Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

Müsəlmanların birliyi naminə yeni hərəkatın yaradılmasını düşünürük

Həbsdə olan ilahiyyatçı Taleh Bağırov “Media forum” saytının suallarını cavablandırıb.

Taleh Bağırov ötən il martın 31-də tutulub. Sabunçu Rayon Məhkəməsi onu qanunsuz narkotik vasitə saxlamada təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Taleh Bağırov Bakı İstintaq Təcridxanasında saxlanır.

- Həbsinizdən bir ildən çox vaxt ötür. Həbsxana həyatı necə keçir?

- Bu gün Azərbaycanda diktatura hökm sürdüyünə görə ölkə özü böyük bir həbsxanadır. Sadəcə biz kiçik, siz isə böyük həbsxanadasınız. Ötən bir ilin Allahın lütfü ilə necə keçdiyini hiss etməmişəm. Özümə görə heç vaxt narahat olmamışam, narahatlığım xalqa qarşı yönələn haqsızlıqlara görədir.

- Məhkəmə işləriniz də bitməyib. Siz ifadələrinizdə günahsız yerə həbs olunduğunuzu bildirirsiniz. Məhkəmələrdən xeyrinizə bir addım gözləyirsinizmi?

- Dəfələrlə demişəm, Azərbaycanda müstəqil məhkəmə yoxdur. Buna heç kəs şübhə etmir. Ona görə hər hansı ədalət gözləmək mənasızdır.

- Həbsxana şəraiti necədir, sizi narahat edən hallar varmı? Ölkədəki ictimai-siyasi, dini durum haqqında davamlı məlumat ala bilirsinizmi? Təcridxanaya qəzet gəlirmi hər gün, istifadə etmək imkanlarınız varmı?

- Cinayət törədənlərdən fərqli olaraq bura bizim üçün istirahət mərkəzidir. Ölkədə gedən prosesləri mümkün qədər yaxından izləyə bilirəm, gündəlik qəzetlər alıram. Rejimin son vaxtlar qadınlara qarşı zorakı hərəkətlərdən çəkinməməsi, onları haqsız olaraq zindanlara salması narahatlıq yaradır. Xüsusilə Azərbaycanın fədakar qadın simvolu Leyla Yunusa qarşı edilənlər bir daha rejimin özü üçün qırmızı xətt qoymadığını, hakimiyyətini qorumaq üçün istənilən həddə enməyə hazır olduğunu göstərir. Düşünürəm ki, Leyla Yunus zalımlara qarşı mübarizədə, insan haqlarının qorunmasında sərt repressiv maşın qarşısında əyilməzliyi ilə nəinki qadınlara, bütün insanlara nümunədir. “Nida”çılara çıxarılan qanunsuz hökmə etiraz edənlərin, o cümlədən Kəmalə Bənənyarlının həbs olunması mübarizə əzmini sındıran deyil.

- Ətrafınızda tutulan dindarlar çoxdurmu? Onlara münasibət necədir, normal ibadət üçün şərait varmı?

- Həbsxanada dindarların sayı indiki qədər çox olmayıb. Son illər Mövsüm Səmədov, Abgül Süleymanov kimi aparıcı ruhanilərin zindana salınması həbsxanada dindarların sayının artmasına səbəb olub. Rejim özü hiss etmədən zindanları mədrəsəyə çevirib. Hətta bəzi zindan işçiləri özləri də islah olunur.

- Son zamanlar ölkədə nurçu cərəyanının tərəfdarlarına qarşı reydlər keçirilir. Hətta yüksək vəzifəli şəxslərin bu məsələlərdə adları hallanır. Nurçuların fəaliyyəti ölkədə hər hansı problemlərə yol açırmı, sizcə? Onlara sərgilənən münasibət zərurətdən irəli gəlirmi?

- Demokratik ölkələrdə din, vicdan azadlığı təmin olunur. Azərbaycanda isə belə azadlıqlar kağız üzərindədir. Ölkədə keçirilən “nurçu əməliyyatı”nın dinə heç bir aidiyyəti yoxdur, bu, siyasi alət kimi istifadə olunur. Prosesin Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın gəlişindən sonra geniş vüsət alması onun göstərir ki, Azərbaycan iqtidarı xalqın iradəsi ilə seçilmədiyindən kənar qüvvələrin təsiri altındadır. Bir sözlə, siyasi arenada nurçu və zülmətçi üz-üzədir.

- Sizcə, ölkədə radikal dini təriqətlər fəaliyyət göstərirmi? Əgər belədirsə, bu fəaliyyət hansı təhlükələrə zəmin yaradır? Kimləri radikal dindar hesab edirsiniz?

- Ümumiyyətlə, Azərbaycanda dini tolerantlıq xalqımızın əsrlər boyu ruhuna hopmuş dəyərdir. Bunun hakimiyyətə heç bir dəxli yoxdur, heç öyünməsinlər də. Əksinə, hakimiyyətin dinə yanaşması mərasim zalları, qəbiristanlıqdan o tərəfə keçmir. Hakimiyyət islamın ruhunu olduğu kimi təbliğ edən, haqsızlığa qarşı etiraza qalxan ilahiyyatçıları, inanclıları zindanlara salmaqla Azərbaycanda islamı bu səviyyədə də saxlamaq istəyir. Bu yolla cəmiyyətdə boşluq yaranıb. Bundan istifadə edən xarici qüvvələr, təbii ki, bu boşluğu öz istədiyi kimi doldurmağa çalışır. Torpaqlarımız işğal altında ola-ola bəzi radikal qrupların xaricə axını, özü də məhz müsəlmanlara qarşı vəhşilik törətməsi hakimiyyətin yaratdığı bu boşluğun nəticəsidir. Bunun məsuliyyəti də onların üzərinə düşür.

- Siz əfv üçün müraciət edəcəksinizmi? Azadlığa çıxandan sonra nə planlaşdırırsınız?

- Əfv üçün cinayət törədən müraciət edər. Bu gün bizə qarşı cinayət törədilib. Əgər son zamanlar zindandakılara müxtəlif təsirlərlə, yalançı vədlərlə yazdırılan əfv ərizələrini nəzərdə tutursunuzsa, ölümlə onun arasında qalsam, düşünmədən ölümü seçərəm. Allahın izni ilə azadlığa çıxandan sonra fəaliyyətimi davam etdirəcəm. Müsəlmanların birliyi naminə yeni hərəkatın yaradılmasını düşünürük.

1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16,