Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2015

Qadın ərindən xəbərsiz üç uşağı ilə birgə Suriyaya qaçdı

İbrahim Məmmədov: «Həyat yoldaşıma uşaqları ölkədən çıxarmaqla bağlı heç bir etibarnamə verməmişəm»

«Mən arxayın idim ki, atanın icazəsi olmadan heç kəs yetkinlik yaşına çatmayan uşaqları ölkədən çıxara bilməz»

«Qayınanam, bacanağım, baldızım və həyat yoldaşım üç uşağımı da götürüb Suriyaya qaçıblar. Həyat yoldaşımın qardaşı Suriyada döyüşür, onlar da onun yanına gediblər. Bilmirəm, uşaqlarımı necə yoldan çıxarıblar. Onları aldadıblarmı, qorxuzublarmı, bu barədə məlumatlı deyiləm. Amma bildiyim odur ki, onlar dekabrın 23-də Balakən rayonu ərazisindən ölkə sərhəddini keçərək Gürcüstana, oradan isə Türkiyə vasitəsi ilə Suriyaya keçiblər». Bunu «Üç nöqtə»yə açıqlamasında Şəki şəhər Daşüz kənd sakini Məmmədov İbrahim İlyas oğlu deyib. İ.Məmmədovun sözlərinə görə, onun qayınları artıq bir neçə ildir Suriyada döyüşlərdə iştirak edir: «Qayınanam Şaxbanova Qərinə Sədi qızı, bacanağım Alxasov Daşqın Abid oğlu və baldızım Alxasova Bahar Beydullah qızı mənim övladlarımı da özləri ilə aparıblar. Amma onlar bunu necə edib, hələ də, bilmirəm. Çünki mən 18 aprel 2013-cü ildə Rusiyaya işləməyə getmişəm. Orada işləyərək ailəmin dolanması üçün pul göndərirdim. Ölkəmizə isə bu il dekabrın 27-də qayıtmışam. Anam mənə məlumat verdi ki, həyat yoldaşım Məmmədova Elnurə Beydullah qızı anasının və bacısının təkidi ilə uşaqlarımı da götürüb onlarla Suriyaya gedib. Böyük qızım - Məmmədova Günay İbrahim qızının 15, kiçik qızım – Məmmədova Ülkər İbrahim qızının 12, oğlum – Məmmədov Rüstəm İbrahim oğlunun isə 13 yaşı var. Əvvəlcədən eşitmişdim ki, böyük qayınım – Sahib Şabanov Suriyada döyüşlərdə iştirak edir. Sonradan isə o, öz qardaşları Tahir Şabanovla, Rövşən Şabanovu da özü ilə apardı. Bu barədə biləndən sonra dəfələrlə yoldaşıma tapşırmışdım ki, birdən, onu da məcbur edərlər, heç yerə getməsin. O isə məni arxayın etmişdi ki, heç yerə getməyəcək. Həm də mən arxayın idim ki, atanın icazəsi olmadan heç kəs yetkinlik yaşına çatmayan uşaqları ölkədən çıxara bilməz. Mən isə həyat yoldaşıma uşaqları ölkə ərazisindən çıxarmaqla bağlı heç bir etibarnamə verməmişəm. Mən Rusiyaya gedərkən heç onların pasportu da olmayıb. Bu hadisəni eşidib Azərbaycana gələndən sonra öyrəndim ki, onlar Bakı şəhəri ərazisndə notarius Hüseynov Səadət Eldar oğlunun əli ilə sənədləri hazırlayıblar».
İ.Məmmədovun sözlərinə görə, Şəki şəhərinin Daşüz kəndində 20 nəfərdən artıq adam Suriyada döyüşür: «Mənim qayınlarım Türkiyə vətəndaşlarının vasitəsi ilə ora gedib. Baldızım – Həsənova Esmira Beydullah qızı Türkiyə vətəndaşı ilə evli idi. Onlar Adanada yaşayırdılar. Bir neçə il öncə Türkiyə vətəndaşları qayınım Sahib Şabanova da maddi köməklik göstərirdilər. O, əvvəlcə bir qədər mal-qara aldı. Sonra onları satıb bir ferma düzəltdi. Sonra fermanı da satıb Suriyaya getdi. Düşünürəm ki, qayınanamgil də Türkiyədə yaşayan baldızımın vasitəsi ilə Suriyaya gediblər. Dekabrın 28-dən etibarən isə bu məsələ ilə bağlı ölkənin bütün güc strukturlarına, ölkəmizin Türkiyədəki səfirliyinə məlumat vermişəm. Amma hələ ki, heç bir reaksiya verən yoxdur»./bizimyol/
692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber