Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2014

«Kompüterimizə əxlaqsız filmlər yerləşdirib qaytardılar»

Siyasi məhbusların atası: «Kompüterimizə əxlaqsız filmlər yerləşdirib qaytardılar»

Müsavatçı Sirac Kərimli həbs olunarkən evindən götürülən kompüterə istintaq dövründə əlavə materialların yerləşdirildiyi bildirilir.

Müsavatçının atası Raqif Kərimlinin AzadlıqRadiosuna bildirdiyinə görə, kompüterin içərisinə əxlaqsız filmlər, xüsusi reseptlə satılan dərman adları və təriqətə aid şəkillər olan fayl yerləşdirilib.

Raqif Kərimli deyir ki, kompüterə sonradan yerləşdirilən materiallar istintaqda oğlunun əleyhinə istifadə olunub:

«Sirac həbs olunanda evdən kompüter götürülmüşdü. Kompüter Siraca aid deyildi. Onu evdə hamı işlədirdi. Bu yaxınlarda kompüteri geri almaq üçün vəkil vəsatət qaldırmışdı. Dekabrın 19-u müstəntiq məni çağırdı. Getdim, dedi ki, guya kompüterin içərisindən «Dərman» adlı qovluq tapıblar və bunu fakt kimi işə əlavə ediblər. Həmin qovluqda da xüsusi reseptlə satılan dərmanların adı var. Bildirdim ki, bu qovluğu özünüz yerləşdirmisiniz, çünki kompüteri evdə hamı istifadə edib və onun içərisində belə qovluq ola bilməz».

Raqif Kərimli deyir ki, kompüteri evə gətirəndən sonra həmin qovluğu açıb və gördükləri onu heyrətləndirib:

«Oğlanlarım Sirac və Turacın narkoman olduqların sübut etmək üçün hər cür saxtakarlıqdan istifadə edirlər. Sonradan yerləşdirdikləri qovluqda dərman adlarından əlavə narkomaniyadan bəhs edən əxlaqsız filmlər də yerləşdirilib. Guya biz evdə bu cür tərbiyəsiz filmlərə baxırmışıq. Təriqətə məxsus saqqallı və eynəkli kişi şəkli də yerləşdiriblər. Eynəyin bir gözündə İlham Əliyevin, digərində isə Heydər Əliyevin şəkilləri var. Bu yolla yuxarılardakıların qarşısında övladlarımın həbsinə haqq qazanmaq istəyirlər. Bu həm də məsələnin siyasi sifariş olduğunu üzə çıxarır».

Sirac Kərimlinin vəkili Nemət Kərimli də bildirir ki, kompüterə sonradan yüklənən material istintaqa əlavə olunub:

«Xatırlayırsınızsa, Siracdan bir neçə gün sonra qardaşı Fərəc həbs olunanda Daxili İşlər Nazirliyi məlumat yaymışdı. Məlumatda deyilirdi ki, guya Fərəc internet üzərindən narkotik maddələrin reklamı ilə məşğuldur. Həmin bəyanata haqq qazandırmaq üçün kompüterə sonradan bu faylı yerləşdirə bilərlər. Əslində, bu həqiqət olsa belə, qanunvericilikdə narkotik vasitənin reklamına görə məsuliyyət nəzərdə tutulmur».

Sirac və Fərəc Kərimli qardaşlarının işini aparan müstəntiq Murad Quliyev Azadlıq Radiosunun suallarını cavablandırmaq istəməyib: «Bu haqda heç nə danışa bilmərəm»./istiqlal/
891 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber