Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2014

Dərnəgüldə ölüm-qalım savaşı verənlər

Məcburi köçkünlər bu yarıuçuq yataqxanadan köçürülməyincə qurbanların sayı artacaq

Gülnarə Ağayeva: "Fövqəladə dedi yaşamağa yararsızdır, icra hakimiyyəti nümayəndəsi isə bildirdi ki, hələ yaşamaq olar»
"Övladlarının hər ikisi eşitmə qüsurludur. Balaca qızı evdən çıxıb dəhlizə qaçdı. Atası onun arxasınca mətbəxin döşəməsinin normal olmadığını desə də uşaq eşitmədi. Mətbəxə tərəf qaçdı, atası da arxasınca... Uşağı qurtarım dedi, özü yıxıldı. 4-cü mərtəbədən 3-cü mərtəbəyə düşdü. Bina çox köhnədir. İnanın nəinki mətbəx, qaldığımız otaqlar da pis gündədir. Bir də görəcəklər gecəynən, yatdığımız yerdə hamımız düşmüşük 3-cü mərtəbəyə. İstəyirik normal təmir edilsin. İki-üç nəfər fəhlə göndəriblər ki, iş bilmişik. Onlar binaya neyləyəndilər axı?", - deyir Zəngilandan olan məcburi köçkün Sədayə Nəsirova.

O, 2002-ci ildən Bakı Slavyan Universitetinin Dərnəgüldə yerləşən 1 saylı yataqxanasında məskunlaşıb. Deyir buradakı şərait il ötdükcə daha da pisləşir:

"Yenə əvvəllər bir az normal idi. Getdikcə bina daha da köhnəldi, sıradan çıxdı. İnanın, burada yaşamaq artıq təhlükəlidir. Ancaq bizi köçürmürlər, əksinə binanı təmir etdirirlər. Hər şeyimiz ortaqdır. Hamam, tualet, mətbəx…".

Bu yataqxana, bir müddət öncə üst mərtəbənin döşəməsinin çökməsi ilə gündəmə gəlmişdi. Noyabrın 17-də baş verən hadisə zamanı dördüncü mərtəbədən üçüncü mərtəbəyə yıxılan ağdamlı məcburi köçkün Elmidar Ələkbərov ciddi xəsarətlər alıb. Həyat yoldaşı İlahə Ələkbərova deyir ki, yoldaşı yıxılandan sonra bir nəfər də onun səhhəti ilə maraqlanmayıb. Müayinə-müalicəsinə kömək göstərilməyib:

"Övladlarımızın eşitmə qüsuru var. Onların müalicəsi üçün illərdir bir az pul yığmışdıq. Yoldaşım yıxılandan sonra məcbur qalıb həmin vəsaiti onun müalicəsinə xərclədik. Sanki özünün səhvinə görə yıxılmışdı. Aidiyyatı qurumlar bizimlə maraqlanmadılar. Bir adam qapımızı döymədi. Həftələrdir uşaqlarımı pul dərdindən laqapedə belə apara bilmirəm".

İlahə Ələkbərova olaydan sonra binaya göndərilən ustaların işindən də narazıdır. Deyir lazım olan yerləri təmir etmək əvəzinə, qapıların dəyişdirilməsi dərdinə düşüblər ki, bu da kimsəyə lazım deyil:
"Evə gələn usta deyir qapı qoyacağıq. Mən başa sala bilmirəm ki, mənim 2 eşitmə zəifliyi olan övladım var. Girdi içəriyə, dəmir qapı da bağlandı. Mən onu oradan necə çıxaracağam? Bizə qapı lazım deyil. Bizə bu gün uşaqlarımızı normal şəraitdə böyüdə bilmək lazımdır. Daha indiki kimi yox. Bir otaqda 8 nəfər yaşayırıq. Və bütün bunlar bizim səhvimizə görə baş verməyib".

Sədayə Nəsirova onu da deyir ki, axşamlar qonşularla toplaşıb həmin mətbəxdə oturub çay içirmişlər. Nə yaxşı ki, həmin gün mətbəxdə heç kim olmayıb. Yoxsa: "Bir nəfər yox, 4-5 nəfər yıxılardı. Onda hadisənin fəsadı yüngül olmayacaqdı. Allah üzümüzə baxdı sadəcə".
Ağdamdan məcburi köçkün olan Roza İbadullayeva da bu yataqxananın sakinidir. O da binada şəraitin normal olmadığını deyib güzəranlarından gileyləndi:

"Biz belə yaşamamışıq. Bizim yerimiz-yurdumuz, evimiz-eşiyimiz var idi. İndi Bakıda villalar tikirlər, bax, bizim o vaxt villalarımız olub. İndi burda hamı bizə bir cür baxır. "Qaçqındırlar" deyir. Biz öz torpağımızdan gəlmişik. Başqa bir xarici dövlətdən gəlməmişik ki, biz də azərbaycanlıyıq da. Bizim də yaşamaq hüququmuz var. Görüm burada o böyüklərin ailələri bircə gün gəlib bizim bu yaşadığımız şəraitdə yaşaya bilərlər? Heç vaxt! Ancaq biz 25 ildir bu əziyyəti çəkirik".
Sakinlər yataqxananın problemlərinin təmirlə bitməyəcəyini deyirlər. Gülnarə Ağayeva bildirir ki, döşəmə çökəndən sonra yataqxanaya həm Fövqəladə Hallar Nazirliyindən, həm də yerli icra hakimiyyətindən nümayəndələr gəlib. Ancaq binanın yaşamağa yararlı olub-olmaması haqda hərəsi bir söz deyib:

"Fövqəladə dedi yaşamağa yararsızdır. İcra hakimiyyəti nümayəndəsi bildirdi ki, hələ yaşamaq olar. Amma belə götürəndə, biz neçə ildir burada yaşayırıq. Biz özümüz binanın yararsız olduğunu bilirik. Mən yaşadığım tərəfdə tualet aşağı mərtəbəyə axır. İnanın 5,5 bal gücündə zəlzələ binanın yerin dibinə çökməsinə bəs edər".

Elmidar Ələkbərovun xəsarət alması ilə nəticələnən olay yataqxanadakı dördüncü və üçüncü mərtəbə arasındakı qatda uçqunun olması səbəbi ilə baş verib. Burada böyük oyuq əmələ gəlsə də, Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat katibi Tamilla Hacıyeva deyir ki, binada tavana vurulan iki ədəd lambir düşüb və heç kəs xəsarət almayıb. Tamilla Hacıyeva bildirib ki, hadisə rütubət səbəbindən baş verib. Hazırda problemi aradan qaldırmaq üçün əraziyə işçilər göndəriblər. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyir ki, yaxın zamanlarda ictimai binalarda yaşayan məcburi köçkün ailəsi qalmayacaq: "Həmin ailələrin hamısı yeni tikilən qəsəbələrə köçürüləcək. Köçürülmə isə proqrama əsasən aparılır. Ağır şəraitdə yaşayan ailələr hamısı mərhələli şəkildə köçürüləcək. Bundan əlavə, köçkün ailələrinin köçürülməsi prosesi daha ağır şəraitdə yaşayanların mənzil və məişət şəraitinin yaxşılaşdırılması prinsipi nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir. Yəni bu proses daha ağır şəraitdə yaşayan ailələrin gələcəkdə mənzillə təmin olunmasından başlayacaq".

Roza İbadullayeva isə deyir ki, Qarabağ müharibəsi ondan çox şey alıb. Torpağını, evini, gəncliyini - hər şeyini. Ona nə yeni mənzil, nə də təmir lazımdır. Bundan sonra o ancaq bir şey istəyir - doğma yurduna dönmək:

"Qarabağ müharibəsi uşaqlarımı depressiyaya salıb, özüm xəstə düşmüşəm. Evimi-eşiyimi qoyub gəlmişəm. İnsanların yanında özümü pis hiss edirəm ki, mənim də evim, torpağım olmalıydı. Günü bu gün desələr ki, Qarabağ alınıb mən sürünə-sürünə gedərəm. Dizlərimi yerə qoyub o torpağı öpə-öpə gedərəm. Müharibə bizim hər şeyimizi əlimizdən alıb. Mən cavanlığımı, övladlarım uşaqlığını orda qoyub gəlib. Bircə otaqda nə qədər yaşamaq olar? Yemək orda, içmək orda, yatmaq orda, qonaq orda… Biz nə bu təmiri istəyirik, nə yataqxana istəyirik, nə də təzə tikilən binanı... Biz Qarabağımızı istəyirik. Yerimizə-yurdumuza dönmək istəyirik"./bizimyol/






4




954 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:45