Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Qəzet qadağası Bakıda yüzlərlə insanı işsiz qoyub

“Kitab, qəzet, jurnal narkotik deyil ki, satışı yasaqlansın...”
Son günlər qəzet yayımına qarşı yaradılan əngəllər bu sahə üzrə çalışan yüzlərlə insanı işsiz qoyub. Metrolarda fəaliyyət göstərən piştaxtalarda qəzet satışına olan qadağalar satıcıların obyektlərini bağlayıb çıxması ilə nəticələnib.
Qeyd edək ki, qəzet satışına qadağa təkcə metro keçidlərində deyil, eyni zamanda “Qasid” firmasına məxsus köşklərdə də həyata keçirilir. Sözügedən firma “Yeni Müsavat”, “Azadlıq” və “Bizim Yol” kimi müxalifyönümlü mətbu orqanların satışından imtina edib. Şəhərdə çox az sayda “Qasid” firmasına məxsus köşklərdən bir neçəsinə baş çəkib, vəziyyətlə maraqlandıq.

Satıcı Hüseyn Məmmədovun sözlərinə görə, çalışdığı “Qasid” firmasına məxsus köşk yaxın günlərdə birdəfəlik bağlanacaq. Onun sözlərinə görə, firma qəzetlərə olan borcu ödəmədiyindən fəaliyyətsiz bir firmaya çevrilib: “Köşkün qazanc yeri əsasən qəzet və jurnallar idi. Elə gün olurdu ki, 20 ”Yeni Müsavat", 15 “Azadlıq” qəzeti satırdıq. Oxucular da öyrəşmişdi. Nə vaxt istəsələr gəlib qəzet alırdılar. Artıq bir aydan çoxdur qəzet götürə bilmirik. Ancaq xırdavat məhsullar satırıq. Ötən gün firmadan gəlib dedilər ki, bir-iki günə köşkü götürəcəklər".

Bir başqa qəzet satıcısı isə bildirdi ki, qəzetlərə olan qadağa onlara həddindən çox ziyan vurub: “Alıcı köşkə gələndə təkcə qəzet almır. Qəzetə görə gəlir, amma ona lazım olan hansısa başqa xırdavat şeyi alanda bizə də xeyir gəlir. Alıcı aylar öncəsindən bilir ki, artıq qəzet götürmürük. Gedib qəzetini başqa yerdən alır. Artıq metrolarda da qəzetlərə qadağa qoyuldu. Tanıdığımız insanların çoxu bu dəqiqə işsizdir. Başa düşə bilmirik, hökumət nəyə görə çap mediasına qarşı bu cür dözümsüzlük göstərir? Kitab, qəzet, jurnal narkotik maddə deyil ki, satışına qadağa qoyurlar”.

Yeni köşklərdən qəzet alan oxucularını məmnun deyillər. Ramal adlı paytaxt sakininin sözlərinə görə, metro stansiyalarda qəzet satışına qadağa qoyulduğu üçünü qəzetini yeni köşklərdə axtarır: “Yeni köşklərin satıcıları ürəkləri nə zaman istəyir onda da açırlar. Qəzeti əsasən səhərlər alırlar. Bunlar isə səhərlər obyekti bağlayıb yatırlar. Özü də deyəsən ”Yeni Müsavat", “Azadlıq” kimi müxalif qəzetlərdən çox az sayda götürürlər. Nə vaxt gedirsən qəzet olmur. Vitrinə qoymaq üçün bir-iki qəzet götürürlər, vəssalam. Ötən gün gördüm qəzetlər abunə marafonu keçirir. Sabahdan mən də abunə yazılacağam".
Qeyd edək ki, paytaxtda ötən ildən bəri quraşdırılan yeni qəzet köşklərində (“Press-kiosk”) hər zaman qəzet problemi olub. “Qasid” yayım firmasından sonra “Qaya” da həmin köşklərə qəzet verməkdən imtina edib. Səbəb isə köşklərin firmaya xeyli miqdarda borcunun yaranmasıdır. Köşklərin satdığı qəzetin pulunu “Qaya”ya verməməsi iki firma arasında anlaşılmazlıq yaradıb və nəticədə köşklər yenə qəzetsiz qalıb.

Yayıma olan qadağalardan ən böyük ziyan görən isə qəzetlərdir. Bir neçə gün öncə yaranmış problemlə bağlı “Yeni Müsavat” və “Azadlıq” qəzeti çapını dayandırmağa məcbur olmuşdu. Daha sonra qəzetlər vəziyyətdən müvəqqəti çıxmaq üçün abunə marafonu keçirdilər. Hər iki qəzet rəhbərliyi bildirdi ki, abunə yazılımı ilə problemlər həll olunmur və qəzetlər birdəfəlik bağlanmağa doğru gedir./musavat/
1978 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44