Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2015

Məhkumun vəhşicəsinə öldürülməsinin dəhşəti hekayəsi

“Elşad Babayev ”su, su, su" deyib zarıyıb, amma ona su verməyiblər"
Qurban Məmmədov: “Səhər saat 5-də it hürüşməsinə və dubinka səsinə yuxudan ayıldıq. Artıq ordu bütün barakları basmışdı. Əsgərlər qoca, xəstə, cavan bilmədən hər kəsi vəhşicəsinə vururdular”

Ötən il dekabrın sonunda 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayev öldürülüb. 2014-cü il dekabrın 22-də bu hadisə baş verərkən tanınmış hüquqşünas Qurban Məmmədov məhbus olaraq həmin müəssisədə saxlanılırdı. Dekabrın 30-da Q.Məmmədov əfv olunub. Tanınmış vəkil həmin və sonrakı günlərdə orada baş verənlər haqda “Yeni Müsavat”a danışıb:

- Hüquqşünas və məhbus kimi Azərbaycanın bütün cəza müəsisələrində, təcridxanalarında olmuşam. 14 saylı cəza müəssisəsi ölkədə heç bir cəza müəssisəsi ilə müqayisə edilə bilməz. Ora dəhşətli bir yerdir!

- Hansı şərtlərə görə belədir?

- Bu, ilk növbədə təbiətlə, coğrafi yerləşməsi ilə bağlıdır. Orada Qızıldaş qəsəbəsində daş karxanaları var. İl uzunu mişar daşı istehsal olunur, toz göyə sovrulur. Külək həmin toz-torpağı baraklara doldurur. Həmin toz-torpaqdan qorunmaq mümkün deyil. Dəhlizdə yeridiyimiz yerdə ayaqlarımız görünmür. Sanki dumanda gəzirik. Yorğan-döşək, üst-başımız toz-torpağın içində olurdu. Bu, təbiətin yaratdığı problemlərdir.

- Həmin binalar məhz cəzaçəkmə müəssisəsi üçün inşa edilib?

- Oranı 1953-cü ildə tikiblər. Siyasi dustaqlar və ağır cinayət törədənlər üçün tikilib. Adamların məhv edilməsi nəzərdə tutulan müəssisədir. Müstəqillik dövründə orada vərəmli xəstə olan məhkumları saxlayıblar. Ən çox ölüm, ən çox xəstə məhkum oradan çıxıb. Ümumi rejimli cəzaçəkmə müəssisəsi kimi olduqca aşağı səviyyəlidir.

- Hansı baxımdan?

- Məhbusların şəxsi səviyyəsi və nəzarətçilərin davranışı baxımından ora Azərbaycanda olan ən aşağı səviyyəli müəssisədir. Bakı İstintaq Təcridxanası haqda demişdim ki, oradakı şərait inqilabi dəyişiklikdir. Təəssüf ki, bu sözü cəzaçəkmə müəssisələri haqda demək olmur. Nəzarətçilərin davranışı da əvvvəlki illərdən çox da fərqlənmir.

- Sonuncu, 3-cü həbsinizlə ilk həbsiniz dövründə baş verən dəyişiklik yalnız Bakı İstintaq Təcridxanasındakı şərait və oradakı nəzarətçilərin münasibətindədir?

- Məhkumların döyülməsi, işgəncə verilməsi qalıb. 14 saylı “zon”da bir qism məhbuslara qarşı sadəcə qəddar münasibət var. Bunun nəticəsində həmin hadisə baş verdi.

- Həmin gün nə baş verib?

- Səhər 9-da xəbər yayıldı ki, məhkumu karsda vəhşicəsinə döyüb öldürüblər. Bunu mən Qurban Məmmədov tam məsuliyyətimlə deyirəm ki, məhkum Elşad Babayev vəhşicəsinə döyülərək öldürülüb. Elşad Babayevə ağır xəsarətlər yetiriblər, daxili orqanlarını dağıdıb cəza kamerasına atıblar. Ona uzun müddət su da verməyiblər. Elşad Babayev “su, su, su” deyib zarıyıb, amma ona su verməyiblər. Onun yanında bəzi dustaqlar olub. Onları məcbur edib başqa məzmunlu ifadələr yazdırıblar. Bu praktika Azərbaycanda illərdir ki var. 98-ci ildə 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılanda oxşar hadisə olmuşdu. Məhbusu döyüb öldürmüşdülər. Mən şikayət etdim, lakin prokurorluq gəlib dustaqlardan başqa ifadələr alıb işi bağladılar. Hamı bilirdi ki, həmin dustağı döyüb öldürmüşdülər.

- Elşad Babayevin ölümü xəbəri yayılandan sonra nə baş verdi?

- Xəbər yayıldı, məhkumlar kor-təbii etiraza qalxdılar. Hucum edib növbətçi hissəni dağıtdılar. Ən pisi o oldu ki, bəzi nəzarətçiləri, zabitləri də döydülər. Burada cinayət tərkibi var. Amma məhkumlar bu addımı niyə atıblar? Şəxsi maraqlar, vəziyyət yaratmaq, yemək, siqaret üçün olmayıb həmin etiraz. Məhz məhkumun öldürülməsini araşdırma tələbi ilə həmin etiraz başlamışdı. Buna görə də məhkumların əməlində cinayət tərkibi yoxdur. Onlar son zərurət səviyyəsində hərəkət edib, baş vermiş cinayətlə bağlı xalqa, ictimaiyyətə məlumat vermək üçün başqa imkanları olmayıb. 22-də Elşad Babayev öldürüldü, 1-2 saatdan sonra məhkumlar sakitləşdilər. Ədliyyə Nazirliyindən, Penitensiar Xidmətin rəhbərliyindən nümayədələr gəldi. Onlar məhkumların adından bir nəfərlə görüşmək istədiklərini dedilər. Məhkumların xahişi ilə hicab məhbusu Araz Quliyev danışığa getdi. Halbuki Araz Quliyev baş verən etirazın təşkilatçısı və iştirakçısı deyildi. Dağıntılar başlanan anda məhz Araz Quliyev bunun qarşısını almağa çalışırdı. Bəzi məhkumların hücuma məruz qalmasının qarşısını almağa çalışırdı. O, məhkumların sözünü dedi. Tələb bu idi ki, Elşad Babayevi vəhşicəsinə döyüb öldürən şəxslər cəzalandırılsın. Bundan sonra ara sakitləşdi. Dekabrın 23-ü bələdiyyə seçkiləri idi. 24-ü prezidentin ad günü idi. 25-i də sakitlik idi. 26-da səhər saat 5-də it hürüşməsinə və dubinka səsinə yuxudan ayıldıq. Artıq ordu bütün barakları basmışdı. Əsgərlər qoca, xəstə, cavan bilmədən hər kəsi vəhşicəsinə vururdular. Mən barakdan çıxanda gördüm ki, Yadigar Sadıqovun olduğu barakdan camaatı çıxarıb, döyüb, soyundurub yerdə uzadıblar. Yerdə uzananları dubinka ilə vururdular. Xüsusi vəhşilik nümayiş etdirirdilər.

- Məhkumlar müqavimət göstərirdi?

- Yox. Yerdə uzanan müqavimət göstərər?

- Bəs onları niyə vururdular?

- Qorxu yaradırlar. Mən orada nümayiş etdirilən vəhşiliyi Azərbaycan dövlətinin adına yaraşdırmıram. Dövlətin məmuru öz vətəndaşından bunca qəddarlıqla, vəhşicəsinə qisas almamalıdır!!! Dövlət məmurunun belə bir hüququ yoxdur!!!

- Deyirsiz ki, orada 1-2 saat etiraz olub və sonrakı 3 gündə məhkumlar hər hansı bir etiraz etməyiblər. Baş verənlər etiraz edənləri götürmək üçün idi?

- Buna görə idi. Amma bunun üçün qoşun yeritmək, xüsusi qəddarlıqla intiqam almaq, başqalarına dərs verməyə ehtiyac yox idi. Buna getdilər.

- Sizi də vururdular?

- Yox, şəxsən məni döyməyiblər. Mən səhər 5-də namaza qalxmışdım və barakdan ilk bayıra çıxan da mən oldum. Amma qonşu barakda saxlanan jurnalist Sərdar Əlibəylini, bilə-bilə ki, o, əfvə düşüb, onun başının ortasından dubinka ilə elə vurublar ki... Bircə onun kəllə sümüyünün tamlığı pozulmayıb. Başı göm-göy qançırdır. Onun kimi başı yarılan, qolu-qıçı sınan, daxili orqanları zədələnənlər yüzlərlədir. Məhkumları şül-küt ediblər. Çoxlarının içalatı dağıdılıb. 26-da 11 məhkumu “tubzon”a apardılar. Onlara orada işgəncələr veriblər. Xüsusilə hicab məhbuslarına qarşı xüsusi amansızlıq göstərilir. Araz Quliyev, İlham və başqaları kütlənin içində olub. Amma onlar dağıntıların qarşısını alıblar. Videokameralara baxsınlar. Bir dustağı “dnevalnı” olduğu üçün məhkumlar döymək istəyirdi. Araz Quliyev, Nicat və mən onu məhkumların əlindən aldıq. Mənə də hücum oldu. Məni Araz Quliyev xilas etdi.

- Dekabrın 26-da “tubzon”a aparılanlar arasında Araz Quliyev də vardı?

- Həmin gün Araza və başqa məhkumlara qarşı gözümüzün qabağında elə dəhşətli zərbələr vururdular ki... Şirə vursaydılar şir ölər, camışa vursaydılar camış partlayardı. Əsgərlər Penitensiar Xidmətdən gələn İmran müəllim və rəis Əli İbrahimova da qulaq asmırdılar. İmran müəllim gözümün qabağında bir nəzarətçini tutub kənara çəkdi ki, məhkumları vurmasın. Amma ora basqın edən qoşunlar elə tərbiyə ediliblər ki, çağırışlara baxmadan məhkumları vəhşi kimi döyürdülər. Əllərində dubinka barakların qapısında dayanıb canlı koridor yaratmışdılar. Barakdan çıxarılan məhkumları bir-bir həmin koridordan keçirir, hər kəsi ağına-bozuna baxmadan dubinka ilə başına-ayağına vururdular. Kim öldü, kim qaldı heç kimi maraqlandırmır.

- Elşad Babayevi kim və niyə döyüb?

- Dəqiq bilmirəm.

- Eşitdiyiniz nədir?

- Gözümlə görməmişəm deyə bir söz deyə bilmərəm.

- Deyirsiniz ki, Elşad Babayevi birmənalı şəkildə döyüb öldürüblər. Dediklərinizi hüquq-mühafizə orqanlarına, istintaqa çatdırmısınız?

- Əgər Elşad Babayevin qanını batırmağa çalışsalar, mən öz adımdan başlayacağam müraciətlər etməyə ki, günahkarlar cəzalandırılsın. Burada prezident İlham Əliyevin, öldürülən Elşad Babayevin və ya Qurban Məmmədovun maraqlarından söhbət getmir. Burada söhbət dövlət maraqlarından gedir. Dövlət vətəndaşını qorumalıdır. Cinayətkar olsa da, dövlət vətəndaşı qorumağa borcludur. Necə ki, valideyn öz övladına qayğı göstərir, onun şıltaqlıqlarını, xoş olmayan hərəkətlərini bağışlayır, xəstələndə onu müalicə edir, dövlət də vətəndaşa eynilə yanaşmalıdır.

Dövlət orada baş vermiş qeyri-insani hərəkətləri, qanunsuzluqları özünə yaraşdırmamalıdır. Dekabrın 22-də məhkumlar ayağa qalxanda bilirdilər ki. Elşad Babayev dirilməyəcək, onlar özlərinin gələcəkdə öldürülməsinin qarşısını almaq üçün etiraza qalxmışdılar. Elşad Babayevin yerində mən də, Yadigar Sadıqov, Sərdar Əlibəyli, bu gün vəzifədə olub bu cinayəti gizlətmək istəyində olan hər bir məmur, bu cinayətin baş verməsindən xəbərsiz olan hər bir kəs ola bilərdi.

- Deyirsiniz ki, bəzi məhkumlara qarşı xüsusi qəddarlıq var. Həmin məhbuslar kimlərdir?

- Həmin məhbuslar arasında xüsusi qəddarlığa məruz qalan Yusif Seyidov soyadlı məhkumdur. Onu niyə o cür döyürdülər bilmədim. Araz Quliyevə də eyni münasibət vardı. O mən də daxil, yüzlərlə məhkuma ərəb əlifbasını öyrədib, Quran oxuyub, müəllimlik edib. O, çox əxlaqlı, imanlı bir adamdır. İlham, Anar adlı hicab məhbuslarına qarşı vəhşiliyin səbəbini indi də anlaya bilmirəm.

- Elşad Babayev də dindar idi?

- Bəli, o, “zon”a 2 ay idi ki, gəlmişdi. Öz yerini bilən, ədəb-ərkanlı, hörmət-izzət saxlayan, idmanla məşğul olan və namaz qılan idi. Ona hansısa dustaq pis cavab vermişdi, aralarında mübahisə olmuşdu. Həmin dustaq da gedib bunu zabitlərə demişdi. Onu çağırmışdılar, söyüb təhqir etmişdilər. Elşad onlara cavab qaytarmışdı. Ondan intiqam almaq üçün başına bu oyunu açıblar.

- Kim idi həmin zabitlər?

- Onlar həmin gün növbədə olan zabitlər idi. Bu bilinən məsələdir. Bunu istintaq müəyyən etməlidir ki, Elşad Babayevi kimlər döyüb öldürüb. Dəqiq bilirəm ki, onu həmin gün növbətçi hissəyə çağırdılar. Bundan sonra orada hay-küy başladı. Onu qışqıra-qışqıra apardılar.

-Məhbusları karsa aparıb orada döymək qanunla icazə verilən hərəkətlərdir?

- Qanunda belə hal nəzərdə tutulmur. Sadəcə, 14-cü “zon”da bu təcrübə var. Dustaqlar danışıb ki, orada “do prixod” deyilən yer var. Dustağı karsa salmazdan əvvəl əynində alt paltarı qalana qədər, elə vaxt olur ki, alt paltarını da soyundurub ora salırlar. Qış soyuq, yayda ora havasızlıq olur. 3 gün cüzi su və yeməklə orada saxlayırlar. Sonra 4-5 nəfər dubinka ilə döyür, ayaqlarının altına vururlar, salırlar karsa.

- Belə hadisələrin varlığından rəis Əli İbrahimov xəbərsiz olub?

- Xəbəri olmaması mümkün deyil. Mən mətbuat nümayəndələrindən, hüquq müdafiəçilərindən, xüsusən hörmətli prezidentdən “tubzon”a köçürülən Araz Quliyevin, Yusif Seyidovun və başqlarının taleyi ilə maraqlanmağı xahiş edirəm. Onların arasında neçəsi ölüb, neçəsi şikəstdir bilinsin. 790 məhbusu niyə döyüblər, şəxsən mənə niyə belə həyəcanlı anlar yaşadıblar, Sərdar Əlibəylinin başını niyə yarıblar desinlər. Əgər 100 məhkum etiraz edibsə, onları çağır, dərdini soruş. Yoxsa 690 nəfəri də onların gözünə qatıb döymək növbəti dəfə bütün “zon”un etiraza qalxmasına zəmin yaradır. Bu məsələlər araşdırılmalıdır.

***
Q.Məmmədov cəzaçəkmə müəssisələrində rüşvət yığımını nəzarətçilərin az əmək haqqı alması ilə əlaqələndirib. Bildirib ki, 450-500 manat əmək haqqı alan nəzarətçilərin dustaqlardan pul istəməsi təbiidir. Q.Məmmədov dövləti bu sahəyə xüsusi diqqət ayırmağa, vəziyyəti dəyişmək üçün tədbirlər görməyə çağırıb.
1379 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20