Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

İki qəpiklik inkişafın qayıdışı

Mən neftin qiymətinin düşməyinin uca millətimizə xeyiri haqda yazanda bəzi savadsız oxucular ağız büzürdülər, deyirdilər neft pulu gəlməsə ziyanı kasıba dəyəcək. Əlbəttə, elə adamlar var onlara nəyisə izah etmək çox çətindir, gərək həyat özü başa salsın. Ancaq həyat başa salandan sonra da anlamayan, Mirzə Cəlil demişkən, “bir dəfə batdığı palçığa ikinci dəfə girənlər” də vardır ki, onlar ümumiyyətlə problemli adamlardır, onlara heç nəyin xeyri yoxdur.

İndi mən neftin qiymətlərinin düşməsinin bəzi təsirlərini yazım, sən özün bax. Yalan deyirəmsə, denən yalan deyirsən. (Bu milli ifadə tərzimizdən necə xoşum gəlir! Hələ bu cümlədən sonra kiminsə yalan deyənə etiraz etdiyini görməmişəm). Özü də bunlar hələ isti-isti təsirlərdir, inşallah, neftin qiyməti 40 dollar həndəvərində uzağı 1-2 il qalsın, Azərbaycanın necə çiçəkləndiyini, ölkəmizin demokratiya yolunda addımladığını daha aydın görəcəyik.

Ötən il bələdiyyə seçkisində kütləvi saxtakarlıq oldu, bunlardan birinin - Yasamaldakı müəllimə Əfruz xalanın məşhur videosu isə internetdə türkün sözü, paylaşım rekordları qırdı. Bu həftə MSK sədri Məzahir əkə iclas qayırdı, Əfruz xalanın məntəqəsindəki seçkiləri pozuntulara görə ləğv elədi. Sizcə, neftin bareli 100 dollar olsa, Məzahir əkə Əfruz xalanı ləğv edərdimi? Qətiyyən. Hələ əksinə, medal verərdilər.
İkinci bir hadisə 2014-cü ilin 22 dekabrında 14 saylı türmədə döyülüb öldürülən Elşad adlı məhkumla bağlıdır. Oxumuş olarsınız, “Yeni Müsavat” bu hadisəni lazımınca diqqətdə saxladı, şəxsən mən qəzet rəhbərliyinə buna görə təşəkkür edirəm, çünki dustaqlar Azərbaycanda ən əzilən, ən köməksiz, gözdən-könüldən uzaq təbəqələrdən biridir. Bu həftə xəbər gəldi ki, baş zindan müdiri Mədət əkə nəhayət o işi törədənləri cəzalandırıb, prokurorluq hətta cinayət işi açıb. Halbuki neftin 100 barellik halında bundan yazan qəzetləri də tutub türməyə salar, döyüb öldürərdilər, hələ həyasızcasına üzümüzə dirəşərdilər ki, qaçmaq istəyəndə ölüblər. İndi isə repressiya maşını yanacağının azalmasını hiss edir. Artıq zopa tutan əllərə, idman zallarında dana kimi bəslədilən kəlpeysər qoçu dəstələrinə vurulacaq dopinqdə qıtlıq var.
Elə Tarif Şurasının benzinə qoyduğu 2 qəpiklik artımın cəmi 2 gün sonra ən yuxarı səviyyədə geri oxunması həmin həyəcanın təsiridir. Artıq milləti sevməyin ən azı görüntüsünə ehtiyac var, tək nefti sevməklə iş düzəlmir. Hələ nə tamaşalar görəcəyik... Əyləncəli olacaq.
Əgər neft ucuzlaşmasaydı Tarif Şurası benzini nəinki 2 qəpik, lap 50 qəpik də baha edərdi, qərar qətiyyən ləğv olunmazdı. Buna “əmin ola bilərsiniz”, Hacıbala əkə demişkən. (Yeri gəlmişkən, bu iqtidar “əmin” sözünü niyə çox sevir, səbəbini bilirsinizmi? O zaman Abutalıbovun həmin sözü hansı vurğu ilə dediyinə diqqət edin. Yəni mesaj çox aydındır, sadəcə millət anlamır). Heç əmin olmağa ehtiyac da yoxdur, qabaqkı illərin təcrübəsi ortada deyilmi? Hər yanvar kommunal xərclər, yanacaq qiymətləri qalxdığından Azərbaycan xalqı “Qara Yanvar” ifadəsini artıq ikili anlamda işlətmirdimi?
Bu arada Mərkəzi Bank başqa bir qara xəbəri yayıb. Sən demə keçən ilin dekabrında manatın vəziyyəti pis olduğu üçün MB valyuta bazarına 1 milyard 127 milyon dollar atmışdır. Səbəbini isə çox gülməli izah ediblər: sən demə başqa qonşu ölkələrdə valyutaların ucuzlaşması manata psixoloji təsir edibmiş. Loru dildə desək, manat baxıb rubl düşür, bunun da qarnı ağrıyıb, beyni çönüb, başı pozulub. Bəs nə oldu, NK müşavirəsində hamını manat almağa çağırırdınız? Halbuki iqtisadçı olmayan da bilir ki, manat arxasında real iqtisadiyyat durmayan, raxit uşaq kimi bir şeydir. Yüngülvarı küləkdən darmadağın olar. Hazırda da o külək neftin qiymətinin düşməsi nəticəsində əsir. Siz manatı saxlamaq üçün bazara çoxlu dollar, avro atın, görək haracan çatacaq. Real iqtisadiyyat qurmaq əvəzinə 10 il neft pulu ilə şar kimi şişəndə bilmirdinizmi bir gün hava “fıss” eləyib çıxır?
Elə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması da neftin ucuzlaşmasına görədir. Yer bitdi, bunu sabah yazarıq.

Z.Hacı/musavat
1763 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02