Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

Tərif Şurası

Bu yaxınlarda Ramiz Mehdiyev icra başçılarını yığmışdı aparata, onlara mükafat verirdi. Guya yaxşı işləyirmişlər. Birinə medal, o birinə diplom, ayrısına villa, dördüncüsünə təzə katibə... Zarafat edirəm, bizdə dövlət qulluğunda fərqlənənlər üçün belə ödüllər yoxdur. Ancaq quru medal-zad verilir.

İki-üç gün qabaq isə Gəncədə camaat üsyana qalxıb həmin icra başçılarından birinin qulağını dartmışdır. Xəbərə görə başçını daşqalaq ediblər. Eynilə zinakarlıq edənlərin cəzalanması üsulundakı fason. Əlbəttə, bizim icra başçıları zinakar deyil. Bəs niyə o zaman daşqalaq edilirlər? Elə bilirsiniz mən sizə bunun səbəbini yazacağam? Ay-hay... Ölmüşdü Xankişi, qoburu əldən verə... Hər şeyi yazmaq dövrü geridə qaldı, indi ucundan-qulağından yazmaq erasıdır. Bir neçə hər şeyi yazan var idi, indi Kürdəxanı zindanında apelyasiya ərizəsi yazırlar.

Həm də guya hər şeyi bilmək xalqın nəyinə lazımdır? Yenə bu xalq bilmədən oturub yerində, başqa xalq gəlsə guya yaxşı olacaq?

Uzun sözün qısası, hörmətli oxucularımızdan Vasif Həsənovun bir səmərələşdirici təklifi vardır - sovet dövründə belə təklif irəli sürənlərə Lenin mükafatından, Sosialist Əməyi Qəhrəmanı adından-zaddan bir şey verirdilər, indi hökumətin qanacağı nəyə çatacaq, onu da bilmirəm. Məktubu oxuyaq: “Bildiyiniz kimi hər ilin sonu və növbəti ilin əvvəli bir qrup yüksək ranqlı (burda qeyd edim ki, ”yüksək ranqlı" ifadəsini mən həmişə çaşıb “yüksəkdən anqıran” kimi oxuyuram, indi də gözümə elə göründü - Z.H.) məmur “Tarif Şurası” adlı qurumda bir araya gələrək əhalinin dolanışığı üçün önəmli olan məsələlərdə (elektrik, benzin, su, qaz) qiymətləri qaldırır, o qədər əhəmiyyət daşımayan xidmətlərdə isə (internet, poçt, telefon) qiymətləri endirirlər. İndi ilin sonudur, hazırda dünya bazarında neftin qiymətinin kəlləmayallaq aşağı düşməsi həmin qurumun məşvərətini əvvəlki illərdən daha çox zəruri edir. Yəni, məntiqlə və bazarın tələbi ilə Şura növbəti toplantısında dəvənin belinə qaldırdığı qiymətləri endirməlidir.

Ümumiyyətlə, təklif edirəm ölkəmizdəki bütün nazirlik və komitələr ləğv olunsun, Oruellin məşhur romanındakı kimi, yalnız 2 nazirlik yaradılsın: Tərif və Təhrif Nazirlikləri. Onsuz da ölkəmizin son illərdəki kosmik nailiyyətləri (analoqu olmayan inkişaf, regionun lider dövləti, ən uca bayraq, Ginnesin rekordlar kitabı və sairə) yalnız bu iki istiqamət üzrə müəyyən olunur".

Doğrudan da yaxşı təkliflərdir. İlk növbədə, oxucu haqlı olaraq qiymətlərə yenidən baxmağı tələb edir. Neft ucuzlaşıbsa, biz niyə benzini köhnə qiymətlə almalıyıq? Hökumət bunu izah edə bilərmi? Artur müəllim qış yuxusuna getməmiş zəhmətkeşlərin bu sualına cavab versin.

İkincisi, nazirliklərin ixtisarı da olduqca vacibdir. İsveçrə kimi inkişaf eləmiş dövlətdə cəmi 9 nazirlik var, bizim geridəqalmış anarxist-millətçi-feodal-oliqarxik-oliqofren dövlətciyimizin 99 nazirliyi, 199 dövlət komitəsi, bu idarələrdə sülənən yüz minlərlə müftəxor məmuru vardır. Nəyə görə uca millətimiz, sevgili xalqımız bunları yemləməlidir? Onsuz heç bir işə yaramırlar, hər yeri cənab prezident təkcanına tikir, qurur, yaradır, böyüdür, ucaldır, qaldırır, yüksəldir!

Hətta deyərdim oxucu da nazirliklərin sayını çox saxlayıb, bizə cəmi bir nazirlik bəsdir: Tərif Nazirliyi. Vəssalam. Otur, sutka boyu təriflə. Televizor bəs eləmir, tozsoranla təriflə. Müəllim və həkim danışıb yorulub, ağsaqqal və aşbirçəkləri işə sal. Onların da batareykası sönəndə məktəbliləri toka tax. Tərif bir an dayanmasın gərək.

İndi söz neftin qiymətindədir. Düş qadan alım, bir az da düş... Daha çox şpaqat videolarına baxmaq istəyirik.

Zamin Hacı/musavat
1215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...