Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2014

Bəs tort hanı?

Dövlət başçısının doğum günü münasibətiylə idi, ya başqa səbəbdən, dünən yapistlər, türkün sözü, özlərini aşmışdılar. Təriflər küləkli Bakı səmasında uçuşurdu və heç bir əndazə qalmamışdı. Xaraba günə qoyduqları Azərbaycanı elə bəzəyib-düzəyib tərifləyirdilər ki, camaat çaşıb qalmışdı, bir-birindən soruşurdular bu Azərbaycan deyilən yer haradır, biz də orda yaşamaq istəyirik.

YAP icraçı katibi, Artur müəllimin müavini (təsəvvür edin, elə bil vakuumun içində şar üfürən işləyirsən) Əli Əhmədov deyirdi: “21-ci əsrin möcüzəsi Azərbaycandır, çünki biz son 10 ildə 3 dəfə inkişaf eləmişik”.

O yanda estafeti Prezident Administrasiyandan Əli müəllim alırdı, deyirdi ki, Azərbaycanda media azadlığını dadmayan jurnalist qalmayıbdır. Bütün dünyada ən çox söz azadlığı bizdə imiş.

Görəsən hardadır o azadlıq? Bəlkə də Kürdəxanı zindanında. Misal üçün, karserə salınan bloqqer İlkin Rüstəmzadənin tam azadlığı var ki, başını kameranın divarlarına döyüb “El bilir ki, sən mənimsən, Azərbaycan, Azərbaycan” oxusun.

Yoldaş Əhmədovun dediyi iqtisadi möcüzə isə Koroğlu körpüsündə intihar növbəsinə düzülənlər arasında populyardır. O qara insanlar hər gün bu möcüzələrdən danışırlar, hansı icra hakiminin bahalı maşın sürməsini, hansı prokurorun hansı manısı villasında saxlamasını müzakirə edirlər. Yaxın gələcəkdə bu cür işlərin “Ağ şəhəri” də olacaqdır ki, dünən bununla da bağlı nəsə tədbir var idi. İndinin özündə də içi boş, adam yaşamayan çoxlu belə binalar vardır. O binalar gələcək yarışlar üçün tikilir. Misal üçün, “Koroğlu” metrosunun yanında uzun illər boş qalan binalar tikmişdilər, indi deyirlər orda 2015 oyunları üçün gələn idmançılar qalacaq. Əgər sən də orda qalmaq istəyirsənsə birtəhər respublikadan qaç, hansısa xarici ölkədə idmanla məşğul ol, sonra oranın bayrağı altında gəlib Azərbaycandakı o tipli binalarda yaşa. Ayrı cür imkan yoxdur. Sağ qulağını sol əli ilə də yox, dabanı ilə qaşıyanların rejimində yaşayırıq.

İdman demişkən, idman müəllimi Əfruz xalanın bələdiyyə seçkisindəki performansı artıq sosial şəbəkələrdə fenomenə çevrilib. Həmin gün Məzahir müəllim MSK üzvlərini zirzəmidəki blindaja yığıb deyirdi: “Uşaqlar, bu yaramaz azərbaycanlılar Əfruz xalanı vurdular, o, qəhrəmancasına həlak olmuşdur, ancaq seçki məntəqəsinin ələ keçirilməsinə imkan verməyibdir. Sinəsini videokameraya sipər edib! Onun səngər yoldaşı, Yasamaldakı Malbazarı orta məktəbinin direktoru Tomris xala isə bülletenləri qutuya 50-50 dolduraraq şəhid olmuşdur. Gəlin onların xatirəsini yad edək, qadın batalyonlarımız şərəfinə matəm rəqsi oynayaq!”

Əfruz xalanın tərcümeyi-halı, 3-4 il qabaq cənab prezident tərəfindən “Şöhrət” ordeni alması da göstərir ki, bizdə əməyə, idmana qayğı öz bəhrəsini verir. Dünya arenaları Əfruz xalanın yetişdirdiyi idmançılar, gimnastlar, hokkeyçilər, vaterpolçular, ştanqistlər, karateçilərlə dolub-daşır. Onun xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır! Tezliklə “İrəli” Yapist Gənclər Təşkilatına Əfruz Hacıyevanın adı veriləcəkdir!

“İrəli” demişkən, dünən bu qurum illik hesabatını yayıb, orda il ərzində neçə stul sındırdıqları (bir yerləri ağırdır, məlum məsələdir), neçə vedrə kofe içdikləri, nə qədər gəyirdikləri və sairə göstərilib. Çox yaxşı hesabatdır, ancaq qüsurlar da var. Misal üçün, “İrəli” il ərzində neçə qəlib sabun istifadə edib, neçə kilo vazelin xərclənib - bunlar da göstərilməlidir.

Sonda bir iradımı da Sumqayıtın icra başçısı Eldar Əzizova çatdırıram. Tort hanı, ay adam!? İl başa çatır, prezidentin ad günü də keçdi, dünyanın ən uzun tortu isə yoxdur. Sumqayıtlılar nə elədilər ki, daha torta layiq olmadılar?

Zamin Hacı/musavat
1266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33