Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

İŞİD-in azad etdiklərindən şok etiraflar

“İŞİD”in 200 nəfəri azad etməsinin səbəbləri hələ də sirr olaraq qalır.

Kürd komandirlər düşünürlər ki, qoca və xəstə adamlar yaraqlılar üçün əlavə yük ola bilərdi. Onları yedizdirmək isə əlavə xərc. Azad olunanlar əsasən qocalar və xəstələrdir. Aralarında bir neçə uşaq da var. Azad edilənlərdən bəziləri çadır şəhərciyinə xərəkdə gətirilib.

"Allaha and olsun ki, bir dəfə mən onların 500 nəfər qız-gəlini ayırıb necə apardıqlarını gördüm”. Bunu 75 yaşlı Xirzi Naif deyir. O, İraqdakı “İŞİD” yaraqlılarının 6 ay girov saxladıqdan sonra bu günlərdə azad etdiyi 200 nəfər yezidi kürddən biridir.

“Hamının pulunu, qır-qızılını, hər şeyini əlindən aldılar. Kimdən xoşları gəlmirdi, kim onların göstərişlərinə əməl etmirdi, öldürürdülər” – deyə Naif xatırlayır.

65 yaşlı qadın - Şeme Salih deyir ki, girov götürüldükdən sonra yaraqlılar qadınları kişilərdən ayırdılar. İndi də bilmirəm ki, bizi 6 ay orda saxlayanların adları nə idi”.

2014-cü ilin avqustunda “İŞİD” Sincarı ələ keçirəndə orada yaşayan on minlərlə yezidi kürd canını götürüb qaçmışdı. Bu kiçik dini icmanı “İŞİD” kafir, dönük hesab edir.

O zaman yüzlərlə yezidi kürd yaraqlıların əlinə düşmüşdü. Onların bir çoxunu ölkənin şimalındakı Tel Afar şəhərinə aparmış və Ərbil yaxınlığında körpüdən atmışdılar.

Son aylar girovluqdan azad edilən belə insanların dediklərindən məlum olur ki, “İŞİD” əlinə düşən qadınları kölə kimi satır. Girovluqdan qaça bilmiş qadınların dediyinə görə, onlar zorlanıb, döyülüb, işgəncələrə məruz qalıblar. 60 yaşlı qadın – Merdin deyir ki, yaraqlılar hətta bir neçə uşağı olan qadınları da aparırdılar:

“Beş, hətta yeddi uşağı olan qadınları da apardılar. Kişilərisə öldürdülər. Onlar adam deyillər. Heç kafirlər də bunlar kimi cinayətlər törətməyiblər.”

Qeyd edək ki, girovluqdan azad edilənlərə İraq hökuməti müvəqqəti çadırlarda sığınacaq verib. İraq ordusu ölkənin bəzi bölgələrini “İŞİD”dən geri alsa da, xeyli kənd-şəhər hələ də yaraqlıların nəzarətində qalır./ans/
835 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber