Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2015

"Rejim neft pulları ilə bəslənib..."

Elementar mazoxizm

Keçən ilin axırında Naxçıvandan bir xəbər gəlmişdi, deyirdilər orda Vasif xanın göstərişi ilə uzun saçlı oğlanların saçını qırxırlar, bu məqsədlə Culfa Sərhəd Qoşunları, Naxçıvan Ali Məclisi, Ordubad icra hakimiyyəti, YAP Nehrəm şöbəsi və sairə əlaqədar qurumlar da prosesə cəlb edilmişdir. Əməlin maraqlı da bir səbəbi varmış: Naxçıvanda silsilə oğurluq olubmuş, polisin əlindəki fotorobota görə oğru uzunsaçlı bir gənc imiş, indi uzun saçı olan oğlanları yığırlar idarəyə, bir-iki şapalaq vururlar, əgər oğurluğu boynuna qoya bilməsələr saçını qırxıb buraxırlar. Profilaktika baxımından yaxşı tədbir idi - bütün uzun saçlıları qırxandan sonra oğru tək qalıb ilişəcəkdi.
Ancaq o zaman Naxçıvan polis idarəsi jurnalistin bu haqda sualına daha ilginc (türkün sözü) cavab vermişdi: “Bu, yalan sözdür. Naxçıvanda il ərzində ümumiyyətlə oğurluq hadisəsi qeydə alınmayıb”. Demək, Naxçıvanda kommunizm artıq qurulub, heç bir cinayət olmurdu.
İndi mənim sözümün canı nədir? Üstündən xeyli vaxt keçib, lakin Naxçıvandakı saç qırxımının Bakıda tətbiqi yubanır! Bu, dözülməz haldır, hətta yağlı yeməklərin təbliğindən də pisdir! Axı biz öyrəşmişik, Naxçıvan bir növ laboratoriyadır, orda sınaqdan çıxarılan dövlət idarəçiliyi üsulları sonradan mütləq “böyük torpaqda” tətbiq olunur. Mən isə dünən Bakı şəhərində xeyli uzun saçlı oğlanlar görmüşəm. Bəs dövlətçilik hara baxır? Arif bəy demişkən, “hesab edirəm” Həsən Şirinovu işdən çıxartmaq lazımdır.
Bu arada hörmətli vəkil Osman Kazımovdan iqtisadiyyatımızda dirçəlişə səbəb ola biləcək təklif gəlib, onu diqqətinizə çatdırım. Çox aktualdır, çünki prezident də NK ilə iclasda dedi ki, gərək biz israfçılıqdan qaçaq, dövlət əmlakı səmərəli istifadə olunsun.
Osman bəy yazır: “Azərbaycanda iqtisadi böhrandan yayınmaq, dövlət büdcəsini kəsirdən qorumaq üçün səmərələşdirici təklif vermək qərarına gəldim. Məncə məhkəmə proseslərində dövlət ittihamını müdafiə edən prokurorlar ixtisara salınsın, onların əyləşdiyi kətilin üstünə ”şikayət təmin edilməsin" sözləri yazılmış lövhə vurulsun. Bu lövhə prokurorluğun mövqeyini bildirəcək. Bu sözlərdən başqa sözlər bilmirlər. Bununla bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilsin. Beləliklə, ölkədə 100 ədəd belə kətil təşkil edilərsə, təxminən 100 prokuror ixtisara düşər. Bu da ayda 2000 manat olmaqla ildə 2 milyon 400 min manat edir ki, bu pula da xeyli yetim saxlamaq olar. Hesab edirəm bu kəşfim yüksək dəyərləndiriləcək, orden, medalla təltif olunacağam. Çünki uca dövlətimizi düşünərək bu kəşfi etmişəm". Sitatın sonu.
Görün necə təvazökar insandır, kəşfinə görə orden istəyir! Hətta YAP-da belə təvazökar insanlar azdır.
Ancaq Osman bəyin qənaət edilən pulları yetimlərə xərcləmək təklifi, məncə, populizmdir, heç lazım da deyil. Yetim saxlamaq onun yetimliyini əlindən alır, bəs ölkədə yetim kim olacaq? Müqayisə üçün, iqtisadiyyatımızın davamlı inkişafı üçün həmişə müəyyən sayda yetimlərə ehtiyac var. Örnək üçün, 20 ildir bizdə işsizlərin sayı 5500 nəfərdir, qətiyyən dəyişilmir. Yəqin bu qədər də yetim-yesir olar. Hər halda, yetimlər onsuz qəzet oxumur, bizə nə düşüb onların problemlərini düşünək? “Hər kəs yetim olubsa, Günah onun özündədir” - görkəmli şairimiz belə yazıb.
Sonda bir aktual məsələyə də münasibət bildirim. Neftin qiyməti düşüb, ancaq yapistlər benzini bahalaşdırdılar. İndi hər kəs bu əcaib qərar üzərində baş sındırır, nəsə məntiq axtarırlar. Halbuki səbəb çox sadədir: rejim neft pulları ilə bəslənib, saxlanır, neftin ucuzlaşması sayəsində yaranan kəsiri necə doldursunlar? Bizim hesabımıza. Ayrı yol yoxdur. Öz ciblərindən kəsəsi deyildilər ki? O benzinin hər litrinə verdiyiniz 2 qəpik sonra sizin başınıza dəyəcək zopanın puludur. O iki qəpik seçki saxtalaşdıran bir sürü kaftar büdcə zəhmətkeşinə yal vermək üçün yığılır. Şerlok Holms demişkən, “Bu ki elementardır, Vatson”.
Psixoloji ədəbiyyatda özünün əzilməsini maliyyələşdirmənin elmi adı da var. Mazoxizm adlanır.

Z. Hacı/musavat
873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber