Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

“Nemətin bağlı qapının arxasında da ruhu azaddır...”

Əməkdaşımız həbsdə olan meydan hərəkatı qəhrəmanının evində oldu

“Nemətin bağlı qapının arxasında da ruhu azaddır...”
Həbsdə olan meydan hərəkatının qəhrəmanının xanımı Həcər Pənahlı: “Üç ildir ki, 17 noyabrı bayram etmirik”
Noyabrın 17-də Azərbaycanın Milli Dirçəliş Günü idi. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan indiki Azadlıq meydanında davamlı mitinq başlamışdı. Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin separatçılara dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları tezliklə ümummilli hərəkata çevrildi. Mitinqlərin əsas qəhrəmanı Nemət Pənahlı bu gün həbsdədir. Bayram günü biz də onun ailəsinin qonağı olduq.

N.Pənahlının xanımı Həcər Pənahlı həmin günləri belə xatırlayır: “Hadisələr başlayanda 9-cu sinifdə oxuyurdum. Dərsdən qaçırdıq hər gün. Məktəbin qapısını qırıb mitinqlərə gedirdik. Qapılara qıfıl vururdular, bağlayırdılar, hər gün bütün məktəb yığılıb qıfılları qırıb qaçırdıq. Gedirdik, kömək edirdik, ərzaq daşıyırdıq. Şüarlar qışqırırdıq hamı kimi. Neməti də hamı kimi tanıyırdım-uzaqdan. O zaman hamımız-hətta məktəblilər də azadlıq hərəkatının nəticəsi olacağını düşünürdük. Deyirdik ki, bu mübarizənin qələbəsi olmalıdır, başqa heç nə. Başqa variant fikirləşən yox idi. Elə bir dəhşətli hiss idi ki... Elə bil dalğadır gəlir və yüz faiz bilirsən ki, sahilə çıxacaq. Camaat da onun üstündə gedir. Hamı inanırdı, bilirdi ki, bunun axırı var”.

Gənc qız həmin hərəkatın öncüllərindən biri olan şəxslə həyat yollarının birləşəcəyini isə heç güman da etməyib:

“ Ağlıma belə gəlməzdi ki, nə vaxtsa azadlıq hərəkatının liderlərindən birinin həyat yoldaşı olacam. Yaşadığımız Allahın sınaqlarıdır. İnsan hansı sınaqdan keçə bilərsə, onu yaşadır. Siyasət bizim ailəmizdən çox uzaq idi, atam müəllim idi. Ağlımın ucundan da keçmirdi ki, siyasət bir gün bizə doğma olacaq. Atam əvvəlcə hərəkata dəstək verməyə başladı. İmkanlı idi, meydan hərəkatı başlayanda maddi köməklik etdi, dəstək verdi. Nemətlə də həmin günlərdən tanış olmuşdu. Nemət də məni evimizə gələndə görmüşdü, meydanda yox”.

Xanımın sözlərinə görə, 17 noyabr həmişə evlərində təntənə ilə qeyd edilib: “Əsl bayram əhval-ruhiyyəsi olurdu. Ancaq üç ildir ki, Nemət türmədədir və bu səbəbdən heç bir bayramı qeyd etmirik. Noyabrın 16-da axşamdan baxıram ki, uşaqlar qanıqara oturub. Artıq başa düşürlər, görürlər ki, bu günlə bağlı televizorda atalarının adı belə çəkilmir. Ancaq meydan hərəkatında adı xatırlanacaq iki nəfərdən biri məhz Nemət olmalıdır. Nemət isə az qalır ki, bu günü türmədə tək otağında da bayram etsin. O gün danışanda dedi ki, çalışın 17-si yanıma gəlin, bayramdır. O deyir ki, noyabrın 17-də məni dar ağacına çıxarsalar belə, bayram edəcəm. Biz isə onsuz bayram edə bilmirik. Onun üçün mənəvi tərəfləri var, həmin tarixin içində özü olub. Amma həmin günlə bağlı xatirələr uşaqlara da xoş gəlir, ataları ilə fəxr edirlər. Məktəbdə həmin tarix xatırlananda, uşaqları müəllim qaldırıb sual verir, müəllim danışır. Bu, qürurvericidir. İnşallah, Nemət evimizdə olanda yenə bu günü əvvəlki kimi bayram edəcəyik”.

Meydan liderinin xanımı deyir ki, ailə səbirlə N.Pənahlının yolunu gözləyir: “Bu, sınaqdır. Üç ildir tutublar Neməti. Amma mən bir dəfə də demədim ki, Allah niyə belə oldu? Ya vəziyyətdən tez çıxart məni. Mən elə dualar etmirəm. Ancaq Allaha yalvarıram ki, hansı çətin duruma salırsan, sal, ləyaqətlə çıxmaq nəsib elə”.

H.Pənahlı ölkədə yaşamağın çətinliyindən də danışır: “Hərdən ona deyirdim ki, gəl çıxıb gedək ölkədən. Ancaq o gedə bilmir, o da belə adamdır. Bizimki yaşamaq deyil. Ölkədə yüz minlərlə insan zəlil gündə yaşayır. İndidən fikirləşirəm ki, heç olmasa, oğlanlarımı harasa göndərim, bu ölkədə gələcəyini qurmasın. Onların gələcəkdə bu ölkə üçün yaşamasını istəmirəm. Dəhşət budur. Sonra oturur adam, özü öz halına baxır, ağlamaq tutur ki, hələ düşünən adamların ailəsi belə vəziyyətdədirsə, mən belə fikirləşirəmsə, gör digərləri hansı vəziyyətdədir? Oğlanlarımdan biri hərbçi olmaq istəyir. Deyirəm ki, Türkiyədə təhsil ala bilərsən, ancaq razılaşmır. Deyir ki, orada biri desə ki, ”nədən Qarabağ hələ erməni işğalında qalır" bu söz mənə ölümə bərabərdir. Ancaq ölkədəki vəziyyət də yaşanacaq deyil. İnsanlar min bir zülmlə bir parça çörəklərini təmin edirlər. O gün internetdə 17 noyabrla bağlı video izləyirəm, insanlardan soruşurlar və hamı da o günləri xatırlayır. Bəziləri deyir ki, sonu olmadı mübarizənin. Sonu oldu, amma sonunda bir-iki ailə sonsuz sərvətə yiyələndi, xalqın malını yağmaladı, camaat isə yenə də ac qaldı".

Bununla belə, Həcər xanım deyir ki, Nemət Pənahlı xalqın mübarizəsinin bir gün mütləq qələbə ilə nəticələnəcəyinə əmindir: “Deyir ki, xalq ayağa qalxsa, qələbə bizimlə olacaq. Bir dəfə misal çəkdi ki, bunlar elə bilirlər millət elə budur, qorxur, gizlənir, sakitdir, hər tərəfdən gözünün odunu alırlar. Amma mən bu milləti 88-ci ildə görmüşəm. O zaman da bundan da betər idi vəziyyət, ilk dəfə danışanda, söhbətlər ortaya çıxanda insanlar qaçıb gedirdi, tək qalırdıq. Bu, elə bir şeydir ki, hələ bənd silkələnir, çat verir, onlar da yamayırlar. Bəndi tikiblər millətin qabağına. Ancaq elə olacaq ki, bir gün bənd çat verməyəcək, birdən aşacaq. O dənizin qabağında da heç kim dura bilməyəcək. Mən o vaxt xalqı başqa cür gördüm-sovet vaxtı da xalq əvvəllər qəbul edirdi, ancaq sonra... Bənd çat verdikcə, ağzına palçıq vurmaq çıxış yolu deyil. Danışanı at məhbəsə, qandalla, susdur, ancaq bunun da bir sonu var. Bənd bir gün uçacaq və dalğa gələcək. Vaxt gələcək, insanlar daha irəli yol olmadığını anlayacaqlar, qorxu da itəcək, onda o bənd doğrudan da uçacaq. Nemətin bir güvəndiyi şey var ki, bu da xalqın etiraza qalxıb haqqını tələb etməsidir”.

H.Pənahlı sonda meydan liderini dustaq hesab etmədiyini də vurğuladı: “Neməti dustaq hesab etmirəm. Hesab etmirəm ki, o, zindandadır. Onu həbs edən adamların əsarətinə baxanda dəhşətə gəlirəm. Allah belə əsarətdən qorusun. Mala, dünyaya, var-dövlətə necə qolu qandallı əsarət olublar, bu aqibətdən Allah qorusun. Nemətin bağlı qapının arxasında da ruhu azaddır. Mənim nəzərimdə o, məhbəsdə deyil. Cismani əsarət əsarət deyil. Bunlar Neməti dustaq, özlərini azad hesab edirlər. Ancaq elə deyil, əksinədir...”./musavat/
1787 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...