Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

Ciyərində qəlpə, ürəyində çörək yükü daşıyan əlilin bayramı

“Bayram? İşsiz əlil bayramı necə qarşılamalı idi ki? Uşağıma dərman ala bilmirəmsə, bir Qarabağ əlili kimi müalicəmlə məşğul olmaq imkanım yoxdursa, bu ailədə hansı bayramdan danışmaq olar? Pensiyamı aldım, uşaqlarımı yığdım başıma, bayramı da şirinçayla yola verdik, getdi...”

II qrup Qarabağ əlili Əhməd Rəhmanov təzə ili evdəki balacaların qarşısında üzüqara qarşılayıb. Onlara nə yolka qura, nə də xudmani süfrə aça bilib...

Bu il Şaxta baba da “üzüdönük” çıxıb - Əhmədgilin qapısına “yolu düşməyib”, qapının arxasına “hədiyyə qoymayıb”... Hamısı da ailə başçısı Əhmədin işsizliyindən...

Bahalı və nisyə dava-dərman...

Əhməd sağlamlığına görə vaxtilə orduya aparılmasa da Qarabağda müharibə qızışanda könüllü batalyonlara qoşulub. Üç dəfə yaralanıb. Üçüncü yaralanmadan sonra evinə ağciyərində qəlpə ilə dönüb. Uzun-uzadı müalicələr, imkansızlıq, əlillik statusu...

Bir çox əlillərdən fərqli olaraq o, özünə qapanmayıb. Ciyərində qəlpə, ürəyində həyat eşqi... Həyat davam edib, ailə qurub... Tale yenə ona sərt üzünü çevirib - ilk övladı autizim xəstəliyinə tutulub. İllərdir ki, özünü oda-közə vurur, bədəninin qəlpələrini unudub övladının sağlamlığı üçün bahalı dava-dərmanlar alır, borc-xərc içində üzür.  Üstəlik də 17 il işlədiyi işindən zorən ayrılması...

“Nəsimi Qaz İstismar İdarəsində çilingər işləyirdim. Həmişə də məsuliyyətli işçi olmuşam. Yayda idarədə guya ixtisar apardılar. 12 işçidən yalnız əlilləri çıxardılar. Dörd əlil işsiz qaldı. Təsəvvür edirsinizmi?! Onlardan üçü Qarabağ, biri Əfqanıstan müharibəsi əlili idi. Bizə başqa iş təklif edirdilər. Ancaq əlil kimi o işlər bizim üçün çox ağır idi. Yəni o işləri təklif edirdilər ki, razılaşmayacağımızı əvvəldən bilirdilər” - deyə Əhməd Rəhmanov başına gələnləri virtualaz.org saytına nəql edir.

Əlil bildirir ki, gəzib-dolanıb evə əliboş qayıdanda onu işdən çıxaranlara “dua edir”: “İşsizlik sağlam insana zərbədir, o ki qala ailəli, öhdəsində iki azyaşlı uşağı olan, üstəlik də o uşaqlardan biri xəstə olan əlilə...

Cüzi pensiya ilə dolanıram. Əgər buna dolanmaq demək mümkünsə... Məcburam ki, orda-burda günəmuzd iş tapıb heç olmasa ailəmi yeməklə təmin edim. Səsimizi çıxaran kimi məmurlar ağızdolusu imtiyazlardan danışırlar. Ancaq hamı bilir ki, bu imtiyazların hamısı kağız üzərindədir. Heç kim deyə bilməz ki, əlil olduğum 20 ildə mənə pulsuz dərman verib. Pulsuz verdikləri dərmanlar aptekdə qiyməti 2-3 manat olan vitaminlərdir. Onu da elə süründürməçilikıə verirlər ki... O qapını döy, bu qapını aç, o blankı doldur, bu kağızı imzala... Azı 15 adama imzalatmalısan. Adam özünə nifrət edir...”

Rəfail ailənin böyük, Vahidsə kiçik övladıdır. Vahidin 2 yaşının tamamına aylar qalıb. Baş verənlərin fərqində deyil. Əlil atanın hansı əziyyətlərlə onun qarnını doyurduğunun da... Bu barədə düşünməsinə hələ illər var.

7 yaşlı Rəfailsə necə deyərlər, valideynlərinə gözdağıdır. Autizmə meylli uşağa peyvəndlər vurulduqdan sonra vəziyyəti daha da ağırlaşıb.

Əhməd Rəhmanov deyir ki, bir neçə ildir uşağın bahalı müalicəsi ilə məşğul idi. İşsiz qalandan müalicə də dayanıb: “Bu xəstəlikdən azca anlayışı olanlar bilir ki, müalicəsi, qidası bahalı olan xəstəlikdir. Azərbaycanda belə xəstəliklərin müalicəsi demək olar ki, yoxdur. Onların qidası xüsusi olur - qlüteinsiz pəhriz qidaları. Çox bahadır. Daha çox da xaricdən sifariş olunur. Bakıda barmaqla sayılacaq qədər iri marketlər var ki, o qidalardan hansınısa oradan tapanda sevinirik. İşləyirdim, azdan-çoxdan 5-3 manat toplayıb uşağı müalicə etdirirdim. İyun ayından bu tərəfə uşağın müalicəsi dayanıb”.

Əlillər ona görə işsiz qalırlar ki...

Yerli qanunvericiliyə görə, hər bir dövlət idarəsinə əlillərin məşğulluğu ilə bağlı kvota ayrılır. İdarədəki hər 25 iş yerinin birində əlil çalışmalıdır. Bəs niyə əlil işçilər idarə rəhbərləri üçün arzuolunmazdır?

Əhməd Rəhmanov bunun səbəbindən danışır: “Bir idarədə əlil varsa, orada mütləq əlillər üçün xüsusi şərait yaradılmalıdır. Hansısa idarəni yoxlamağa gələndə orada əlil işləyib-işləmədiyini də araşdırırlar. Əlilə görə şəraitin olmaması isə idarənin cərimələnməsi ilə bitir. İdarə rəisləri şərait yaratmaq əvəzinə əlildən yaxa qurtarmağa üstünlük verirlər. Rahatca qolundan tutub çölə atırlar. Bununla da problemin bitdiyini hesab edirlər”.

Əhməd Rəhmanovla birlikdə işdən çıxarılmış əlillər yığışıb idarəni məhkəməyə veriblər. Birinci və ikinci instansiya məhkəmələri onların işə bərpasına və məcburi buraxdıqları iş günlərinin məvaciblərinin onlara ödənilməsinə dair qərar da çıxarıb: “İdarə rəhbəri deyir, siz ki belə etdiniz, sizi nəinki işə qaytarmayacağam, heç itirilmiş maaşlarınızı da ödəməyəcəyəm. Bir sözlə, məmur özbaşınalığı...”

Əhməd yorulub. Bilmir, canındakı qəlpənin ağrısını çəksin, dava-dərmanına pul-para tapmadığı və gözünün qarşısında əriyən ciyərparasının dərdini çəksin, yoxsa acından ölməmək üçün çörəkpulunu hardan qazanmalı sualına baş sındırsın... Bir Qarabağ əlilinin acı həyat hekayəti də demək olar buna.../virtualaz/

1102 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber