Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

Dünyanı batıran inkişaf

Bu günlərdə neftin qiyməti 50 dollardan aşağı düşmüşdü, o anda rəsmi dövlət xəbər agentliyimiz AzərTAc-da bir xəbər oxudum, ürəyim qana döndü.
Haşiyə çıxmağa məcburam, çünki bu “ürəyi qana dönmək” frazeoloji ifadəsinin anlamı mənə həmişə qəribə gəlir. Məncə bu, yanlış ifadədir, çünki ürək elə qanın dönüb-dolaşdığı bir orqandır. Bunu uyduran adam kim olubsa çox qədimdə yaşayıb, ürəyin funksiyaları haqda elmi məlumatlardan xəbərsiz dolaşmışdır. Eyni zamanda, ürək ana dilimizdə çox gen-bol şəkildə işlədilən, hətta istismar edilən bir orqandır, məncə bunun üzərində bir qədər beynimizi işlətməliyik. Təsəvvür edin, dilimizdə içində ürək sözü keçən 50 frazeoloji ifadə var! Ürəyi keçmək, ürəyi bulanmaq, ürəklə danışmaq, ürəyində qalmaq, ürəyinə dammaq və sairə. Sanki bizim başımız, ciyərimiz, mədəmiz, ayrı orqanlarımız yoxdur. Məncə bunun səbəbi bizim millət olaraq düşüncə mərkəzli deyil, qan-damar sistemli olmağımızdır. Biz düşüncəyə yox, instinktlərə dayanırıq.
Müsavat başqanı Arif Hacılı demişkən, “hesab edirəm ki” hökumət ürək sözünün bu qədər çox işlədilməsinə qarşı nəsə tədbirlər görməlidir. Yoxsa camaatın ürəyinə yük düşür, ürək-damar xəstəlikləri baş alıb gedir. (Özüm qəsdən “baş alıb” yazdım - xalqa örnək oluram).
AzərTAc-ın xəbərindən mənim təsirlənməyimin forması neqativ hissləri bildirir, “ürəyi qana dönmək” dilimizdə insanın pis olmasının bir növü kimidir. Başqa variantlar da var, məsələn, ciyəri kabab olmaq, ürəyi qan ağlamaq (bu da absurddur - yuxarıda yazdığımız kimi, ürəyin funksiyası üzərində tavtologiyadan başqa şey deyil), qarnı ağrımaq, gözü çıxmaq və sairə. Ancaq bu, ayrı mövzudur, inşallah, KİVDF və MŞ vəsait ayırsa növbəti saylarımızda yazarıq. İndilik isə niyə pis olduğumu yazım.
Dövlət agentliyi neftin ucuzlaşmasını bir növ narahat şəkildə qeyd etmişdi, doğrudan da büdcə neft pulu ilə doldurulursa, onun da qiyməti 90 dollar nəzərdə tutulursa, qiymət gəlib 50 dollara düşürsə bəs bunun qalan 40 dollarını büdcə zəhmətkeşlərinə kim verməlidir? Loru dildə desək, seçki saxtalaşdıran Əfruz müəllimənin maaşı 90 manatdırsa, bunun 50 manatını neftlə verdilər, bəs qalan 40 manatı kim verəcək? Bəlkə MSK sədri Məzahir müəllim villasını, Daşkəsən icra başçısı Əhəd müəllim “Villis”ini, başqa bir oliqarx-nazir “Milla”sını, ayrısı ayrı firmasını (şair xalqın yazarı oldun belədir da bə, qafiyə səbət dalından tökülən gilas kimi şappaşap gəlir) satıb orta statistik büdcə zəhmətkeşi modeli olan Əfruz xalanın maaşının başını bağlamalıdır? Qətiyyən. Heç kimin başqasının dədəsinə borcu yoxdur. Heç kimin hətta başqasının balasına da borcu yoxdur - bizim Ana Yasada belənçik yazılmışdır. Bunun axırı necə olacaq - şeytan bilir. Bizim ölkə şeytanın yurisdiksiyası altındadır, o səbəbdən.
Ancaq AzərTAc neftin ucuzlaşmasına maraqlı izahat vermişdi. Yazmışdılar ki, guya hazırda dünyada iqtisadi böhran var, ona görə neft alanlar azalıb, qiymət düşüb.
Bu, yalandır, dünyada böhran yoxdur, ancaq hesab eləsək doğrudur, bu zaman paradoks yaranır. Axı elə həmin AzərTAc, yapistlər, rejim yiyələri həmişə deyir ki, Azərbaycan dünyada analoqu olmayan inkişaf yolundadır, planeti faktiki biz saxlayırıq, istehsalımız, iqtisadiyyatımız kəlləçarxa vurubdur və sairə. Bəs o zaman dünya niyə iqtisadi böhrandadır? Olmazmı Azərbaycan dünya iqtisadiyyatını da qaldırsın, nəticədə neftin qiyməti qalxsın, Əfruz xala Məzahir müəllimi borclu çıxardıb seçki divarına dirəməsin? Belə çıxır ki, biz iqtisadi inkişaf elədikcə dünya çökür, dünya çökəndə bizim iqtisadiyyata da mənfi təsir edir. Əksinə, bizim iqtisadi gəlirimiz azaldıqca - neftin qiyməti düşdükcə dünya kef edir. Misal üçün, hazırda Amerikada benzin 38 qəpik imiş. Biz isə 90 qəpiyə alırıq. Qapalı dairədir. Deyəsən bundan çıxış yoxdur. Mən də hazırda çapalayıram ki, bu yazıdan canımı necə qurtarım.

Zamin Hacı/musavat
855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı