Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2015

Soyuqdəymə zamanı ən təsirli vasitələr

Soyuqdəymə – aşağı temperaturun, daha dəqiq desək, soyuğun orqanizmə təsiri nəticəsində yaranan haldır.

Soyuqdəymə xəstəlikləri bir sıra infeksiyaların və iltihabi proseslərin inkişafına təkan verir. Xüsusən də qripp, paraqripp, adenovirus, herpes, göyöskürək, stafilokokk və pnevmokokk infeksiyaları soyuqdəymə zamanı daha tez baş qaldırır.

Ev şəraitində soyuqdəyməni müalicə etmək olar, bir şərtlə ki, soyuqdəymə başqa fəsadlar verməmiş olsun. Soyuqdəymə ilə mübarizədə ən sadə və eyni zamanda təsirli vasitə bol mayenin qəbuludur. Soyuqdəymə zamanı bol mayenin (çay və ya müxtəlif dəmləmələr) qəbulu toksinləri orqanizmdən sürətlə xaric edir. Nəticədə insan daha tez sağalır və fəsadlar inkişaf etmir. Maye şəklində müxtəlif vitaminli çaylar və müalicəvi bitkilərin dəmləmələri istifadə etmək daha yaxşıdır. Bu vasitələr sağalma prosesini sürətləndirir.

Müxtəlif müalicəvi dəmləmələri və çayları növbələşdirmək məsləhətdir.

Soyuqdəymə zamanı istifadə olunan reseptlərdən bir neçəsini sizə təqdim edirik:

- Ballı-limonlu çay. Həm qara, həm də yaşıl çaydan istifadə etmək olar. Çaya 1/2 çay qaşığı limon şirəsi və 1 çay qaşığı bal əlavə olunmalıdır. Limon şirəsi və bal qaynar deyil, bir qədər soyumuş çaya əlavə olunmalıdır.

- Qripin qarşısını alan çay. İki filtr-bağlama Teaqrip 1 stəkan qaynar suda 15-20 dəqiqə ərzində dəmlənilir, süzülür, dəmləməyə 1 çay qaşığı təbii bal əlavə olunur. Qripin başlanğıcında bu çayı gündə 4-5 dəfə içdikdə infeksiyanın inkişafı ləngiyir, əlamətləri azalır, qrip artıq baş veribsə sağalma sürətlənir.

- Moruqlu-cökəli çay. 1 xörək qaşığı cökə çiçəkləri 1 stəkan qaynar suda dəmlənilir və 10 dəqiqədən sonra süzülün. Daha sonra 1-2 çay qaşığı moruq mürəbbəsini əlavə edin və qəbul edin.

- Meyvə qurularından kompot. Alma, armud, qara gavalı, ərik quruları, kişmiş yaxşı yuyulur. Qaynayan suya əvvəlcə alma və armud quruları, 20 dəqiqə qaynadıqdan sonra gavalı, axırda isə ərik qurusu və kişmiş əlavə edilir. Bir qədər soyuduqdan sonra kompota bir az bal və limon şirəsi əlavə etmək olar.

- Zəncəfilli-limonlu çay. Yarım çay qaşığı xırdalanmış zəncəfil kökləri, hərəsindən 1 çay qaşığı limon şirəsi və bal, bir çimdik darçın stəkanda qarışdırılır, üzərinə çox qaynar olmayan isti su əlavə olunur. Həmin çay orqanizmi isidir, tərlədir və mikroblarla mübarizədə kömək edir.

- Bitki çayların qarışığı. İmmunotea və Teasept çaylarının hərəsindən 1 filtr-bağlama 1 stəkan qaynar suda 15-20 dəqiqə ərzində dəmlənilir, gündə 3-4 dəfə yeməkdən əvvəl içilir. Dəmləmə tərlədir və qızdırmanı salır, həm də orqanizmin müqavimətini gücləndirərək soyuqdəymənin qarşısını alır.

- Çobanyastığı çayı. Hərəsindən 1 çay qaşığı olmaqla çobanyastığı və cökə çiçəkləri 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənilir və süzülür. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin.

- Exinaseya çayı. 1 xörək qaşığı exinaseya otunun üzərinə yarım litr qaynar su əlavə olunur və termosda 5-6 saat ərzində dəmlənilir. Dəmləndikdən sonra gündə 3 dəfə 1/3 stəkan qəbul edilir. Exinaseya çayı immun sistemi gücləndirir, virus və bakteriyalarla mübarizədə kömək edir.

- Minerallı isti süd. Qələvi mineral suyunun qapağı açılır və 1 saat ərzində tərkibində olan qazların xaric olması üçün gözlənilir. İnək südü isidilir və mineral su ilə yarıbayarı qarışdırılır. İlıq şəkildə içildikdə bu qarışıq bəlğəmin xaric olunmasını asanlaşdırır.

- Sarımsaqlı süd. Sarımsaq qabığından soyulur, əzilərək şirəsi çıxarılır. 1 stəkan isti südə 10 damcı sarımsaq şirəsi əlavə olunur və gecə yatmazdan əvvəl içilir. Belə süd orqanizmə bakterisid və virus əleyhinə təsir göstərir.

-  Çuğundur şirəsi. Çuğundur sürtgəcdən keçirilir, şirəsi sıxılır və gündə 3-4 dəfə 3 damcı burun dəliklərinə damızdırılır. Zökəmin müalicəsində ən yaxşı vasitələrdən biri hesab olunur.

İtburnu çayı. Qurudulmuş itburnu meyvələri xırdalanır, 5 xörək qaşığı götürülərək termosda 1 litr qaynar suda dəmlənilir və gün ərzində fasilələrlə içilir./saqlamolun/

1073 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber