Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

“14 saylı cəzaçəkmə müəssisəsi qan gölünə çevrilmişdi”

Elşad Babayevin ölümünə etiraz edən məhkumlar hələ də işgəncə altındadır

Aynur Yaqubova: «Dekabrın 26-na keçən gecə ora ikinci dəfə qoşun yeridilib, məhbusları itlərin ağzına veriblər...»

Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində Elşad Babayevin nəzarətçilər tərəfindən döyülərək öldürülməsinə etiraz edən məhkumların özləri də o vaxtdan bəri işgəncə altındadır. Bu barədə “Azadlıq”a həmin məhkumlardan üçünün - Isa Yaqubov, Araz Quliyev və Anar Qasımlının yaxınları məlumat verib.

Qeyd edək ki, nəzarətçilərinin 31 yaşlı Elşad Babayevi işgəncə ilə öldürməsinə digər məhkumlar etiraz etdiyinə görə, 14 saylı cəzaçəkmə müəssisəsinə qoşun yeridilib. Etiraz edən məhkumların özlərinə dəhşətli işgəncələr verilib. Müəssisə rəhbərliyi bununla da kifayətlənməyərək, məhkumların bir qismini cərimə otağına (kars) saldırıb, 11 nəfər isə əsasən vərəmli xəstələr üçün nəzərdə tutulan və “tubzon” adlandırılan 3 saylı müəssisəyə köçürülüb. Onlar bu günə qədər də 3 saylı cəzaçəkmə müəssisəsində “kars”da saxlanılır.

Sözügedən məhbusları xeyli vaxtdır ki, yaxınları ilə görüşməyə qoymurdular. Bu da onlara işgəncə verilməsinə dair şübhələri bir qədər də möhkəmləndirirdi. Nəhayət, yanvarın 12-də həmin məhkumların bəzilərinə yaxın qohumlarından bir nəfərlə görüşməyə imkan yaradılıb. Yaxınları onların üzərindəki işgəncə izlərindən dəhşətə gəliblər. Bunlardan biri də məhkum Isa Yaqubovun anası Aynur Yaqubovadır.

“Məhkumları alt paltarında aparıblar”

Aynur Yaqubova “Azadlıq”a baş verənləri təfərrüatı ilə danışıb: “Dekabrın 21-də 14 saylı cəzaçəkmə müəssisəsində Isa ilə görüşdüm. 22-də axşam televizordv eşitdim ki, orada Elşad Babayevin ölümü ilə əlaqədar məhkumların etirazı olub, qoşun yeridilib. Ertəsi gün dərhal müəssisəyə getdim, Firdovsi və Mahir adlı rəis müavinləri çıxıb dedilər ki, narahat olmayın, çox yaxşı əhval-ruhiyyədədilər, yeni ilə hazırlaşırlar. Biz də inandıq. Amma sonradan Isa evə zəng elədi, birtəhər başa çaldı ki, onlara necə zülm eləyiblər. Dedi ki, məhbusları döyənlər qoşunlar olmayıb, rəis camaatı elə öz işçilərinə döydürüb. Ondan sonra Isa ilə nə görüşə, nə də danışa bilmişəm. Müəssisənin rəisi Əli Ibrahimovla hər gün əlaqə saxlayırdım, deyirdim ki, anayam, narahatam. Təsəvvür edin, balalarının canına and içirdi ki, narahat olmayın, heç bir problem yoxdur, hamısının vəziyyəti normaldır. Müəssisənin xüsusi hissəsində Həqiqət adlı işçi var, onunla da danışdım, o da məni aldatdı. Sən demə, dekabrın 25-dən 26-na keçən gecə cəzaçəkmə müəssisəsinə yenidən qoşun yeridilib, ”ovçarka" itlər gətirilib. Oradakı məhbuslara dillə ifadə olunması mümkün olmayan həddə işgəncə veriblər. Təsəvvür edin, adamları itlərin ağzına veriblər. Insan olan kəs insana belə zülm edərmi?! Sonradan 11 nəfəri alt paltarında maşına mindirib “tubzon”a aparıblar. Dəfələrlə ağlaya-ağlaya zəng eləməyimə baxmayaraq, mənə demədilər ki, uşağımın başına bu oyunu açıb, sonra da götürüb aparıblar. Yanvarın 1-də bayram sovqatı apardım. Içəri daxil olmaq üçün əvvəlcə sənədləri təqdim edirsən, yazırlar, rəis imzalayandan sonra buraxırlar. Sənədlərimi təqdim edəndə dedilər ki, deyəsən, Isa burada yoxdur. Müəssisənin Natiq adlı işçisi gəlib dedi ki, dünən Isanın halı pisləşib, müalicə olunmaq üçün aparılıb. Rəis Əli Quliyevə bir neçə dəfə zəng elədim, götürmədi. Penitensiar Xidmətə getdim, bayrama görə iş günləri deyildi, dərdimi deməyə bir adam tapmırdım. Nəhayət, bir gün Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovla görüşə bildim. Doğrusu, mədəni şəkildə qəbul elədi. Olanları danışdım. Təsəvvür edin, ölüm hadisəsi qalıb bir tərəfdə, bunları başqa şeylər maraqlandırır. Orada dağıntılar olub, müəssisəyə ziyan dəyib və s. Belə başa düşdüm ki, hətta Elşad Babayevin ölümünü də məhkumların üstünə atmaq istəyirlər. Mən yalnız Hüseyn Əlixanovla görüşdə bildim ki, bunların 14 saylı müəssisədən dekabrın 26-da aparıblarmış. Hüseyn Əlixanov elə mənim yanımdan 3 saylı cəzaçəkmə müəssisəsinin rəisi Nizami Quliyevlə telefonla danışdı. Nizami Quliyev dedi ki, gətirilənlər ən azı 1 ay yarım “kars”da qalacaq. Hüseyn Əlixanov bildirdi ki, Isa Yaqubovun valideyni buradadır, narahatdır. Cavab verdi ki, narahat olmasın, müalicəsi gedir. Dedim, axı mənim uşağım vərəm deyil ki, orada müalicəsi getsin..."

Aynur Yaqubova deyir ki, oğlu cəbhə bölgəsində - Ağdamın Yusifcanlı kəndi ərazisində hərbi xidmətdə oulb. Xidmət dövründə Isanın ayağında problem yarandığından, bir ayağının ətini kəsib, o birisinə yapışdırıblar. Isa Yaqubov bir də böyrəyində daşdan əziyyət çəkir ki, bunların da heç biri vərəmli xəstələr üçün nəzərdə tutulmuş müəssisədə müalicə olunası problemlər deyil. Bu səbəbdən Aynur Yaqubova oğlunun “tubzon”a köçürülməsindən şübhələnib: “Hüseyn Əlixanovla görüşdən sonra 14 saylıdakı məhkumlardan birinin yaxınları ilə danışdım. Orada qalanlar yaxınlarına qoşun yeridiləndə məhkumların başına açılan oyunlardan danışıbmış. Deyiblər ki, bura qan gölünə dönmüşdü, dustaq yoldaşlarımızın başına gətirilənlərə görə iki saat ağlamışıq. Əgər qoşunların belə gücü varsa, 800 nəfəri qanına qəltan eləyə bilirsə, elə ermənilərin üstünə hücuma keçib, onların 800-nü məhv eləsinlər, torpaqlarımız da işğaldan azad olunsun. Bunu niyə eləmirlər?”

“Oğlumu görəndə dəhşətə gəldim...”

Aynur Yaqubovanın sözlərinə görə, nə qədər çalışsalar da, Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə görüşə bilmirlər: “Yazıblar ki, guya, hər həftənin dördüncü günü Mədət Quliyevin qəbul günüdür. Yalandır. Getmişik, qəbul eləmir. Uşağımızla görüşüb, onun sağ-salamat olduğunu əmin olmaq istəyirik, qoymurlar. Bizi ”102" ilə hədələyirlər. Ombudsman Aparatına getmişik, Elmira Süleymanova bizi qəbul eləmir. Bunları vəzifəyə niyə təyin ediblər?"

Çoxsaylı müaraciətlərdən, əziyyətlərdən sonra nəhayət, yanvarın 12-də onlar övladları ilə görüşə bilib: “Dedilər ki, hər dustağın 1 yaxını görüşə bilər. Uşağımı o vəziyyətdə gördüm, indi də özümə gələ bilmirəm. Ayağı axsayırdı, qandaldan əllərinin üstü deşik-deşikdir. Dişlərinin yarısı yoxdur. Dizləri sıyrıq-sıyrıqdır. Onlar indi də ”kars"dadılar, ona görə bizimlə görüşdə hər birinin başının üstündə 5-6 “nadzor” dayanmışdı ki, başlarına gətirilənləri danışmasınlar".

“Prezidentə demək istəyirik ki...”

Aynur Yaqubova mətbuat vasitəsilə dövlət başçısı Ilham Əliyevə müraciət edərək, məmurların sadə vətəndaşlara zülm etdiyini bildirir: “Xəstə olmayan adamların vərəm dispanserində nə işi var? Biz prezident seçirik ki, lazım olanda dərdimizə əlac eləsin. Məmurlar ”qara camaat"ın başına oyun açır. Bizim səsimizi ona çatdıran yoxdur. Xahiş edirik, biz valideynləri qəbul eləsin, dərdimizi danışaq. Deyək ki, uşaqlarımızın başına necə oyun açırlar, necə işgəncə verirlər, türmələrdə bizdən nəyə nə qədər pul alırlar. Bunlara biri başa salmalıdır ki, “poqon” daşımaq hələ kimdənsə artıq olmaq anlamına gəlmir. Dustaq olmaq da həmin adamla istənilən formada rəftar etməyə haqq vermir. Dustağın azadlığı əlindən alınıb, hüquqları yox. Bu nə vəhşilikdir? Biz kiminsə övladına çırtma vura bilmərik, bəs niyə bizim övladımızı qanına qəltan eləyirlər? Fərhad Əliyevin, Əli Insanovun taleyi yadlarından çıxıb? Bu gün başqasının balasına zülm eləyənlərin özləri də nə vaxtsa gedib ora düşə bilər. Bunu yaddan çıxarmasınlar".

Elşad Babayevin qatilləri niyə cəzalandırılmır?

Aynur Yaqubova 14 saylı cəzaçəkmə müəssisəsində qətlə yetirilən Elşad Babayevdən də danışdı: “O, hamının hörmətlə yanaşdığı bir dustaq olub. Cəzaçəkmə müəssisəsində hər yer kameradır. Nə baş verirsə, kamera çəkir. Prokurorluq niyə indiyə qədər Elşadın qatillərini cəzalandırmır? Deməli, ya qeyri-peşəkardılar, ya da ört-basdır eləmək yolunu tutublar. Onu ”kars"da döyüb öldürüblər".

Aynur Yaqubova onu da əlavə edir ki, oğlu da daxil olmaqla, 11 nəfərin hələ də “kars”da saxlanılması ciddi narahatlıq yaradır: “Görünür, bunların da axırına çıxmaq niyyətləri var. Öldürəcəklər, sonra da adını qoyacaqlar ki, ”xəstə idilər"./azadlıq/

1710 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:34