Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

Haqsızlığa, yalana, zülmə etiraz edə bildimmi?

Həyatınızda nə dəyişdi?

Addım-addım, asta-asta 2015-ci ilə qədəm qoyuruq. 2014-cü ili yaşaya bildikmi? Təfəkkürümüzdə nə dəyişdi? Həyatımıza hansı yeniliyi qata bildik? Suallar çoxdur. Qısa cavab isə bundan ibarətdir ki, acından ölmədik. Hələ qəbiristanlıqda yox, evimizdə yatırıq. Bəli, biz ölmədiyimizə görə şükr edənlərdənik. Həm də müvəqqəti ölmədiyimiz üçün şükr edirik.

Yenə kasıblığa vərdiş etmiş camaatımız Şaxta baba, Qar qız ilə şəkil çəkdirəcək, yenə adamlar xoşbəxtliyin kölgəsində dincələcəklər. Beləcə yeni ilə qədəm qoyub, ənənəvi yaşayışımıza sədaqətli olacağıq.

Nə ölkədəki problemlər, nə günahsız insanların zindan həyatı, nə də eşitdiyimiz yalanlar bizi narahat etməyəcək.

Bəzən eşidirik ki, adamlar ötən ilin düşərli olmasından danışırlar. Biri maşın almasına görə, biri mənzilini təmir etdirdiyinə görə, biri də Türkiyədə istirahətə getdiyi üçün ili düşərli sayır. Biz ötən ili dəyərləndirəndə düşüncəmizdəki, təfəkkürümüzdəki, dünyaya baxışımzdakı dəyişikliyi yox, özümüzə transfer etdiyimiz maddi “məhsul”lara istinad edirik.

Bu ölkədə yeni ilə keçid nə qədər insan üçün yolka qurmaq, şar şişirtmək və doyunca kabab yeməklə əlamətdardı. Informasiya texnologiyalarının inkişaf etdiyi dövrdə biz internet vasitəsilə yemək reseptləri axtarmaqla kifayətləndik. Dünyada və ölkədə baş verənlər bizi qətiyyən maraqlandırmadı. Təhsilin, səhiyyənin, hüququn, iqtisadiyyatın acınacaqlı vəziyyəti, hansısa müğənninin mənzilindəki çal-çağırın cazibəsində itdi.

Biz ötən ili pisliklərə, yalanlara, yaltaqlıqlara, qanunsuzluqlara boyun əyərək yola salırıq. Əslində, biz 20 ildir ki, yeni ilə qədəm qoya bilmirik. Təqvim olaraq yeni ilə keçsək də, mənən hər il köhnəliyə addımlayırıq. Biz saxta babalara, şaxta babalardan daha çox yarınmağa çalışdıq. Biz fərqində deyilik ki, bütün bayramları tapdalanmış qürurumuzun müşahidəsində qeyd edirik.

2014-cü ildə neftin qiyməti düşdü, ölkənin ən ləyaqətli insanları şərlənərək həbsə düşdü, dövlətin sərvəti bir qrup adamın cibinə düşdü. Xalq isə həmişəki kimi uçurumun dibinə doğru düşməyə davam etdi. Yəni biz bütün bayramlarımızı dərdlərimizin “işığ”ında qeyd etməyi ənənəyə çevirmişik.

Bəlkə də adamların həyətindəki maşın dəyişdi, amma həyatındakı baxış dəyişmədi. Ən facilə olan budur ki, biz itirə-itirə bayram etməyi qazanc kimi görə bilirik.

Bu sətirləri yazmaqda məqsədim o deyil ki, yeni ilə ağlaya-ağlaya gedək. Sadəcə olaraq bundan sonrakı günlərimizi belə yaşamamalıyıq. Ömür payını ömrümüzdən oğurlayanlara paylamaqla davam etməməliyik.

Bir az qlobal düşünməyi, bir az evimizdən kənara da boylanmağı bacarmalıyıq. Dəhşətlidir, bizim təkcə 20 faiz torpağımız deyil, təfəkkürümüz də işğal olunub. Avtobusda sürücüyə, bazarda alma satana, restoranda ofisianta əsəbiləşdiyimiz kimi, mənbəyi olduğumuz hakimiyyətə də təpinməyi bacarmalıyıq.

Günahsız həbs olunmuş insanların zindanda keçirdiyi hər gün bizi narahat etməli, sızlatmalıdır. Çünki, onlar kiminsə dükanından oğurluq etdiklərinə görə yox, xalqın “dükan”ından oğurluq edənləri ifşa etdiklərinə görə həbs olunublar.

Öləkədə korrupsiya, özbaşınalıq, ədalətsizlik hökm sürürsə, Şaxta babanın hədiyyəsi bunu unutdurmamalıdır. Özümüz daxilən yenilənmədikcə, biganəlikdən, qorxaqlıqdan imtina etmədikcə, yeni ilin gəlişi heç nəyi dəyişməyəcək.

Hamınız özünüzə sual verin. Ötən il mənim həyatımda nə dəyişdi? Haqsızlığa, yalana, zülmə etiraz edə bildimmi? Özümüzü utandırmağı bacarmalıyıq. Bacarmalıyıq ki, 2015-ci ildə belə yaşamayaq. Vətəndaş olmaq arzusu ilə yaşayın ki, “arzunuz çin olsun” deyə bilək.

Yeni il bayramınız mübarək olsun. Yeni təfəkkür tərziniz mübarək olsun. Köhnəlikdən imtina qərarınız mübarək olsun.

Ilham Hüseyn/azadlıq
1149 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı