Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

Mən hansı ölkənin vətəndaşıyam?

Son günlər ölkə mətbuatının, sosial şəbəkələrin əsas mövzusu keçmiş Müdafiə Naziri Səfər Əbiyevin Çexiya vətəndaşlığını qəbul etməsi oldu. Bu xəbərin nə qədər doğru olduğunu deyə bilmərəm. Bəlkə də növbəti şaiyədir, bəlkə də tam həqiqətdir. Istənilən halda Səfər Əbiyevin Çexiya vətəndaşı olub-olmaması mənim üçün təəccüblü deyil. Əvvəla, bu adam müdafiə naziri olanda da vətəndaşlığını hiss etməmişdik, orduda hansısa irəliləyişin olduğunu, əsgərə ata qayğısının göstərildiyini, 20 qarış torpağın işğaldan azad edildiyini, zabit mötəbərliyini də görməmişdik. Yəni, Səfər Əbiyev bizim üçün heç vaxt müsbət qəhrəman olmayıb. Həm onun, həm də indiki nazirin fəaliyyət dövrü bizim yaddaşımızda əsgər ölümləri, atəşkəs pozuntusu kimi qalıb.

Təbii ki, mən bu yazıda nazirlərin fəaliyyətini qiymətləndirmək fikrində deyiləm. Sadəcə olaraq Səfər Əbiyevin Çexiya vətəndaşı olmasının yaratdığı marağa münasibət bildirmək istəyirəm. Əlbəttə, Azərbaycanın Müdafiə Naziri olmuş bir şəxsin Çexiya vətəndaşına çevirliməsinin səbəbləri maraq doğura bilər. Amma bu maraq və təəccübdə əks arqument də var. Daha doğrusu arqument kimi sual var. Bəs, biz hansı ölkənin vətəndaşıyıq?

Bəli, düz eşitdiniz. Biz də xalq olaraq vətəndaşlıqdan imtina etmişik. Ölkədə baş verən ədalətsizliyə, zülmə, soyğunçuluğa, korrupsiyaya susmaq da vətəndaşlıqdan imtina deyilmi?

Bu ölkədə yaşaya-yaşaya, rəsmən Azərbaycan vətəndaşı ola- ola da vətəndaşlıqdan imtina etmək olur. Biz, 20 ildir təkcə vətəndaşlıqdan deyil, vətəndən də imtina etmişik. Bəli, ölkəmizin 20 faizindən 21 il əvvəl, 80 faizindən isə 21 ildir ki, imtina etməklə məşğuluq.

Artıq bizim üçün vətəndaş olmağın ümummilli tərifi formalaşıb. Biz qəbul etmişik ki, vətəndaş olmaq olanlara dözməkdir. Biz müdrikləşərək “hökumətlə hökumətlik etmək olmaz” deyimini ixtira etmişik. Laqeydliyimizi sığortalamaq üçün kiflənmiş bəhanələrə istinad etmişik.

Rus tənqdiçisi Belinski deyirdi ki, öz vətəninə mənsub olmayan insan bəşəriyyətə də mənsub deyil.

Bu ölkədə isə öz vətəninə mənsub olanlar həbsxana sakininə çevrilib. Milyonlarla insan isə baş verənlərə tamaşa etməklə kifayətlənir.

Nəticədə məlum olur ki, “onsuz da düzələn deyil” deyənlərin özlərinin düzəlməyə ehtiyacı var. Səfər Əbiyevdən fərqli olaraq bu adamların hansı ölkənin vətəndaşı olmaları məlum deyil. Sanki bu adamlar “şəxsiyyət vəsiqəsi”ni istismar edirlər.

“Ac qulağım dinc qulağım”, “başını aşağı sal işini gör”, “mən siyasətə qarışmıram” kimi deyimlərin müəllifləri necə vətəndaş ola bilərlər?

Çox təəssüf ki, yaşadığımız ölkədə xeyli sayda içinə mühacirət eləmiş insanlar var. Yəni, xeyli adam ölkəni tərk etməsə də, ölkədə yaşaya-yaşaya öz içinə köç edib. Sanki heç nəyi eşitmir, görmür, bilmir. Amma bu adamlar başqalarını ittiham etməkdən də çəkinmirlər. Bu adamlara görə rüşvət, yaltaqlıq, şər-böhtan, soyğunçuluq pisdir. Amma onlara qarşı mübarizə aparmaq da pisdir.

Məhz vətəndaş olmaqdan imtina etdiyimizə görə, vətənimizdə qula dönmüşük.

Özünüzə sual verin. Mən hansı ölkənin vətəndaşıyam? Əgər, cavabınız “Azərbaycan” olsa, bunu təsdiq etməyə çalışın. Həqiqətlərdən, mübarizədən, doğru əməldən qaçırsansa, bu ölkənin vətəndaşı deyilsən. Sən ən yaxşı halda vətənsizlərin vətəndaşı ola bilərsən.

Türk siyasətçisi Ismayıl Həbib Sevük “Vətənində ölməyən insan iki dəfə ölür” deyirdi.

Camaat, 1 dəfə ölmək lazımdır. Yəni, vətəndaş olaraq yaşamaq lazımdır. Səfər Əbiyev belə bir addımı Çexiyada atıbsa, siz yaşadığınız ölkədə eyni addımı atırsınız.

İlham Hüseyn /azadlıq
782 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:11