Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

12 faiz Avropa qitəsinə, 100 faiz hakimiyyətin «qitə»sinə düşür

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya Institutunun təşkilatçılığı ilə “Avropa və Asiya qitələrinin sərhədi Azərbaycandan keçir” mövzusunda elmi konfrans keçirilib. Konfransda çıxış edən Coğrafiya Institutunun direktoru Ramiz Məmmədov xatırladıb ki, gələn il Azərbaycanda Avropa Oyunları keçiriləcək və yarışlarda 6 minə yaxın idmançı, çoxlu sayda media nümayəndəsi, on minlərlə turist iştirak edəcək.

O bildirib ki, ərazimizin təxminən 12 faizi Avropa qitəsində yerləşir: “Azərbaycan transkontinental, yəni ərazisi iki qitədə yerləşən ölkə statusunda olur ki, bu da ölkəmizin Rusiya (23 faiz) və Türkiyə (3 faiz) kimi Avropa ölkəsi sayılmasına və Avropa Oyunlarının Bakıda keçirilməsinə tam əsas verir”- deyə Ramiz Məmmədov bildirib.

Çox ziddiyyətli mərhələyə girmişik. Ərazimiz 12 faiz Avropaya daxil olub. Özümüz isə 21 ildir Qərb dəyərlərindən qaçırıq. Ərazimiz qədər hakimiyyətimiz də Avropaya daxil ola bilsəydi, xeyli nəticələr əldə edərdik. O zaman siyasi məhbusların sayı 100 deyil, 12 nəfər olardı. O zaman seçkilər 100 faiz deyil, 12 faiz saxtalaşdırılardı. O zaman ölkədən oğurlanan pullar 100 milyardlarla deyil, 10 milyardlarla ölçülərdi. Amma nəticə onu göstərir ki, YAP hakimiyyəti bu 12 faizi də Avropadan çıxarmaq istəyir. Qarşılığını isə Avropa Oyunları keçirməklə sığortalayır.

Ərazimiz 88 faiz Asiya qitəsinə düşdüyünə görə hökumətimiz 100 faiz Rusiyaya girmək istəyir.

Biz elə bir vəziyyətə düşmüşük ki, xaricdən qabaqcıl təhsil, səhiyyə, hüquq sisteminin ölkəyə gəlməsinə yox, 6000 idmançının ölkəyə gəlməsinə sevinirik.

Amma bu 12 faizdə real uyğunluq da var. Hakimiyyəti zəbt edənlər öz istirahətlərini, övladlarının təhsilini, müalicələrini Avropaya etibar ediblər. Avropada biznesləri, bahalı mülkləri, bank hesabları var. Yəni xalqdan fərqli olaraq, hakimiyyətdəkilər özlərini Avropaya soxa biliblər. Həm də 12 faiz deyil, 100 faiz soxublar.

Deməli, Avropa qitəsinə dövlət olaraq deyil, fərd olaraq inteqrasiya etmişik. Ən dəhşətlisi odur ki, vətəndaşlar yaşadıqları ölkəyə də tam inteqrasiya edə bilmirlər. Çünki, yaşadığımız ölkə də hakimiyyətin nəzarəti altındadır və şəxsi mülkə çevrilib.

Bir sözlə, 12 faiz ərazimiz Avropanın, 100 faiz ərazimiz hakimiyyətin “qitə”sinə düşür. Xalqa isə bu bölgüdən pay düşmür./azadlıq/
1175 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber