Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2014

"Bu hakimiyyətin getməsi üçün bizim istefamız lazımdır"

Yaşadığımız ölkənin xeyli problemləri var. Insanların gözlərindən narazılıq, əsəbilik, əzginlik tökülür. Sanki Azərbaycan zülmə təslim olmuş insanlar ölkəsidir. Bu ölkədə “zərurət” ifadəsi “onsuz da yaşamaq olar” kimi qəbul olunub. Məsələn, vətəndaşın normal əmək haqq alması, ildə bir dəfə istirahət etməsi, övladına keyfiyyətli təhsil verməsi,ÿminimal ehtiyaclarını ödəməsi zəruridir. Bizim ölkəmizdə isə onlar olmadan da yaşamaq mümkündür. Deyirlər, bütün təsadüflər zərurətdən doğur. Bizim ölkəmizdə isə, bütün zərurətlərə təsadüf kimi yanaşılır. Ümumiyyətlə, biz bu 20 il ərzində bütün hikmətli sözləri, məntiqli fikirləri, yazılmış qanunları “inkar” etməyi bacardıq. Sübut etdik ki, dərdi doğma övlad kimi bəsləmək də, kədəri taleyə transfer etmək də, yalanı həqiqət kimi qəbul edib udmaq da olar.

Bəs, bütün bunlar niyə baş verdi? Biz niyə geridəqalmışlığın analoqsuzluğunu yaratmağa nail olduq?

Ona görə yox ki, hakimiyyət istefa vermədi. Ona görə ki, biz istefa verə bilmədik. Bəhanələrdən, qorxaqlıqdan, özümüzə qapanmaqdan, taleyimizə biganə qalmaqdan istefa verə bilmədik.

Biz xalq olaraq öz taleyimizin diktatoruna çevrildik. Allahın bizə bəxş etdiyi şüuru, vicdanı, ruhu həbs etməklə məşğul olduq.

Bəli, cəmiyyət pis vərdişlərdən istefa verməyəndə, hakimiyyət “Istefa” sözünə nifrət etməyə başlayır. Xalq, susqunluğu zəbt edəndə, bir qrup adam da hakimiyyəti zəbt etməyə başlayır.

Qustav Lebon “Xalqların taleyi onların xarakteri ilə bağlıdır” deyirdi. Həqiqətən də bizim xalq olaraq inkişaf etdirdiyimiz xarakter, taleyimizin bütün mərhələlərinə “zəhər” qatmağa xidmət etdi.

Biz vicdanımızı qandalladığımıza görə, hakimiyyət vicdanlı adamları qandallamağa başladı. Biz lazım olanda susduğumuza görə hakimiyyət lazım olmadığı qədər danışa bildi.

Biz xalq olaraq özümüzdə qətiyyət tapıb 20 ildən artıq “rəhbərlik” etdiyimiz ətalətdən istefa verməliyik. Bu mümkündür və bunun nümunələri hələ də var. Hakimiyyətdən istefa verməyi tələb edənlər, içlərindəki neqativlərdən istefa vermiş adamlardı.

Bir anlıq düşünək ki, bizim qorxaqlıq və biganəlikdən istefa verməməyimiz nəyə səbəb olur.

Biz xalq olaraq 20 ildir “hakimiyyət”dəyik. Bu “köləlik hakimiyyəti”dir. Bu “hakimiyyət” müddəti uzandıqca, övladlarımızın gələcəyi də, ailəmizin xoşbəxtliyi də, həyatımızın mənası da kölələşir.

Özümüzə bu qədər zülm etməyək. Bu “köləlik hakimiyyət”indən istefa verək və vicdanımızın səsi ilə “seçki”lərə gedək.

Bu hakimiyyət seçkiləri saxtalaşdırdığı kimi, biz də özümüzü saxtalaşdırmaqla məşğuluq. Hakimiyyət seçki qutularına topa bülletenlər atır. Biz isə ruhumuzun qutusunu saxtalaşdırırıq.

Bir sözlə, bu hakimiyyətin istefası, bizim istefamıza bağlıdır. Hər iki tərəf istefa verməkdən boyun qaçırdıqca, hər iki hakimiyyət əbədi olacaq.

Bugünə qədər yaşadığınız həyatdan istefa verib yeni həyata başlamağa hazırsınızmı?

Unutmayın ki, hakimiyyətin istefasından fərqli olaraq sizin istefanızda “eks”lik olmayacaq. Əksinə, xalqsızlıqdan istefa verərək xalqın hakimiyyətini təmin edə bilərsiniz.

O təcrübə də var ki, biganəlikdən, susqunluqdan istefa vermiş xalqın qarşısında, hakimiyyətlər istefa verməyə məcbur qalır.

Yəni bu hakimiyyətin getməsi üçün bizim istefamız lazımdır. Hamılıqla istefa verək.

Ilham Hüseyn /azadlıq
1059 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP