Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Lənəti nuş edənlər

Həqiqətən də insan yaranmışların ən alisidir. Insana bəxş edilmiş nemətlər başqa heç bir canlıya nəsib olmayıb. Insan at belindən düşüb, avtomobilə əyləşməyi, oxdan imtina edib silah yaratmağı, elmin bütün sahələrini əhatə etməyi, yeni texnologiyalar icadını bacarıb. Qanunları işləyib hazırlayanlar da, cəzaları müəyyən edənlər də, insan hüquqlarını, demokratiyanı oluşduranlar da məhz insanlardı. Hətta insanın ölümü belə başqa canlılardan fərqlidir və insanın ruhu var.

Amma yaşadığımız ölkədə baş verənlər və insan adlananların digər canlılara bənzəmək cəhdləri adamı dəhşətə gətirir. Azərbaycanda həqiqəti dilə gətirmək, haqqı tapdanana arxa çıxmaq, zülmə etiraz etmək təhlükəli addım hesab olunur. Bu ölkədə pis əməlləri deyil, ləyaqəti, vicdanı, mənliyi gizlətmək tələb olunur. Tez-tez “filan müəllim rüşvət almırdı, məktəbdən uzaqlaşdırdılar”, “Filankəs yaxşı həkim idi, ölkədən qaçmağa məcbur oldu”, “filankəs vicdanlı alim idi, bezdirdilər”, “filan məmur insan adam idi, vəzifədən çıxardılar” kimi xəbərlər eşidirik. Hətta “Əgər filankəs təmiz adamdırsa, bu sistemdə işləyə bilməz” kimi proqnozları da eşidirik. Bəli, hamı bu məsələdə həmrəydi ki, mövcud hakimiyyətin zamanında “yaxşı olmağın pis nəticələri var”.

Amma bir qrup vicdanlı, cəsarətli insan var ki, bütün pis nəticələrə rəğmən, yaxşı olmaqdan imtina etmirlər. Hətta bununla da kifayətlənməyib, bütün cəmiyyəti yaxşı etməyə çalışırlar.


Indi bu cəmiyyət uğrunda savaş gedir. Bir tərəf xəstə cəmiyyəti müalicə etməyə, o biri tərəf isə müalicə üçün lazım olan “dərman”ları məhv etməyə çalışır.

Adamı dəhşətə gətirən budur ki, insan adına iddia edənlər bu qədər qeyri-insani addımları necə ata bilirlər? Sanki bu adamlar mutasiyaya uğrayıb və yalnız məhv etmək üçün proqramlaşdırılıblar.

Hansısa vəzifəyə, müəyyən miqdar pula görə, bir gənci şərləyib həbs etmək necə mümkün olur? Bugün yüzlərlə vicdanlı insan var ki, günahsız olduqları halda zindan həyatı yaşayırlar. Onları şərləyənlər, bu iyrənc ssenariləri quranlar isə bahalı kostyumlarda, son model avtomobillərdə hərəkət edirlər. Onlar cəmiyyətin “avtoritet”ləridi. Onlar ən bahalı restoranlarda nahar edir, ən ləzzətli təamlarla qidalanırlar. Insanlar onlara sevdikləri üçün deyil, qorxduqları üçün hörmət edirlər. Onların hamısı ailə başçısıdır. Bəli, bu ölkədə yüzlərlə ailəni başsız qoyanlar, “mən də ailə başçısıyam” deyə bilirlər. Onlar üçün cibdən narkotika çıxarmaq, evə silah atmaq, üzə durmaq həyat normasıdır. Onlar hüququ elə vəziyyətə salıblar ki, bu ölkədə şübhəli şəxsi tutmurlar, bir şəxsi tutandan sonra “şübhələnirlər”. Bu ölkədə özünü insan adlandıran bəzi məxluqlar var ki, ataya görə övladı şərləməkdən zövq alır. Bu ölkədə bütün vicdanlı insanların “xuliqan”, “narkoman”, “vətən xaini” olması zəruridir. Çünki, insanlığa xəyanət etmişlərin nəzərində, əmanətə xəyanət etməyənlər “pis nümunə”dir.

Amma narahat olmağa dəyməz. Ucuz adamların bahalı həyatı, bahalı adamların ucuz həyatına həmişə məğlub olur. Bugün zindana köç etmiş ləyaqətli insanlar da, hər gün həbs olunmaq təhlükəsi ilə yaşayan mübarizlər də, halal çörəklərini nuş edirlər. “Şər komandası” isə hər gün lənəti nuş edir. Hər gün yüzlərlə insan bu iyrənc siyasətə qarğış edir, nifrin yağdırır, lənətləyir.

Lənətlənmişlərə savaş açanlar isə nəinki ölkə daxilində, bütün dünyada qəhrəman kimi qəbul olunur. Bu ölkədə Seymur Həziyə, Xədicə Ismayıla, Intiqam Əliyevə, Asif Yusifliyə, Anar Məmmədliyə və digərlərinə oxşamaq istəyən minlərlə vətəndaş var. Amma məddah deputata, zalım icra başçısına, korrupsioner nazirə oxşamaq istəyən adam görməmişik. Heç kim bu milyardlarla sərvətin sahiblərini özünə ideal seçmir.

Çünki, vicdanı olan heç kim lənətlə qidalanmaq istəmir. Sağlam təfəkkürə sahib olan heç kim evinə qarğış, nifrət aparmaq istəməz. Biz, azadlıq, ədalət istəyirik və bu yolda bütün məhrumiyyətləri nuş etməyə hazırıq. Siz də çeşidli “lənət təam”larını nuş edin.

Ilham Hüseyn/azadlıq
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11