Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2015

Namaz qılan prokurorlar işdən qovuldu

Zaqatala Rayon Prokurorluğunun əməkdaşı Seyfulla Qurbanov günorta namaz qıldığı üçün işdən çıxarııb.

Rayon prokurorluğunda 30 ildən artıq müddət ərzində dəftərxana müdiri vəzifəsində işlədiyini deyən S.Qurbanov bildirir ki, işdən azad edərkən onun hətta sanballı stajına da məhəl qoymayıblar. Üstəlik o, işdən çıxarılarkən heç bir rəsmi səbəb göstərilməyib.

S.Qurbanovun sözlərinə görə, 15 ildən çoxdur ki, namaz qılır, ibadətlə məşğuldur. O bildirib ki, namaz qılmaq üçün gündə cəmi iki, qış aylarında isə üç dəfə hər dəfə 15 dəqiqəliyə olmaqla iş yerindən ayrılıb prokurorluğun binasının cəmi bir addımlığında olan məscidə gedirmiş.

“15 ildən çox idi ki, belə davam edirdi. Hər dəfə də namaz qılmaq üçün işdən 10-15 dəqiqəliyə çıxanda bu haqda rəhbərliyə deyirdim. Yəni icazəsiz çıxmırdım. Bu günlərdə də namaz qılmaq üçün məscidə getməzdən qabaq rayon prokuroru Əli Abdullayevdən icazə istədim. O da etiraz etmədi. Həmişə olduğu kimi, işdən bu dəfə də cəmi 10 dəqiqəliyə ayrıldım. Mən haradan biləydim ki, hər dəfə icazə alıb namaz qılmağa gedəndə prokuror mənim barəmdə yuxarılara raport yazıb iş yerini guya özbaşına tərk etdiyimi bildirirmiş?!

Bir müddətdən sonra Əli Abdullayev məni yanına çağırıb dedi ki, işdən belə tez-tez çıxıb özbaşına harasa getdiyin üçün işdən azad olunursan. Mən də cavabında dedim ki, təqaüd yaşına çatmağıma 2 il qalıb. İsrarla xahiş elədim ki, bu qərarını dəyişsin, mənə pensiyaya çıxana qədər işləməyə imkan, vaxt versin. Amma bu xahişlərim cavabsız qaldı. Əli Abdullayev mənə dedi ki, biz işlədiyimiz üçün maaş alırıq, namaz qıldığımız üçün yox. Halbuki mənə namaz qılmaq üçün məscidə getməyə neçə vaxt idi elə Əli Abdullayev özü icazə verirdi.

Bu da azmış kimi, Balakən Rayon Prokurorluğunda işləyən oğlum Sərxan Qurbanovu da elə həmin gün işdən azad etdilər. Onu da işdən bu səbəblə - namaz qıldığı üçün çıxardılar.

Bütün bunlar bizim elementar insan haqlarımızın pozulmasının aşkar sübutudur. Ona görə də məhkəməyə müraciət etmişəm. Məhkəmədən tələb etmişəm ki, işdən qanunsuz azad olunmağım faktını rəsmən tanısın. Söz yox, məhkəmənin ədalətli qərar verəcəyinə inanmıram. Bununla belə ümid edirəm ki, daha yuxarı instansiyalar hüquqlarımızın pozulması faktına diqqət yetirmiş olarlar” - deyə Seyfulla Qurbanov bildirib.

Vəkil Fuad Ağayev bu faktı virtualaz.org saytına şərh edərkən bildirdi ki, məsələnin detalları ilə xırdalığına qədər tanış olmadığı üçün buna birmənalı qiymət verməkdə çətinlik çəkir.

Bununla belə vəkil hesab edir ki, əgər S.Qurbanov işdən qanunsuz çıxarıldığını zənn edirsə, onda o, məhkəməyə müraciət edərək öz əmək hüquqlarının bərpa olunmasına çalışmaq haqqına malikdir.
642 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı