Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

Burda gülməli nə var?

“Toyda ağlamağım gəlir, Yasda gülmək tutur məni. Yasda sevinirəm, sağam!.. Toyda ölmək tutur məni".
(R.Rövşənin “Tərs nəğmə” şeirindən)

Dünən mənə xəbər verdilər ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim hardasa haqqımda deyinibdir. Mənim hərdən onu da tənqid eləməyimə dözməyibdir. Belə fikirlər səsləndirib ki, guya mən yumor yazıram, halbuki onun haqqında yazdıqlarım heç gülməli deyildir.

Açığı, mənim heç vaxt iddiam olmayıb ki, yazdıqlarım gülməlidir, bilmirəm Anar müəllim bunu hardan çıxardıbdır. Hətta kimsə “gülməli yazılar müəllifiyəm” tipli bir cümləmi tapıb çıxartsa indiyə qədər işlədiyim qəzetləri hökumət bağladıqdan sonra hesablarında qalan qonorarlarımı o şəxsə bağışlayaram.

Ümumən AYB sədrinə gələndə, onun haqqında heç gülməli yazmaq da mümkün deyil, nə yazsan ağlamalı alınır. Məsələn, gözünüzün qabağına 80 yaşlı bir qəlyanlı yazıçı gətirin, bu adam azı 70 ildir nəsə yazır, pozur, hər cür hökumətlərə qulluq edir, dövlətdən uşaq qorşokundan tutmuş villaya qədər hər şey alıb, ancaq ortada bir dənə də maraqlı əsəri yoxdur. İnanmırsınızsa xalq arasında sorğu keçirdin. Uca millətimiz Anar müəllimi “Təhminə haqda kinonu yazan” adam kimi tanıyır. Yəni, bir qocaman yazıçı ki, dillərdə dastan əsas sitatı melodramadan cümlə şəklində “Tələsmə, Zaur, tələsmə” ola, onun haqqında necə gülməli yazmaq mümkündür? Buna gülmək ən alçaq hərəkət olardı. Əksinə, bu yaradıcılığa yaxşı bir ehsan vermək lazımdır, ağıçı arvadlar çağırıb mərasim qurulmalıdır. Təbii, əndazəni aşmamaq şərtiylə, çünki indi hökumətin qərarı var, gərək ehsan bir qədər sadə olsun, təvazökar olsun. Anar müəllim isə həmişə hökumətlərin hər bir qərarına can-başla əl çalmış adamdır, öz yaradıcılığının ehsanı zamanı da dövlətçiliyə riayət edəcəyinə şübhəniz olmasın.

Bizim ölkədə tək bu adam deyil, başqa adamlar, o cümlədən hadisələr hamısı tamamilə ciddi, ağlamalıdır. Misal üçün, Anar müəllimin adaşı olan bir Anar Əliyev var idi, vaxtilə “Azadlıq” radiosu araşdırma aparıb neft pullarımızın, Dövlət Neft Fondu vəsaitlərinin xeyli hissəsinin bu uydurma ad altında basılıb yeyildiyini aşkara çıxartmışdı. Hökumətin qisasçı cavab atəşiylə “Azadlıq” radiosunun Bakı ofisi susduruldu, dünən isə mən belə bir xəbər oxudum: “Anar Əlizadə ilin biznes adamı adını almışdır”. Soyadı Əlizadəyə çevrilib, üstəlik də bütün real və xəyali biznesmenlərimizi ötərək ilin adamı olubmuş.

İndi buna necə gülmək olar? Gülərsən, səni də tutub zindana salarlar. Ən yaxşısı ağlamaqdır. Ağlayan adamı hətta əfv edirlər.

Neft Fondu demişkən, bugünlərdə onun yeni ofisinin açılış mərasimi keçirilib. İçində pul-zad qalmasa da babat binası varmış. AzərTAc xəbər verir ki, Neft Fondumuzun yeni binasının tərtibatı... bölgələrimizdəki xalça sənətinə uyğun aparılıb, binada tar-kaman muzeyi, restoran, hətta “qış bağı” da yaradılıbdır. Bağ-bağat doğrudan lazımdır, çünki neft qurtaranda qarpız-yemiş, boranı, armud, fındıq becərməyin metodlarını bilməyimiz vacib olacaq. Bəlkə o zaman fondun adını dəyişib Dövlət Qoz Fondu qoyarıq. O cümlədən, DNF-in binasında xalçalar və kamançanın qoyulması uzagörən dövlət siyasətidir, çünki neft pullarının başına daş salınandan sonra xalçanın üstündə kaman çalıb ağlaşmaq lazım gələcəkdir. Hələlik, Anar müəllim demişkən, “tələsmə, Zaur, tələsmə”...

Son 3-4 gündə Bakı şəhərində 2 yerdə - Yasamal və Nərimanov rayonlarında gözəgörünməz parkların açılış mərasimləri də olmuşdur ki, bunları hansı xəbər kateqoriyasına daxil edəcəyimi hələ bilmirəm. Yəni, ağlamalı desək, ağlamalı deyil, çünki ali rəhbərlik səviyyəsində parkların açılış törəni olub, video-foto çəkilib, bunlar hamısı internetdə durur. Gülməli də deyil, çünki xəbərlərin başlığı “Park açıldı” olsa da şəkillərdə heç bir ağac yoxdur! Yalnız daş, metlax, mərmər döşənmiş, ara-bərəsinə ot əkilmiş açıq sahələr görünür. Biz isə elə bilirdik parkda ağac da olur. Bəlkə də ağac var, meşə qədər sıxdır, amma bizə görünmür?

Xahiş edərdik gələn dəfə xəbəri “çəmənlik açıldı” şəklində versinlər. Bu da qəbulumuzdur. Otluqda uzanıb çiçək qırpa-qırpa ağlaşarıq.

Zamin Hacı/musavat
1328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09