Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2014

Ölkəni hara aparırsız?

Hakimiyyət yalnız kölələrdən ibarət cəmiyyət yaratmaq istəyir

Bu gün əminliklə demək olar ki, avtoritar ölkələr içərisində ən iyrənc, ən qanunsuz, ən qeyri-ənənəvi addımlar Azərbaycanda baş verir. Bir çox hadisələr baş verir ki, dünyanın sivil ölkələrində sensasiya, “şok” kimi qəbul olunur. Azərbaycanın adı, təəssüflər olsun ki, bütün beynəlxalq hesabatlarda ən pis yerlərdə dayanır. Hakimiyyət ölkənin bütün maddi sərvətlərini mənimsəməklə kifayətlənməyərək, ölkənin mənəvi sərvətlərini da sıradan çıxarmaq qərarı verib.

Təbii ki, bu, mənəvi sərvət, insan amili ilə bağlıdır. YAP hakimiyyətinin yarandığı gündən etibarən ölkənin həqiqi ziyalıları, sənət adamları, istedad sahibləri bu və ya başqa səbəbdən sıradan çıxdılar. Ya hakimiyyət bu adamları birbaşa zərərsizləşdirdi, ya da bu adamların səhnədən çıxması üçün dolayı siyasət həyata keçirildi.

Son dövrlər isə hakimiyyətin bütün siyasi xətti vətəndaş cəmiyyətini, siyasi müxalifətin tamamən sıradan çıxarılması üzərində qurulub.

Əvvəlcə, tənqidi medianı hədəf seçdilər və prinsipial mövqedən çıxış edən bütün informasiya resursları darmadağın edildi. Jurnalistin döyülməsi, bıçaqlanması, həbs olunması, hətta öldürülməsi də baş verdi. Beləliklə, prinsipial medianın yerini, hakimiyətin yaratdığı oyuncaq media əvəz etdi. Bu gün müstəqil, prinsipial media orqanları barmaq sayı qədər də qalmayıb. Bu tək-tük mətbuat nümunələri isə təqiblər, təzyiqlər hesabına çökdürülür.

Amma medianın sıradan çıxarılması da hakimiyyətin “köləlik inkişafdır” şüarını tam əhatə edə bilmədi. Növbəti həmlə QHT sektoru və bu sektorun hərəkətverici qüvvəsi olan vətəndaş cəmiyyəti nümayəndələri oldu. Artıq dünya çapında özünə yer tutmuş Intiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, Anar Məmmədli kimi hüquq müdafiəçiləri qondarma ittihamlarla həbs olunub, digər müstəqil QHT-lərin fəaliyyəti dondurulub. Demək olar ki, hazırda QHT adına fəaliyyət göstərən institutlar hökumətin yaratdığı “təbliğat maşını”dır. Bu “maşın”lar vicdanlı insanları gözdən salmaq, hakimiyyətin iyrənc siyasətinə haqq qazandırmaq və dünyanın müxtəlif yerlərində hakimiyyətə mədhiyyələr söyləməklə məşğul olurlar.

Amma bu da son olmadı, uzun illər ərzində hakimiyyətə qarşı dirəniş göstərən müxalifət bütün resurslardan məhrum edildi. Hazırda meydanda qalan yeganə siyasi partiya AXCP-dir ki, bu partiyanın da rəhbərliyi həbs olunub, qərargahı partladılıb, partiya sədrinə posport verilmir, cəbhəçilərin yaxınları ağır cəzalara məruz qalır və s.

Bütün bu basqıların yekunu kimi isə vəkilləri sıradan çıxarmaq gündəmə gəldi. Artıq hakimiyyət şərləyərək həbs etdiyi insanları hüquqi baxımdan müdafiəsiz qoymaq siyasəti yeridir və müxtəlif bəhanələrlə vəkillərin fəaliyyətinə xitam verilir. Məsələn, Leyla Yunusun vəkilləri prosesdən kənarlaşdırıldı, siyasi proseslərə qatılan digər vəkillər komandası cinayət işlərinə çıxmaqdan məhrum edildi. Ötən gün isə şərlənərək həbs olunmuş Xədicə Ismayılın və digər siyasi məhbusların vəkili kimi çıxış edən Xalid Bağırovun cinayət işlərinə çıxması yasaqlandı, Bəhruz Bayramov isə Vəkillər Kollegiyasından azad edildi.

Məqsəd budur ki, həbs olunmuş insanların müdafiəsi həyata keçirilməsin və hakimiyətin iyrənc siyasəti dünya və yerli ictimaiyyətdən gizlədilsin. Yəni uzun illərdi öldürülmüş hüququn ardınca, hüquqşünasların da “ölüm”ünə start verildi.

Göründüyü kimi, dünyanın demokratikləşdiyi, diktaturaların çökdüyü bir reallıqda Azərbaycan hakimiyyəti daha çox qazanmaq və kürsünü qorumaq haqda düşünür.

Bir sözlə, Azərbaycan hakimiyyəti ölkəni keçmişin ən qaranlıq küncünə itələyir və vətəndaşdan “sadiq kölə” düzəltmək istəyir. Bunların düşüncəsinə görə, ən yaxşı vətəndaş, şərə baş əyən vətəndaşdır. Belə bir cəmiyyət yaratmaq üçün cəmiyyətin düşünən beyinlərini, yazan əllərini, barışmaz fərdlərini məhv etmək lazımdır.

Bu iyrənc prosesdə “konstruktiv heyət” üçün də ibrət dərsləri var. Bu adamlar dərk etməlidilər ki, hakimiyyət “kölələr xoru” yaradandan sonra, onlara ehtiyacı olmayacaq. Yəni düşərgəsini dəyişənlər, “cib müxalifəti” rolunu oynayanlar adamlar vaxtı ötmüş məhsul kimi atılacaqlar. Belə “xidmətçi”lər yalnız indiki mərhələdə lazımlı ola bilərlər. Kölələr izdihamının içində “boyalı kölə”yə ehtiyac qalmır.

Hakimiyyət öz şəxsi maraqları üçün ölkəni cəhənnəmə sürükləyir. Yuxarıda qeyd etdiyimiz kimi, “dünyada cənnət də var” deyə bilən adamları da məhv edirlər./azadlıq/
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber