Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

«Deyirlər, gələn il bizi Qobudakı yeni qəsəbəyə köçürəcəklər...»

Onlar Rabitə və Nəqliyyat Kollecinin Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsi - 443 ünvanındakı yataqxanasında yaşayırlar. Ətrafdakı zibilliyin, qaranlıq dəhlizlərin, rütubətli mənzillərin fonunda hər şeyə əyləncə kimi baxa bilən uşaqlar yeganə həyat işartısı, ümid mənbəyidir buradakı sakinlər üçün.

Hacıqulu Kərimov Laçın rayonunun Daşlı kəndindəndir, 1993-cü ildən bu yataqxanada məskunlaşıb. Övladları Hafiz və Fəqan 811-ci Laçın alayının tərkibində müharibədə iştirak ediblər. Indi isə özü, həyat yoldaşı, 3 nəvəsi və gəlini ilə bərabər yataqxanadakı bir otaqda yaşamağa çalışır. Məhz çalışır, çünki burda yaşayış üçün heç bir şərait yoxdur: 

“Biz bura gələndən binada qaz yoxdur. Bir müddət əvvəl türklər gəlmişdi. Dedilər ki, bina təmir ediləcək. Amma sonra yataqxana yox, kollecin binasının təmirinə başladılar. Əslində buranı təmir etmək də mümkün deyil. Bu qədər adam burda yaşaya-yaşaya necə təmir aparmaq olar?”

Ümumi ayaqyolu, hər kəsin çalışıb özü üçün eyvanda düzəltdiyi kiçik mətbəx, yüklənmə səbəbindən tez-tez sönən işıqlar, bir-birinə qarışan yemək və rütubət qoxusu... Yataqxana sakinlərinin yaşam mənzərəsi bunlardan ibarətdir. 

Həyat Kərimova həm də onkoloji xəstəliklə mübarizə aparır. “Bir tərəfdən xəstəliyim, bir tərəfdən bu şəraitsizlik... ”Qaçqınkom"dan gəlmişdilər, dedilər ki, köçürüləcəksiz. Biz burda illərdir hansı şəraitdə yaşadığımızı ancaq özümüz bilirik. Təsəvvür edin ki, hamam yoxdur. Bu binada qızımın, digər oğlumun ailəsi də yaşayır. Hər dəfə bir nəfər üçün 3 manatdan hamam pulu vermək mümkün deyil. Ona görə də kollecin həyətində balaca bir hamam düzəltmişdik. Indi orda da təmir gedir deyə bizi ora buraxmırlar".

Şəfa Nəcəfova da uşaqları ilə bərabər bu bir otaqda məskunlaşıb: “Siz özünüz baxın, burda uşaq böyütmək mümkündür? Biz burda qaz görməmişik, balon qazından, ya da işıqdan istifadə edirik biş-düş üçün. Işıqlar da tez-tez sönür, çünki şitlər davam gətirmir. Bir otaqda bu qədər insanın yaşaması mümkün deyil. Uşaqlar bu şəraitdə necə dərs oxusun, nə ilə maraqlansın?”

Laçın rayonunun Əhmədli kəndindən olan Fərman Kərimov isə deyir ki, həyat yoldaşı və oğlu ilə birgə yaşadığı otağı tavanı hər an uça bilər. “Nə deyim ki?! Özünüz görürsüz də...”

8 yaşlı Nərmin Şıxıyeva deyir ki, otaqda çox üşüyür: “Soyuqdur. Çox vaxt mətbəxdə otururam. Amma anam qoymur ki, darısqaldır”. 

Nərminin anası, Ağdamdan məcburi köçkün olan Solmaz Şıxıyevanı isə daha çox binadakı natəmizlik narahat edir: “Dəhlizə, otaqlara baxın, burda hər gün infeksiya yayılır. Özünüz vəziyyəti görürsüz. Gəlirlər, baxırlar, gedirlər, amma dərdimizə bir əlac edən yoxdur. Nə vaxta qədər bu şəraitdə qalacağıq?”

Binadakı sanitar qoşvaqların vəziyyətindən, ümumiyyətlə, danışmağa dəyməz. Hər mərtəbədəki umumi hamam-tualetdən istifadə etmək məcburiyyətində qalanlar kifayət qədərdir. Cəbrayıldan olan məcburi köçkün Kifayət Abbasova 30 ailənin istifadə etməyə məcbur olduğu “hamamı” göstərir: “Bu şəraitdə yaşayırıq. Biz köçsək tələbələr də gəlib yataqxanada qalarlar. Onlar da kirəyəyə nə qədər pul verirlər Burda 110 məcburi köçkün ailəsinin oluğunu deyirlər. Yəni bu ailələri köçürmək bu qədər çətin işdir?”

Biz də bu sualla Qaçqın və Məcburi Köçkünlərin Işi üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbəsindən sözügedən bildirdilər ki, sözügedən yataqxanada yaşayan məcburi köçkünlərin 2016-cı ildə köçürülməsi nəzərdə tutulub: 

“Qobuda məcburi köçkünlər üçün yeni qəsəbə salınır. Yataqxanaların çoxu, o cümlədən Rabitə və Nəqliyyat Kollecinin yataqxanasındakı məcburi köçkünlərin də mənzillə təmin edilməsi 2016-cı il üçün nəzərdə tutulub. Ümumiyyətlə, yataqxanaların çoxu həmin zaman köçürüləcək”, - Komitədən verilən rəsmi məlumatda bildirilir. 

Qeyd edək ki, yataqxana binası Kənd Təsərrüfatı Nazirliyinin Yasamal rayonu ərazisində həftəsonu təşkil etdiyi yarmarkanın düz yaxınlığında yerləşir. Binanın ətrafındakı zibil topalarının bir addımlığında kənd təsərrüfatı məhsulları satılır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, ərazidəki vəziyyət onların da diqqətindən kənarda qalmayıb: “Yarmarka keçirilən ərazidə təmizliyə yerli icra orqanları nəzarət etməlidir. Biz ancaq yarmarkanın təşkili, ora fermerlərin cəlb edilməsi ilə məşul oluruq”. 

Ərazidəki digər binalara xidmət göstərən 56 saylı Mənzil Kommunal Istismarı Birliyi də sözügedən binanın sakinlərinə xidmət göstərmir. MKIS-də bunu məcburi köçkünlərdən zibil pulu yığılmaması ilə əlaqələndirirlər. 

Binada təbii qazın olmamasına gəlincə, “Azəriqaz” Istehsalat Birliyindən bunu binanın tipi ilə əlaqələndirirlər. Qurumun mətbuat xidmətinin rəhbəri Ibrahim Kərbəlayevin sözlərinə görə, sovet dönəmində tikilən tələbə yataqxanalarında qazla təminat nəzərdə tutulmayıb: “Binanın layihəsi təsdiqlənəndə təhlükəsizlik məsələləri nəzərə alınır. Tələbə yataqxanalarının qazlaşdırılması ancaq o zaman mümkün olur ki, qazanxana olsun, ümumi mətbəxlərdə tüstü bacası, havatəmizləyici, normativə uyğun avadanlıqlar quraşdırılsın. Həmin ünvandakı binanın qazlaşdırılması ilə bağlı da sifarişçi təşkilatdan müraciət daxil olarsa binanın layihəsinə, texniki parametrlərə baxıb müəyyən fikir söyləmək mümkündür”.

“Deyəsən, 2016-cı ilə qədər də bu zülmə dözməli olacayıq. Heç olmasa bu ümidimiz də yalan çıxmaya, bir il sonra nəhayət, həyatımızı normal şəraitli evlərdə davam edə bilək”, - bunları da Kifayət Abbasova deyir./civil-forum/

661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08