Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Əslində başda Məzahir Pənahov, MSK olmaqla, hamısı getməlidir

İlyas İsmayılovla rektor-deputatlar arasında qalmaqal

“Əslində başda Məzahir Pənahov, MSK olmaqla, hamısı getməlidir, çünki bu qədər qanun pozuntusuna yol veriblər”
Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri, prezidentliyə sabiq namizəd İlyas İsmayılov Milli Məclisdə təmsil olunan rektor-deputatların səlahiyyətlərinin azaldılması barədə növbəti dəfə müraciət edib. Budəfəki müraciətini o, Konstitusiya Məhkəməsinə ünvanlayaraq rektor vəzifəsi tutan deputatların mandatdan məhrum edilməsi məsələsini qaldırıb.

Buna qədər o, prezident İlham Əliyevə və MSK sədri Məzahir Pənahova oxşar məzmunlu müraciət göndərmişdi. Bir sıra deputatlar İ.İsmayılovun müraciətinə reaksiya verməsə də, bəzilərinin münasibəti bəlli olub. Məsələyə münasibət bildirən Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel Məhərrəmov publika.az-a açıqlamasında deyib: “İndi müraciət edib görək nəticəsi necə olacaq. Mən indidən heç bir söz deyə bilmərəm. Bu onun şəxsi fikridir. Mənim İlyas İsmayılovla elə münasibətim də yoxdur”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova da İ.İsmayılovun müraciətinə cavab verib. “Görünür ki, İlyas İsmayılovun başqa görəcəyi iş yoxdur. Mənim İlyas İsmayılovla münasibətim yoxdur, heç vaxt söhbətim də olmayıb. O, Konstitusiya Məhkəməsinə təklif verib, indi məhkəmə də onun cavabını verər”-deyə, rektor-deputat bildirib.

İ.İsmayılov özü isə deyib ki, hələlik onun bu müraciətinə məhkəmədən cavab verilməyib. Onun sözlərinə görə, yaxın vaxtlarda sözügedən müraciətə cavab verilməsi gözlənilir.
Modern.az-a danışan Dillər Universiteti mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova “bu məsələ ilə bağlı açıqlama vermək səlahiyyətimə aid məsələ deyil” deyib. Tibb Universitetinin mətbuat xidmətindən də şərh verilməyib: “İlyas İsmayılov artıq neçənci dəfədir bunu deyir”.

İlyas İsmayılov bu barədə “Yeni Müsavat”a da danışdı. Ədalət Partiyasının sədri bildirdi ki, onun rektorlarla heç bir problemi yoxdur:

- Mənim heç kimə mənfi münasbəti yoxdur. İstəyirəm hamı qanuna hörmət eləsin. Mən çox təəssüf edirəm ki, Gülçöhrə xanım məni belə təhqir edib. Mən qanunun dediyini demişəm. Vəzifəsi, hər şeyi olan məmura deputatlığın ərməğan edilməsinə təəssüf edirəm. Əgər Konstitusiya və Seçki Məcəlləsi pozulursa, mən buna qarşıyam. Hesab edirəm ki, qanunun müddəalarını biz hamımız göz bəbəyi kimi qorumalıyıq. Biz nümunə göstərməliyik. O adamlar qanuna hörmət etmirsə, başqasından nəyi tələb edəcəklər? Mən gözləyirdim ki, çoxları öz təşəbbüsü ilə vəzifədən, yaxud parlamentdən gedəcək. Daha mən gözləmirdim ki, bunlar hər iki kreslodan yapışacaqlar. Əslində başda Məzahir Pənahov, MSK olmaqla, hamısı getməlidir. Çünki bu qədər qanun pozuntusuna yol veriblər. Amma Azərbaycan reallığında hər şey olur. Mən tək ortaya düşmüşəm, heç səsimə səs verən də yoxdur. Hüquqşünas dostlarım var ki, deyir, İlyas müəllim, çox əla yazırsınız, düz yazırsınız, amma mətbuat işçiləri yaxınlaşanda deyirlər ki, İlyas müəllim savadlı adamdır, özü bilər, biz bir şey deyə bilmərik. Bütün hüquqşünaslar bu məsələyə münasibət bildirməlidir. Mənim şəxsiqərəzliyim yoxdur. Özüm qanuna hörmət edən adamam, istəyirəm, hər kəs bu qanuna hörmət eləsin.

- Amma bu şəxslər illərdir bu postu tutur və artıq ənənə halını alıb...

- Nə ənənə? Biz konstitusiyada yazmışıq ki, hüquqi dövlət qurmuşuq, bu dövlətin də iki əlaməti var: hakimiyyətin bölünməsi və qanunun aliliyi prinsipi. Belə şeylər kiminsə xətrinə olmamalıdır ki.

- Bəlkə rektorlar özləri hansısa bir qərar verəcəkləri, seçim edəcəkləri halda siyasi rəhbərliyin qəzəbinə tuş gələcəklərindən ehtiyatlanır. Bu ehtimalı nəzərə alırsınızmı?
- Nə deyim vallah. Mən vaxtilə vergi məktubu göndərəndə universitet rektoru Aqiyə xanım (Naxçıvanlı) demişdi ki, kimsə kiməsə bir məktub yazıb, biz onunla hərəkət etmərik. Mən də yazdım ki, əvvəla, kimsə yox. Mən də deputatam, özü də partiya sədriyəm, hüquq elmləri doktoruyam. Özü də kiməsə yox, ölkənin prezidentinə yazmışam, niyə belə cavab verirsiniz? Götürün qanunu oxuyun və qiymət verin, mənim yazdıqlarım fantaziya deyil.

- Nəticədən nə gözləyirsiniz?

- Bir az səbrli olaq. Qanunun aliliyi bərqərar olmalıdır. Başqa cür olarsa, buna yalnız təəssüflənmək olar. Mən artıq 4-cü dəfədir müraciət edirəm. Birinci müraciəti prezidentə etmişdim, ikisini MSK-ya, sonuncunu da Konstitusiya Məhkəməsinə ünvanladım. Hadisələri qabaqlamaq istəmirəm. Yekun reaksiya nə olacaqsa, o halda digər məsələləri də müzakirə edərik. Hadisələri qabaqlamaq istəmirəm.

E.PAŞASOY/musavat
1651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı