Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2015

Etdi çax-çux, yığdı çox-çox, çıxıb getdi, oldu çex – odioz nazirin son səfəri

O, bu ölkənin ən odioz nazirlərindən biriydi, ilk beşlikdəydi.

Burada keçmiş zaman şəkilçisi onun vəzifəsinə aiddir, adam indi nazir deyil. Amma yenə də odiozdur.

Onun keçmiş nazir olması, bu statusa yetirilməsi üçün bir vaxtlar sırasında bu sətirlərin müəllifi də olmaqla jurnalistlər yüzlərlə məqalə yazıb.

Fəqət onu hər vəchlə qoruyurdular, müdafiə edirdilər, xalqa və jurnalistlərə inad, vəzifəsində saxlayırdılar. Niyəsini dəqiq bilmirdik. Amma təxminlərimiz vardı. Klana sədaqət, işbirliyi...

Biz onun – Səfər Əbiyevin orduya tamam faydasız, yararsız biri olduğunu bilirdik, elə bu cür də yazırdıq.

Yazırdıq ki, o vəzifədə qaldıqca əsgər ölümləri davam edəcək. O, nazir olaraq qalırdı və əsgər ölümləri davam edirdi.

Yazırdıq ki, Əbiyev vəzifədə qaldıqca ordu ən korrupsiyalaşmış dövlət strukturu olaraq qalacaq. Əbiyev postunda qalırdı və korrupsiya tüğyan edirdi.

Yazırdıq ki, bu adamın dövranı uzandıqca ən yaxşı hərbçilərimiz ordudan didərgin salınacaq. Elə də olurdu. Sonradan ordudan qanunsuz kənarlaşdırılanların böyük bir kontingenti üzə çıxdı.

Yazırdıq ki, adam müdafiə nazirindən daha çox iş adamıdır, biznes strukturlarına rəhbərlik edir, milyonlar qazanır. Bir nazirin biznesmen olması normalmış kimi davranırdılar.

Ordudakı “dədəlik institutu”ndan yazırdıq, xeyri olmurdu. “Dədələr” “yeni əsgərlər”i sözün əsl mənasında minirdilər, incidirdilər, sözə baxmayanda döyürdülər, öldürürdülər, zorlayırdılar.

Yazdıqlarımız kağız üzərində qalırdı. Arada düşmən qazanırdıq. “Orduya böhtan atanlar var” deyib bizi yamanlayırdılar, məhkəməyə verirdilər, hədələyirdilər.

Müdafiə Nazirliyi ilə jurnalistlər ordusu arasında bu çəkişmə-vuruşma o vaxta qədər davam etdi ki, bir gün süngü sümüyə dayandı, ölkə rəhbərliyi deyilənlərin, yazılanların yüzdəyüz düz olduğunu gördü.

Nəhayət, onu vəzifəsindən götürdülər. Yeni nazir gəldi. Əsgər ölümləri azalsa da, bitmədi. Ordudakı problemlər tamamilə həll olunmadı.

Çünki Əbiyev ordunun başında olmasa da, əbiyevizm orduda qalmaqdadır. Onun əsas kadrı – Nəcməddin Sadıkovun səlahiyyətləri bir az da artıb. Əslində ordumuzda yaranan problemlərə görə məhz bu iki adam cavabdehdir.

İndi xəbər gəlir ki, sabiq nazir Çexiya vətəndaşlığı alıb. Gözlənilməz deyil.

Əbiyevin bu ölkəyə vətən kimi baxmadığı öncədən bəlliydi. Azərbaycan onun üçün əlverişli biznes mühitinə malik “azad iqtisadi zona”dan başqa bir şey deyildi.

Adam taleyin hökmü ilə nazir vəzifəsi tutdu, oğurluq-doğruluq milyonlar topladı, çax-çux etdi, çoxlu pul yığdı və çıxıb getdi, çex oldu.

Hüquqşünas Əlövsət Əliyev araşdırıb ortaya qoyub ki, Əbiyevin Çexiya vətəndaşlığı alması qanunsuzdur. Birincisi, adam ölkəmizdə dövlət sirrini bilən ən mühüm şəxslərdən biri olub və ən azı beş il başqa ölkədə yaşaya bilməzdi.

İkincisi, Əbiyev çex dilini B1 səviyyəsində bilməliymiş. Yəqin ki, onun çex dilində bilgisi “milyonlarımı hansı bankınıza yatıra bilərəm” cümləsini qurmağa yetməz.

Üçüncüsü, o, 5 il bu ölkədə yaşamalı və Çexiyaya inteqrasiya olunmalıymış. 60 il yaşadığı, 20 il nazir işlədiyi ölkəyə inteqrasiya olunmayan birisi qiyabi şəkildə Çexiyaya necə inteqrasiya olub, görəsən?

Bir Əbiyev deyil, sabah Nəcməddin Sadıkov da vəzifəsindən çıxarılsa, o da ləngimədən ölkəni tərk edəcək və dövlət sirrlərini özüylə aparacaq. Onun başqa ölkədən vətəndaşlıq almasına da ehtiyac yoxdur. Zatən, Sadıkov hazırda da başqa ölkənin vətəndaşıdır.

Bəs Əbiyev niyə çiyninə ilk poqonları taxan Rusiyaya yox, Çexiyaya getdi? Güman ki, onun Rusiyaya güvəni yoxdur. Üstəlik, Rusiya investisiya qoymaq üçün əlverişli deyil və rəsmi Bakı tələb edəcəyi təqdirdə Moskva bazarlığa gedərək onu geri verə bilər. Çexiya isə verməz.

O da güman olunur ki, sabiq nazirin Çexiyada biznesi uzun illər öncədən varmış, indi də işinin başına gedib.

Hər halda, bu şəxs bu vətəndən oğurladığı haram milyonları asudə xərcləmək üçün əlverişli mühit tapıb və bir zamanlar qorumalı olduğu ölkəyə xəyanət edib. Bu, belə bilinsin.

Xalid Kazımlı/musavat
840 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber