Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

Müharibə veteranı təqaüdünü ala bilmir

Üçotaqlı uçuq-sökük daxma, doqquz nəfərlik ailə və yoxsulluq...

50 yaşlı Maarif Həsənov Qarabağ müharibəsində əlil olub. Ancaq, dediyinə görə, müharibə əlili kimi təqaüd ala bilmir. Əslən Gədəbəy rayonundan olan, hazırda Gəncədə yaşayan Kazımovlar ailəsinin 6 ildən çoxdur tək stabil gəliri Maarifin həyat yoldaşının xəstəliyə görə aldığı 60 manatlıq təqaüddür. Bundan başqa, ailə mövsümi olaraq əkib-becərdiyi kartofun satışından cüzi gəlir əldə edir, vəssalam.

“Dörd ilə yaxın hərbidə qulluq etmişəm, müharibənin ən qızğın çağında. Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığımı itirmişəm. Amma indi veteran olduğumu sübut eləməliyəmmiş...”

Maarif Həsənov bildirir ki, 1992-ci ildə Kəlbəcər rayonunun müdafiəsi üçün Murovdağda döyüşüb, Gədəbəyin Şınıx bölgəsində Başkənd əməliyyatında iştirak edib. Həmin döyüş vaxtı qumbaraatanın partlaması nəticəsində diz qapağından ağır yaralanıb.

“Dizimdə hələ də qəlpələr qalıb, yeriyəndə axsayıram. Həmin vaxt məni hospitala yerləşdirdilər. Artıq sağlamlıq durumum hərbiyə yararlı olmadığı üçün ordudan tərxis elədilər məni. Amma mənəvi əziyyət çəkirdim. Həmin vaxt vəziyyət pis idi. Dostların ağır xəbərlərini eşidirdim. Kənarda qala bilmədim. Yenidən öz xahişimlə orduya qayıtdım, 7 ay Başkənd ətrafında döyüşdüm”.

Maarif Həsənov danışır ki, hospitaldan sonra bir müddət də Gədəbəy rayon xəstəxanasında müalicə alıb. Xəstəxana onun hərbi travması barədə müvafiq sənəd verib. Sənədə əsasən, yaralı döyüşçü Veteranlıq vəsiqəsini almaq üçün çox qapılar döysə də, xeyri olmayıb. Son çarə olaraq haqqını məhkəmədə axtarıb.ÿ

“Mənimlə döyüşənlərin hamısına veteranlıq vəsiqəsi verilib, amma mənə israrla vermirdilər. Hara yazdımsa baxan olmadı. Axırda 2011-ci ildə Gəncə Inzibati Iqtisad Məhkəməsinə ərizə verdim. Məhkəmənin qərarı ilə mənə ”Müharibə Veteranı" adının verilməsi Gədəbəy Rayon Hərbi Komissarlığının üzərinə öhdəlik olaraq qoyuldu".ÿ


Maarif Həsənov danışır ki, məhkəmənin qərarı 2012-ci ildə icra edilib və ona veteranlıq təqaüdü təyin olunub. Lakin dərdi bununla da bitməyib. Vəsiqəsi olsa da, indiyə qədər haqqı olan təqaüdü ala bilmir.

“Əlimdə vəsiqəmlə gedirəm Gədəbəy rayon Dövlət Sosial Müdafiə Fonduna. Baxırlar ki, bütün sənədlər qaydasındadır. Deyirlər, get, bir həftəyə gəl, sonra gedirəm deyirlər, başqa vaxt gəl. Iki ildir məni süründürürlər”.

Maarif Həsənovun sözlərinə görə o, lazım olan bütün sənədləri təqdim edib. Amma bütün bunlara baxmayaraq, haqqını ala bilmir.

“Mənə Sosial Müdafiə Fondunda açıqca dedilər ki, hörmət elə, işini düzəldək. Mənim pulum olsa ailəmi dolandıraram, gedib ona-buna niyə verim ki?!”

Müharibə veteranının şikayəti ilə bağlı Gədəbəy rayon Sosial Müdafiə Mərkəzinə Müraciət etdik. Mərkəzin mühasibi Natavan Gülməmmədova bildirdi ki, siyahıda Maarif Həsənov adlı təqaüd alan veteran yoxdur. Rüşvət tələbini inkar edən görəvli onu da əlavə etdi ki, sözügedən şəxsin şikayəti üzrə araşdırma aparacaqlar.ÿ

Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyir ki, müharibədə iştirak edib yaralanmış özünü hərbi əlil hesab edən şəxs lazım olan tibbi arayışı və tələb olunan digər sənədlərini Müdafiə Nazirliyinə təqdim etməlidir, bundan sonra nazirliyin verdiyi rəsmi “Veteran vəsiqəsi” ilə təqaüd ala bilər.

O ki qaldı Maarif Həsənovun təqaüdünü ala bilməməklə bağlı şikayətinə, Rey Kərimoğlu deyir ki, belə hallarda vətəndaşlar hüquqşünaslara və ya vəkillərə müraciət etməlidirlər.

Qarabağ Müharibəsi Əllilləri və Veteranları Cəmiyyətinin sədri Almaz Aşurov deyir ki, müharibə veteranlarına şamil edilən bütün imtiyazlar, təqaüdün ödənməsindən tutmuş maşın və ev növbəsinə yazılmağa qədər Maarif Həsənovun da haqqıdır.

Müharibə veteranlarına və əlillərinə şamil edilən bütün imtiyazlardan məhrum olan Maarif Həsənov isə son çarə olaraq prezident və xanımına məktub ünvanlayıb. Bundan sonra da haqqı bərpa olunmazsa, Qarabağ qazisi vətəndaşlıqdan imtina etmək niyyətindədir.

“Bu mütaciətimə də məhəl qoyulmasa başqa bir ölkədən sığınacaq istəyəcəm... Ailəmi də götürüb gedəcəm...”/civil-forum/
1069 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber