Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

Nardaranda karikatura əleyhinə etiraz aksiyası keçiriləcək

İslama hücumların əks-sədası Azərbaycana da yetişdi; Natiq Kərimov: “Möhtəşəm bir tədbir fikirləşmişik...”

Parisdə məlum terror olaylarından sonra dünya bir az da qarışıb. Dünyanın bir sıra nüfuzlu nəşrlərinin islam Peyğəmbərini aşağılayan karikaturaları yenidən dərc eləməsi müsəlman dünyasında növbəti etiraz dalğasına səbəb olub.

Amma nədənsə Azərbaycan dindarları bu proseslərdə zəif iştirak edirlər. Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov baş verən hadisələri pislədiklərini və bununla bağlı aksiya keçirəcəklərini bildirdi: “Əvvəla qeyd edim ki, biz baş verənləri pisləyirik. İnsanların dini inancına hörmət etmək lazımdır. Onların müqəddəs bildiklərini təhqir etmək insanlığa yaraşmır. Mən bunu qəbul etmirəm. Nardaran Ağsaqqallar Şurası, Nardaran gəncləri olaraq aksiya keçirməyi planlaşdırırıq. İkinci gün 20 Yanvar faciəsi gününə təsadüf etdiyindən ayın 21-də keçirəcəyik. Həmin gün saat 2-də Nardaranda İmam Hüseyn meydanında bu hadisələrə etiraz olaraq möhtəşəm aksiya fikirləşmişik. Hər yerə aksiya ilə bağlı xəbər verəcəyik”.

Məşədi Natiq terrorun daim əleyhinə olduqlarını da qeyd etdi: “Bir şiə müsəlmanları olaraq hər cür terrora qarşıyıq. Bu çıxış yolu deyil. Xalqın maarifləndirilməsi lazımdır. Hamıya bildirilməlidir ki, İslam gözəl dindir. Bütün Avropa və dünyada İslama böyük axın var. Aksiyada haqq sözümüzü deyəcəyik. Hamılıqla bu mitinqdə iştirak etmək lazımdır”.

Nardaran ağsaqqalı aksiya hazırlıqlarından da danışdı: “Nardaranda indiyə qədər heç bir aksiya maneçilik törədilməyib. Bütün aksiyalar səliqə-sahmanla keçib. Təhlükəsizlik xidmətini də özümüz qoruyuruq. Zəmanət veririk ki, heç bir insident baş verməyəcək. Bütün aidiyyəti orqanlar aksiyamıza nəzarət edirlər. Əminəm ki, hakimiyyətdə olanlar da dini inanc, əqidələrindən asılı olmayaraq, baş verən hadisələrə biganə deyillər, buna görə aksiyamıza mane olmayacaqlar. Uşaqlar şüarları hazırlayırlar. Bütün dünya İŞİD terrorundan xəbərsiz deyil. İstənilən terroru pisləyirik. Baş verən terror hadisəsi ilə bağlı öz münasibətimi mətbuata açıqlamışam. Terrorla məsələ həll olunmur. Əksinə, insanlara bunun cinayət olması başa salınmalıdır. Müsəlmanlarda terrorçuluq olmamalıdır. Biz o insanlardan heç zaman olmamışıq, olmayacağıq da”. /musavat/
956 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı