompromatlar olan tərəflərlə dil tapmağa çalışırlar.

Ancaq məlumatda bildirilir ki, bu cür qorxu altında yaşayan məmurlara verilən mesajlar kifayət qədər şifrəli olduğundan onlar bu kompromotların konkret olaraq hansı əllərdə olduğunu dəqiqliyi ilə bilmirlər. Həmin məmurların buna dair yalnız gümanları və ehtimalları var. Amma bəziləri isə daşın onlara haradan atıldığını təxminən müəyyən ediblər və bu proseslərin onları yolun sonuna gətirdiyini düşünürlər.  Buna görə də şübhələndikləri dairələrə qarşı həm də əks hücum taktikasına keçərək, bəzi media quruluşlarına,  hər hansı informasiyanı tirajlamaq imkanına malik olan dairələrə həmin şəxslərlə bağlı bir növ cavab xarakterli kompromatlar ötürürlər.

Bu videogörüntülər və kompromat məsələsinin niyə indi gündəmə gətirilməsi səbəbləri barədə də mənbələrimizin maraqlı fikirləri var.


Onların dediyinə görə, gələn ilin əvvəlində, yaxud ortalarında hakimiyyət daxilində böyük dəyişikliklərin olacağı gözlənilir. Bu proses çərçivəsində bir sıra məmurların və hakimiyyətdəki qrupların sıradan çıxması, yaxud başqalarını sıradan çıxararaq daha da güclənməsi baş verə bilər.  Bu baxımdan bir sıra məmurlarla bağlı kompromatların mümkün dəyişiklik məqamında onların taleyinin müəyyənləşməsində əhəmiyyətli rol oynayacağı şübhəsizdi.  Buna görə də haqqında bizə müəyyən bilgilər verilən kompromatlar indi hakimiyyətdəki bir sıra qruplar və onlara bağlı nəhəng layihələrin başında duran şəxslər üçün ən qiymətli “sənət əsəri” sayılır. 

Əlində kompromotlar olan tərəfin isə bundan hansı formada istifadə edəcəyi, kimlərin qaranlıq əməllərinin “ekran işığı”na çıxacağı isə çox güman ki, bir müddət sonra bilinəcək.
Qeyd edək ki, məşhur şəxslərin gizli görüntülənməsi ənənəsinin Azərbaycanda yaranma tarixi o qədər dərin olmasa da, gələn məlumatlar göstərir ki, ölkədə bu işlə məşğul olan qruplar başqa ölkələrdəki “həmkarları”ndan da irəli gediblər. Buna görə də, insanların təhlükəsizliyi məqsədilə Azərbaycanda həyata keçirilən “təhlükəsiz şəhər”, “təhlükəsiz ölkə” kimi layihələrin nəticələrindən fərqli olaraq ayrı-ayrı qrupların “təhlükəsizlik kameraları” Bakını və bütünlükdə Azərbaycanı bir çox şəxslər üçün təhlükəli şəhərə və təhlükəli ölkəyə çevirib. Çünki hər an hər yerdə və hər bir vəziyyətdə onların “Çəkirəm a... kameraları”na yaxalanması mümkündü.

Yazdığımız kimi, Azərbaycanda gizli görüntüləmənin tarixi uzaqlara gedib çıxmasa da, indi bu, ölkədə çox populyar bir şantaj üsuluna çevrilib. ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı rüşvət videoları ilə bağlı başlayan proseslərdən sonra isə bu vasitə daha da populyar olub. Bir çoxları üçün bu, az qala özünü qoruma instinktinə, bəziləri üçünsə kompromat toplamaq və şantaj vasitəsinə çevrilib. 

Bu məsələlərlə bağlı əlimizə yeni bilgilər yetişdikcə, onları oxucularımızla bölüşəcəyik./musavat/
1807 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber