Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

Evi uçurulan ailə küçələrdə gecələyir

“İki ildir küçələrdəyik. Ayağımıza sellofan torba bağlayıb gəzirik. İki azyaşlı övladım böyrək, ciyər xəstəliklərinə tutulub. Həyat yoldaşımın vəziyyəti ağırdır".

Bunu "Azadlıq" radiosunun "Qaynar xətt"inə zəng vuran Həsən Səfərov deyib.

H.Səfərov iki il əvvələ qədər Sulutəpədə yaşadıqlarını deyir. Onun sözlərinə görə, bir gün işdə olarkən ona zəng vurublar ki, evini sökürlər. Özünü hadisə yerinə çatdıranadək görüb ki, ev yerində yoxdur: "Mən fəhləyəm. Bir məmurun həyətində çarhovuz tikirdik. Zəng gəldi, əlimdəki işimi atıb qaçdım. Gec idi..."

Ev sökülüb, əşyalar çıxarılmadan... Həsən Səfərova yalnız o qalıb ki, iki azyaşlı uşağının və həyat yoldaşının başına çarə qalsın. Amma iki ildən çoxdur ki, bu çarəni tapa bilmir.

Deyir ki, torpağı Xocəsən bələdiyyəsindən alıb. İki yerdə fəhləlik edib, yarıac-yarıtox qarınla iki otaq tikib, yarıtəmirli vəziyyətə gətirib içinə köçüb. Amma evdə heç iki ay yaşaya bilməyib.

"Qışdır, küçələrdəyik. Telefonumuz da yoxdur, küçədən zəng vurmuşam... Donuruq... İlk vaxtlar qohumların evində qaldıq, daha onlar da saxlamır" - deyə H.Səfərov bildirib.

Həsən Səfərovu indi heç bir tikinti yerinə də yaxın buraxmırlar: "Elə vəziyyətdəyəm ki... Aylarla çimmirik. Hara gedirəmsə, içəri buraxmırlar. Deyirlər, bizdə bomjlara yer yoxdur".

Dövlət Neft Şirkəti isə bildirir ki, Sulutəpədəki torpaqlar neft torpaqları, sökülən evlər isə qanunsuz tikililərdir. Şirkət hesab edir ki, adamlar yerli bələdiyyədən aldıqları saxta sənədlər əsasında şirkətə məxsus torpaqları zəbt ediblər. Evlərin çoxu məhkəmə qərarı olmadan sökülür.

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, mülk məhkəmə qərarı olmadan sökülə bilməz. Hətta məhkəmə qərarı olsa belə ərazidəki söküntü işlərində yalnız icra məmurları iştirak edə bilərlər. Məhkəmə qərarının icrası çətinləşsə, icra məmurları icra yerinə polis də dəvət edə bilərlər ki, icra prosesində asayişi qorusun.
1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...