Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2013

OMON İlham Rəhimovun bazarında silah və narkotik axtarır

"Sadovod" bazarının rəhbərliyi isə nə baş verdiyini anlamır və narazıdır

Rusiya  hüquq-mühafizə orqanları Moskvanın ən iri bazarlarından biri olan “Sadovod”da yenidən total “oblava” başladıb.

Virtualaz Rusiya KİV-lərinə istinadla xəbər verir ki, yüzlərlə xüsusi təyinatlı polisin o cümlədən Federal Miqrasiya Xidmətinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə başladılan reydlərdə məqsəd qeyri-leqal miqrantları aşkara çıxarmaqdır. Lakin polis bazarda qarşılarına keçən bütün miqrantları saxlayır və avtobuslara doldurur. 

Reydlər Moskvanın “Salyut” və “Belaya daça” bazarlarında da keçirilir. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilir ki, əməliyyat “Zaslon-2” kod adı altında keçirilir. Bundan əlavə hüquq-mühafizə orqanlarında məlumat var ki, “Sadovod” bazarında qanunsuz silah, narkotik və saxta mal dövriyyəsi həyata keçirilir. 

Qeyd edək ki, bu, “Sadovod” bazarında son üç ayda keçirilən üçüncü irimiqyaslı reyddir. Sonuncu dəfə ötən ay OMON “Sadovod”a hücum edib və 1500-dən çox adamı saxlayıb. “Sadovod” bazarının sahibləri prezident Vladimir Putinin tələbəlik dostu olmuş azərbaycanlı milyarder İlham Rəhimov və onun yəhudi ortaqları-Quba rayonundakı Qırmızı qəsəbədən olan milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsusdur. Moskvada cəmi 1 milyon kvadratmetrdən çox sahəsi olan daşınmaz əmlaka nəzarət edən ortaqlar üçün “Sadovod” əsas gəlir mənbəyi hesab edilir. 

Moskvada əsasən azərbaycanlıların nəzarətində olan nəhəng topdansatış bazası “Pokrovka” bağlandıqdan sonra onun “sakinlərinin” xeyli hissəsi “Sadovod”a yerləşib. Moskva meri Yuri Sobyanin bəyan edib ki, “Sadovod” söküləcək və onun yerində müasir ticarət mərkəzinin tikintisi planlaşdırılır. Rusiya mediası yazırdı ki, bazarın tamamilə ləğv edilməməsi onun sahiblərinin Kremldə əlaqələrinin olması ilə bağlıdır. Lakin hələ “Sadovod” söküləndən sonra onun yerində ticarət mərkəzini kimin tikəcəyi dəqiq deyil.

Rusiya KİV-ləri xəbər verir ki, bazarda keçirilən “oblava” ilə bağlı “Sadovod”da işləyən ticarətçilər və fəhlələr arasında böyük təşviş yaranıb. Bazarda işləyənlər OMON-un əlinə keçməmək üçün birbaşa Moskva Dairəvi Avtomobil Yoluna qaçırlar. Bazar Moskva Dairəvi Avtomobil Yolunun 14-cü kilometrliyində yerləşir. “Mənim bütün sənədlərim qaydasındadır. Mən  Luqanskdanam, “Sadovod”da işləyirəm, ancaq buna baxmayaraq mən də qaçmalı oldum. Hamı qaçır, biz də qaçırıq. Problem ondadır ki, polis kimi gəldi saxlayır, sonra pul tələb edir” deyə bazarın işçilərindən olan Yuri adlı ticarətçi bildirir. 

Xəbər verilir ki, bazarın ətrafında çoxlu sayda polis avtobusları var, ticarət mərkəzinin hər çıxışında onlarla OMON-çu dayanır. “Sadovod”un rəhbərliyi isə baş verənlərdən narazıdır və reydlərin səbəbini anlamır. “Artıq neçənci dəfədir ki, bazarda yoxlamalar keçirilir. Biz bunun səbəbini anlamırıq, Rusiya Federasiyasının bütün qanunlarına əməl edirik, rəhbərlik bütün xidmətlərlə əməkdaşlıq edir” deyə “Sadovod”un mətbuat xidmətindən bildirilib.Mənbə deyib ki, keçən dəfə yoxlama zamanı 1500-dən çox adam saxlanılmışdı. Onların arasında həm ticarətçilər, həm alıcılar olub. Ancaq cəmi 10 qeyri-leqal miqrant müəyyən edilib və onlar deportasiya olunub. Qalanların hamısının sənədlərinin qaydasında olduğu üzə çıxıb. İndi isə bazarda ümumiyyətlə qeyri-leqal miqrant yoxdur.

1952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44