Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Gülər Əhmədovanın vəkilinin vəsatətləri təmin olunmayıb

Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb


Gülər Əhmədovanın vəkilinin vəsatətləri təmin olunmayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Apa-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edərək Elşad Abdullayevin ofisdən qanunsuz istifadə etdiyini, çəkilişləri qanunsuz apardığını deyib: “O, müxtəlif insanları şantaj etmək üçün gizli çəkiliş aparıb. Videolarla bağlı ekspertiza rəyində də ziddiyyətlər var. Bir yerdə yazıblar ki, sinxronluq pozulub, digər yerdə yazıblar ki, pozulmayıb. Videonun nə zaman çəkildiyi də ekspertiza tərəfindən dəqiqləşdirilməyib. Videonun tam versiyası istintaqa təhvil verilməyib. Elşad Abdullayev qanunu pozaraq, Gülər Əhmədova haqqında yalan məlumat verdiyi, KİV-də şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onun əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini xahiş edirəm. Həmçinin qanunsuz görüntü əldə etdiyi üçün həmin məsələyə də hüquqi qiymət verilsin. Xahiş edirəm, ekspert məhkəməyə dəvət olunsun və ziddiyyətli məlumatlar araşdırılsın”.

Dövlət ittihamçısı Eldar Həmzəyev isə bildirib ki, videolarla bağlı vəsatət təmin oluna bilməz, çünki həmin məsələ ilə bağlı cinayət işinin başladılması istintaq orqanı tərəfindən rədd olunub. Prokuror onu da deyib ki, ekspertiza ilə bağlı şübhə olmadığı üçün bu vəsatət də rədd olunmalıdır.

Məhkəmə vəsatətləri rədd edib.

Sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Günortadan sonra prokuror çıxış edəcək.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
1751 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08