Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2014

Əli Əhmədovun “ayaq tutmayan” yalanları

Hakimiyyət-xalq birliyi mövcuddursa, seçkilər niyə saxtalaşdırılır?

YAP hakimiyyətinin sözçüləri eyni yalanları o qədər təkrarlayıblar ki, artıq özləri də öz yalanlarına inanmağa başlayıblar. Diqqət etmisinzsə, bütün hakimiyyətyönlülər “5-ci kolon”, “ermənipərəst”, “xarici dairələrin agenti”, “radikal müxalifət” kimi ifadələri həyat tərzinə çeviriblər. Eyni zamanda “uğurlu inkişaf”, “regionun lider dövləti” kimi deyimlər də dillərindən əskik olmur. Sanki, bu ifadələrlə öz qanunsuz əməllərini, antidemokratik mahiyyətlərini gizlətmək istəyirlər.

YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov bu “ənənə”ni davam etdirərək, yenə də müxalifəti xəyanətdə, uğursuzluqda suçlayıb: “Əlbəttə, bütün bu neqativ cəhdlərin heç bir nəticəsi olmayacaq, çünki Azərbaycan dövləti ictimai-siyasi sabitlik və təhlükəsizliyi etibarlı şəkildə təmin edib, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir, ”beşinci kolon"un dağıdıcı fəaliyyətini narazılıqla qarşılayır. Azərbaycan ictimaiyyətinin bu zamana qədər radikal müxalifətə göstərdiyi münasibət dediklərimizin bariz nümunəsi və sübutu qismində çıxış edir. Beləliklə, onlar Azərbaycanda ictimai-siyasi situasiyaya az da olsa, təsir etmək gücündə olmadıqlarını özləri də dərk edirlər, amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə, tamamilə daha böyük günahlara gətirib çıxaran səhvlər etmiş olurlar. Bütövlükdə radikal müxalifət öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur. Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Azərbaycanda radikalllığa, aqressivliyə yer yoxdur"- deyə Əli Əhmədov bildirib.

Göründüyü kimi, Əli Əhmədov yenə də öz ampluasındadır. Amma bu dahi şəxsiyyətə bir neçə məqamı xatırlatmağı vacib sayırıq.

Əgər hakimiyyət bu qədər güclüdürsə, xalq-iqtidar birliyi varsa, müxalifətin cəmiyyətdə dayaqları yoxdursa, niyə belə narahatsınız?

Əvvəla, xalq-iqtidar birliyi olsaydı, YAP hakimiyyəti bütün seçkiləri biabırçı şəkildə saxtalaşdırmazdı. Yəni ölmüş adamların yerinə səs verilməsi, “karusel” əməliyyatları, topa bülletenlərin atılması hallarına ehtiyac qalmazdı. Xalq-iqtidar birliyi olsaydı, bütün seçkilərdə müxalifət namizədləri qalib gəlməzdi. Əli Əhmədovun 2010-cu ildə AXCP sədrinin müavini Gözəl Bayramlıya biabırçı şəkildə uduzması da bu “birliyin” göstəricisidir. Xalq bu iqtidara etimad göstərsəydi, saxta seçilmiş YAP-çı deputatlarla bağlı Avropa Məhkəməsinin qərarları olmazdı. Bəli, məhz xalqın səsini oğurladığınıza görə dövlət büdcəsindən real seçilmişlərə təzminat ödəyirsiniz.

Digər tərəfdən, müxalifətin dayaqları yoxdursa, xalq bu müxalifətə nifrət edirsə, niyə zindanları müxalifətçilərlə doldurmusunuz? Niyə bu müxalifətçilərə görə bütün dünya ilə düşmənçilik edirsiz?

Müxalifətin cəmiyyətdə dayaqları olmasaydı, AXCP-nin qərargahı partladılmaz, partiya sədrinin xaricə çıxışı yasaqlanmazdı. Bu hakimiyyət xalqın sevgisini qazanmış olsaydı, YAP hakimiyyəti 60 yaşlı Leyla Yunusun, Intiqam Əliyevin, Seymur Həzinin və digərlərinin varlığından narahat olmazdı.

Təkcə 2013-cü ilin prezident seçkiləri sübut etdi ki, hakimiyyətin cəmiyyətdə heç bir dayağı yoxdur. Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə qarşı hakimiyyət 9 namizəd çıxarmışdı. Amma nəticədə Cəmil Həsənli qalib gəldi.

Yəni bütün müşahidələr onu göstərir ki, hakimiyyətin cəmiyyətdə heç bir nüfuzu yoxdur və yeganə şəffaf seçki bu hakimiyyətin sonu deməkdir. Təbii ki, Əli Əhmədov da bunu bilir və buna görə də bütün dünya ilə düşmən olmağı gözə alıblar.

Əli Əhmədovun “radikal müxalifət öz ideologiyasını və mövqeyini dəyişməlidir” ifadəsi isə açıq şəkildə hədədir. Əli Əhmədov demək istəyir ki, real müxalifət cib müxalifətinə çevrilməsə, repressiyalar davam edəcək və bu adamlar cəzalandırılacaq.

Bu ifadənin özü də hakimiyyətin zəifliyinin və cəmiyyətdə avtoritetinin olmamasının göstəricisidir.

Müxtəsər, Əli Əhmədov YAP-ın cəmiyyətdəki yerini müxalifətə “təhvil” verməyə cəhd edib./azadlıq/
1227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber