Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2015

Hələ 360 gün qalır!

İl təzə başlayıb, cəmi beş gün keçibdir, “dünya beş günlükdür” deyən biz azərbaycanlılar üçün də prinsipcə böyük dəyişiklik olmayıbdır. Həmişəki durumdur: yenə Şaxta baba uşaqlara ən saxta Türkiyə peçenyelərindən pulu səfeh valideynlər tərəfindən ödənilən hədiyyələr gətirib (tək özünüzə götürməyin, o cür valideynlərdən biri də mənəm), yenə yollarda maşınlar toqquşub, camaat qırılıb, yenə hansısa manıs uca millətimizi təhqir edib, biz də bundan qəzəblənib qılıncı götürüb meydana girmişik. Adam heç bilmir nə yazsın. Mənim yerimə siz olsanız nə yazardınız? Üstəlik, açıq-aşkar yazanları zindana doldurublarsa...
Əlbəttə, ümid edə bilərik ki, qarşıdan gələn 360 gün həyatımız 360 dərəcə fırlanıb tamam yeni bir həyat olacaqdır! (Riyaziyyatı Misir və Mikayıl müəllimin vaxtında oxumusunuzsa bu cümlədən tam xoşbəxt olmaq haqqınız vardır). Qarabağ və ətraf rayonlarda, fısqırıq paralellə mısmırıq meridian arasında yerləşən ana vətənimizdə ədalət bərpa olunacaqdır, Səfər müəllim də geri qayıdacaqdır. Aha, mövzu tapıldı!
Demək, qış tətili günlərində sevgili xalqımızın əsas müzakirə mövzularından biri də keçmiş müdafiə naziri Səfər Əbiyevin Çexiyada malikanə və vətəndaşlıq alması xəbəri idi. Sonra dedilər guya bu xəbər yalandır. Hərçənd, doğru olsa neyləyəcəksiniz? Bizim üçün fərqi nədir? Ona qalsa bir keçmiş müdafiə nazirimiz Rusiya vətəndaşıdır, keçmiş deputatxana spikeri Amerikada viski hortdadır, bir milli qəhrəmanımız İsveçdə dönər satır, bir respublika şefimiz də Moskvada qoz əkir. Hələ bunlar qəfil yadıma düşənlərdir, vətəni ya vəlvələdən, ya zəlzələdən atıb gedən tanınmışlarımız minlərlədir. Sanki bir az böyüyəndən sonra bura sığışa bilmirik. İnsafən, balaca ərazidir. İndi böyründən kəsilən də getsə lap heç zad qalacaq, o zaman tanınmayanlar hamıdan qabaq qaçacaq.
Ancaq Səfər müəllimin mühacirət söhbəti maraqlı hadisələrlə müşayiət edildi. Məsələn, keçən ilin sonunda onun iki keçmiş kadrı zindandan buraxıldı: keçmiş admiral (keçən ildən yazırsansa hər şey keçmiş alınır) Şahin Sultanov və zəlzələşünas-polkovnik Elçin Xəlilov. Belə çıxırdı ki, şanlı hüquq-mühafizə orqanlarımız artıq Səfər müəllimlə “dil tapıblar”. Eyni zamanda Səfər müəllimin keçmiş müavini Mehman Səlimov həbs edilmişdi. Hərbidə “dil gətirmək” əsir götürməyə deyilir, bu baxımdan hesab edə bilərik ki, Əbiyevin ətrafında əsirlərin dəyişdirilməsi əhvalatı olmuşdur. İnşallah, tezliklə Mehman müəllim də çıxar, o zaman da məlum olar ki, Səlimovun azadlığı üçün Səfər müəllim Karlovı-Varıda karlı var-dövlətdən vaz keçmişdir.
Bunlar hamısı bizim yapist sistemin Qarabağ münaqişəsi ətrafında əməliyyatlarıdır. Avam camaat belə hərbi sirləri bilməsə yaxşıdır. Siz gedin bulvarda kanalizasiya suları ilə selfi çəkdirin, şpaqat açan xalanın videosunu müzakirə edin, nə bilim, başqa nə cür kefiniz istəsə elə də xoşbəxt olun.
Şpaqat demişkən, dəyərli oxucularımız bilir, mən televizora baxmıram, ancaq orda-burda hərdən gözümə verilişlər sataşır. 31 dekabr axşamı hansısa telekanalizasiyada maraqlı mənzərə gördüm: Telli Borçalı saz çalırdı, həmin şpaqat açan aparıcı da veriliş aparırdı. Yeni ilə bu cür girən millətin axırı necə olmalıdır ki? Veriliş tam faciə idi: aparıcı ortalığa bir maşın nömrəsi gətirdi, dedi ki, bunu küçədən tapmışıq, kimindirsə gəlsin aparsın, bu zaman saz çalan xanım nömrənin yiyəsindən hələ şirinlik də istədi. Bu dəhşətli zarafata xeyli gülüşdülər, studiyada əl çalanlar arasında bir neçə nəfər hətta gülməkdən altını islatdı.
Sonda bir vacib qeyd edim: dünyanın normal dövlətlərinin heç birində Yeni il gecəsi “Prezidentin xalqa müraciəti” adında veriliş olmur. Bu avtoritar qayda SSRİ-dən qalmadır, hazırda ancaq deyəsən Rusiya və Azərbaycanda tətbiq edilir. Ləğv edilsə yaxşı olar. Əlbəttə, ümid edirəm bunu yazmaqla rəhbərliyin qəzəbinə səbəb olmadıq. Əfv edin məni! Lazımdırsa foto-video ilə xiyabana gedim.
İndi ta özünüz baxın, yeni ilimiz qutlu olacaq, ya olmayacaq.

Zamin Hacı/musavat
864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55