Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

Qüsursuz dövlətə qüsurlu münasibət

Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq müəllim deyib ki, Azərbaycanda seçkilər düzgün keçirilir, sadəcə, bəzi xarici qara qüvvələr ölkəmizi nahaq yerə tənqid edirlər. Sitat: “Azərbaycan seçkisi böyük inkişaf yolu keçib, öz seçicilərinin hüquqlarına şərait yaratmaq baxımından öndədir. O başqa məsələdir ki, bizdən qüsursuz, ideal, dünyanın heç yerində olmayan seçki istəyirlər, göstərilən münasibətlərdən bunu sezmək olar. Artıq xalqımız, dövlətimiz o qədər inkişaf edib ki, bizə münasibət bu cür olur” (APA).
Əlaçı. Bu qabiliyyətlə biz “Məzahir müəllimdən sonra MSK-nın taleyi necə olacaq” deyə narahat suallar verməyə bilərik. Adam sırf varis planıdır, necə deyərlər. Sabah Məzahir müəllim Londondan sığınacaq alıb ölkədən qaçsın, Marsa uçsun, nə bilim, piti yeyəndə boğazında noxud qalsın - qəti problem yoxdur, vəzifəyə layiqli namizəd vardır. Hətta deyərdim Natiq müəllim Məzahir müəllimi bülleten kimi qatlayıb cibinə qoyar, protokol kimi ütüləyib YAP-a göndərər, görünməz mürəkkəb eləyib barmağına dolayar, daha doğrusu, bulayar.

Hələ fikir verin, gör necə təhlil edibdir! Deyir bizdən dünyanın heç bir yerində olmayan seçki istəyirlər, çünki biz dünyanın heç bir yerində olmayan inkişaf yolu keçmişik, analoqu olmayan addımlar atmışıq. O səbəbdən xaricdəki Con, Martin, Vartan, nə bilim, Fransua bizdən tələb edir ki, zəhmət çəkin seçkinizi də analoqu olmayan şəkildə qurun. Bah-bah...

Natiq müəllim olduqca haqlı natiqdir. Bizim hökumətdən doğrudan da analoqu olmayan şeylər istənilir. Örnək üçün, elə seçkiləri götürək. Bəyəm dünyanın hər yerində 40 il eyni adamı prezident seçmirlər? 50 il bir şəxs nazir qoyulmur? 70 il ərzində deputat kreslosuna kök atan tiplər yoxdur? Var, hətta hamıda belədir desək yanılmarıq. AzTV demişkən, götürək elə Amerikanı. Obama orda hakimiyyətə gələndə 1993-cü il idi. Almanlar Merkeli haçan seçdiklərini yaddan çıxardıblar. Uzağa getməyək, elə qonşu Gürcüstan, Ermənistanda 100 ildir hakimiyyət dəyişmir. Bəs bizə nə düşüb seçki yolu ilə hakimiyyəti dəyişək? Dəli olmuşuq bəyəm?

Hər sahədə bizə qoyulan planka çox yüksəkdir. Planetin bütün xalqları, hətta başqa planetlərdə yaşayan canlılar aləmi də gözünü dikib Azərbaycana, intizarla bizim nə edəcəyimizə baxırlar. Afrikanın buşmen qəbilələri ağacdan düşüb-düşməmək vaxtını Natiq müəllimə uyğunlaşdırırlar: qəbilə ağsaqqalı gəlir, ağacın hündürlüyünə, Natiq müəllimin boyuna (bu standart hazırda dünyanın hər yerində var - dərzilər kostyumu da bununla tikir) baxır, qərar verir ki, banan yığmaq üçün ağaca çıxan, lakin müəyyən təxribatlar, xarici qara qüvvələrin təsirləri (məsələn, nərdivanın oğurlanması) nəticəsində ağacdan düşə bilməyən gənclər hansı hündürlükdən atılsalar qıçları qırılmaz. Əgər qılçası qırılan olsa onu hansı sınıqçının yanına aparıb yumurtalı xəmir təpitməsi ilə müalicə eləmək lazımdır - bunu da Azərbaycan Səhiyyə Nazirliyinin müvafiq əmr və sərəncamlarına əsasən həyata keçirirlər.

Cənab prezidentin öz çıxışlarında vaxtaşırı qeyd etdiyi kimi, artıq dünyada Azərbaycan standartları var, onun seçkilərdən yan keçməməsi təbiidir. Natiq müəllim məhz bunu vurğulayır. O tələbi ki, fransızın, almanın, yaponun, banqladeşlinin qarşısına qoymurlar, onu bizdən umurlar. Uman yerdən sonra küsürlər. Deyirlər nə üçün siz 100 faiz düzgün seçki qayırdınız, gərək 120 faiz olaydı, çünki buna sizin imkanlarınız vardır, sizin pulunuz çoxdur.

Bu baxımdan, hazırda dünyanın diqqəti bizdə keçiriləcək bələdiyyə seçkilərinə yönəlibdir. Hamı fikirləşir ki, görəsən Qaraçuxur bələdiyyəsinin sədri Əvəz Mirzəyevi bu kürsüdə əvəz edən olacaqmı, yoxsa lazım olmayacaq.

Zamin Hacı/musavat
982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...