Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

14-cü “zon”da məhkumu öldürən nəzarətçilər azadlıqda gəzirlər

Elşad Babayevin qətlindən 28 gün ötməsinə baxmayaraq heç kim saxlanılmayıb

“Ötən il dekabrın 22-də 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevi öldürən nəzarətçilər həbs olunmayıb”. Bu barədə “Yeni Müsavat”a E.Babayevin bacısı Simuzər Babayeva məlumat verib.

O deyib ki, bir neçə gün əvvəl onu Qaradağ Rayon Prokurorluğuna çağırıblar: “Müstəntiq Eyyub Bəşirov ifadə aldı. Əvvəl məndən izahat almışdılar. İndi isə ifadə aldılar”.

- Sizi zərərçəkən kimi tanıdılar?

- Demədilər ki, məni zərərçəkən kimi tanıyırlar. Müstəntiq dedi ki, ötən dəfə izahat yazmısınız, bu dəfə ifadə verəcəksiz. İfadəmi yazıb təqdim etdim.

- Cinayət işi başlanıb?

- Müstəntiq dedi ki, başlayıblar.

- Ekspertizanın cavabları prokurorluğa təqdim olunub?

- Yox, ekspertizanın cavabları hələ ki, yoxdur. Bir də Qaradağ rayon prokuroruna ərizə yazdım ki, qardaşımın ölüm işi araşdırılsın.

- Cinayət işi başlanıbsa, bu ərizənin yazılmasına nə ehtiyac vardı?

- Cinayət işi başlanıb. Ötən dəfə izahat yazmadım. Mən həmin gün prokurorluğa anamla getmişdim. Onun vəziyyəti pisləşdi, yaza bilmədim. Müstəntiq suallarıma “cinayət işi başlayıb” cavabını verir.

- İfadənizin məzmunu nədən ibarət idi?

- Cəzaçəkmə müəssisəsində və “morq”da gördüklərim haqda yazdım, qardaşımın morqda çəkdiyim şəkillərini də ifadəmə əlavə etdim.

S.Babayeva dedi ki, Qaradağ Rayon Prokurorluğundan Penitensiar Xidmətə yollanıb: “Mədət Quliyevin qəbuluna getdim. Amma məni qəbul etmədi. Müavinləri dedilər ki, özümüz sizə zəng edəcəyik. Demişəm, bir daha deyirəm - mən qardaşımın qanını bağışlayan deyiləm”.

14 saylı cəzaçəkmə müəssisəsində Elşad Babayevin nəzarətçilər tərəfindən döyülərək öldürülməsinə etiraz edən məhkumların özləri də o vaxtdan bəri işgəncə altındadır. Bu barədə “Azadlıq”a həmin məhkumlardan üçünün - İsa Yaqubov, Araz Quliyev və Anar Qasımlının yaxınları məlumat verib. İ.Yaqubovun anası Aynur Yaqubova deyib ki, nə qədər çalışsalar da, Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə görüşə bilmirlər: “Yazıblar ki, guya, hər həftənin dördüncü günü Mədət Quliyevin qəbul günüdür. Yalandır. Getmişik, qəbul eləmir. Uşağımızla görüşüb, onun sağ-salamat olduğunu əmin olmaq istəyirik, qoymurlar. Bizi ”102" ilə hədələyirlər. Ombudsman Aparatına getmişik, Elmira Süleymanova bizi qəbul eləmir. Bunları vəzifəyə niyə təyin ediblər?"

Çoxsaylı müaraciətlərdən, əziyyətlərdən sonra, nəhayət, yanvarın 12-də onlar övladları ilə görüşə bilib: “Dedilər ki, hər dustağın 1 yaxını görüşə bilər. Uşağımı o vəziyyətdə gördüm, indi də özümə gələ bilmirəm. Ayağı axsayırdı, qandaldan əllərinin üstü deşik-deşikdir. Dişlərinin yarısı yoxdur. Dizləri sıyrıq-sıyrıqdır. Onlar indi də ”kars"dadılar, ona görə bizimlə görüşdə hər birinin başının üstündə 5-6 “nadzor” dayanmışdı ki, başlarına gətirilənləri danışmasınlar".

Aynur Yaqubova mətbuat vasitəsilə dövlət başçısı Ilham Əliyevə müraciət edərək, məmurların sadə vətəndaşlara zülm etdiyini bildirir: “Xəstə olmayan adamların vərəm dispanserində nə işi var? Biz prezident seçirik ki, lazım olanda dərdimizə əlac eləsin. Məmurlar ”qara camaat"ın başına oyun açır. Bizim səsimizi ona çatdıran yoxdur. Xahiş edirik, biz valideynləri qəbul eləsin, dərdimizi danışaq. Deyək ki, uşaqlarımızın başına necə oyun açırlar, necə işgəncə verirlər, türmələrdə bizdən nəyə nə qədər pul alırlar. Bunlara biri başa salmalıdır ki, “poqon” daşımaq hələ kimdənsə artıq olmaq anlamına gəlmir. Dustaq olmaq da həmin adamla istənilən formada rəftar etməyə haqq vermir. Dustağın azadlığı əlindən alınıb, hüquqları yox. Bu nə vəhşilikdir? Biz kiminsə övladına çırtma vura bilmərik, bəs niyə bizim övladımızı qanına qəltan eləyirlər? Bu gün başqasının balasına zülm eləyənlərin özləri də nə vaxtsa gedib ora düşə bilər. Bunu yaddan çıxarmasınlar".

A.Yaqubova onu da əlavə edir ki, oğlu da daxil olmaqla, 11 nəfərin hələ də “kars”da saxlanılması ciddi narahatlıq yaradır: “Görünür, bunların da axırına çıxmaq niyyətləri var. Öldürəcəklər, sonra da adını qoyacaqlar ki, ”xəstə idilər".

Yanvarın 22-də məhkum Elşad Babayevin ölümünün 1 ayı tamam olur.
Məhkuma ölümü ilə nəticələnən işgəncələrin ona Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar adlı nəzarətçilərin verməsi haqda məlumatlar var. Qətldən ötən 28 gün ərzində istintaqın qapalı və dövlətin qoruması altında olan müəssisədə qatilləri müəyyən edə bilməməsi haqlı narazılıq və suallar doğurur.

Yada salaq ki, 31 yaşlı Elşad Babayevin işgəncə ilə öldürülməsinə digər məhkumlar etiraz etdiyinə görə 14 saylı cəzaçəkmə müəssisəsinə qoşun yeridilib. Etiraz edən məhkumların özlərinə dəhşətli işgəncələr verilib. Müəssisə rəhbərliyi bununla da kifayətlənməyərək, məhkumların bir qismini cərimə otağına (kars) saldırıb, 11 nəfər isə əsasən vərəmli xəstələr üçün nəzərdə tutulan və “tubzon” adlandırılan 3 saylı müəssisəyə köçürülüb. Onlar bu günə qədər də 3 saylı cəzaçəkmə müəssisəsində “kars”da saxlanılır. /musavat/
777 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56