Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2015

Hövsanı bir cümlə qarışdırdı: 21 yaşlı gənc öldü

Müəllimin təhqiri qəsəbə sakinlərini ayağa qaldırdı; 118 saylı məktəbin direktoruna görə keçirilən etiraz aksiyasında cavan oğlan qəfil dünyasını dəyişdi; Bakı Təhsil İdarəsi Qardaşxan Səlimovu görəvdən aldı, araşdırma başladı; aksiya iştirakçıları: “Baş verənlərdə Suraxanı Rayon İcra Hakimiyyəti də, Təhsil Nazirliyi də günahkardır...” 

Yanvarın 19-da Bakının Hövsan qəsəbəsində kütləvi etiraz aksiyası keçirilib. Musavat.com-un verdiyi xəbərə görə, etirazlara səbəb 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun məktəbdə təhsil alan şagirdlərin valideynlərini təhqir etməsi olub. Bundan hiddətlənən valideynlər isə məktəbin qarşısına toplaşaraq direktorun cəzalanmasını tələb ediblər.


Aksiyaya səbəb olan hadisə məktəbin  9-cu sinifində baş verib.  İddiaya görə, məktəbin coğrafiya müəllimi uzun müddət imiş işə çıxmırmış. Şagirdlər bununla bağlı direktora müraciət edərək, onun başqa müəllimlə əvəz olunmasını istəyiblər. Direktor isə bunun cavabında “atanız evə gəlməyəndə, onu başqa kişi əvəz edir?”, -  deyə, şagirdləri təhqir edib. Bizim də etirazımıza səbəb budur. O kimdir ki, bizi təhqir edir?! Dərhal işdən azad edilməlidir. Olmasa onu qəsəbədə sağ qoyan deyilik". Məktəbin həyətinə doğru yol alan kütlə, direktoru maşından düşürməyə çalışıb. Direktor kütlə arasına düşməkdən boyun qaçırıb. Və maşını sürərək oradan uzaqlaşıb. Bu zaman etirazçılardan biri olan 21 yaşlı, əsgərlikdən yenicə gəlmiş olan Əliyev Elmar Rəcəbəli oğlunun səhhəti pisləşib və huşunu itirib. Yerə yıxılan E.Əliyevin dili qatlanıb. Sakinlər onu təcili olaraq 11 saylı köməkçi yardım stansiyasının Hövsan filialına aparıblar. Amma həkimlər tərəfindən edilən müdaxilənin faydası olmayıb, E. Əliyev dünyasını dəyişib. 

Bundan sonra qəsəbə sakinləri daha da hiddətləniblər. Onlar xəstəxananın həyətinə yollanaraq, etiraz ediblər. Və yaxınlıqda dayanmış qəsəbə icra nümayəndəsinin qara rəngli, xarici avtomobilini dövrəyə alıb təpikləməyə və şüşələrini sındırmağa başlayıblar. Ərazidə olan polis əməkdaşları qəzəblənmiş kütləni sakitləşdirməyə çalışıb. 
İcra nümayəndəsi və Təhsil Nazirliyinin işçilərinin məktəbdə olduğunu bilən sakinlər bu dəfə yenə ora üz tutublar. Rayon polis idarəsinin rəhbərləri mərhumun yaxınları ilə söhbətləşdikdən sonra E.Əliyevin ailəsi şikayətçi olmadıqlarını bildirib: “Biz şikayətçi deyilik. Məsələnin daha da böyüməsini istəmirik. Bizim dərdimiz bizə bəs edir. Amma sona qədər məktəb direktorunun işdən azad olunmasını tələb edəcəyik”.

Hadisə yerində olan musavat.com əməkdaşı onu da öyrənib ki, bu məktəblə bağlı qəsəbə sakinlərinin etirazı uzun müddətdir yaranıbmış: “Bizim etirazımız 3-4 aydır ki, davam edir. Səbəbi də bərbad təhsildir. Son bir neçə ildə 118 saylı məktəbdən bir şagird belə ali məktəbə  qəbul olmayıb. Çünki müəllimlər vaxtı-vaxtında dərsə gəlmirlər. Gələnlər də normal dərs keçmirlər. Biz də bununla bağlı icra hakimiyyətinə və Təhsil Nazirliyinə müraciət ünvanlamışıq. Amma heç bir xeyri olmayıb”.

Aksiya davam edərkən xəbər gəlib ki, sakinlərin tələbi yerinə yetirilib. Belə ki, Bakı Şəhər Təhsil İdarəsinin məktəblə bağlı yaydığı açıqlamada bildirilib ki, məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsindən kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub. Qeyd olunub ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır: “118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək. Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirik”, -  deyə, məlumatda bildirilib. 

Qəsəbə sakinləri evlərinə dağılışsalar da baş verənlərdə təkcə məkəb rəhbərliyinin suçu olmadığı qənaətindədirlər. Onların fikrincə, baş verənlərdə həm də Suraxanı Rayon İcra Hakimiyyəti, həm də Təhsil Nazirliyi də günahkardır: “Çünki vaxtında bu məsələyə reaksiya vermədilər. Şikayət məktublarımıza baxmadılar. Onların günahı ucbatından bir gəncimiz öldü, bu qədər insanın gözü yaşlı qaldı. Məktəb direktoru qədər, onlar da günahkardırlar”, - deyə, qəsəbə sakinləri əməkdaşımıza deyiblər.

Qeyd edək ki, son günlər Bakı məktəblərində şagirdlərlə kobud davranılması barədə xəbərlər artıb. Ötən həftə  Yasamal rayonu, 53 saylı orta məktəbdə ibtidai sinif şagirdi Dəniz Məmmədlinin müəllimə tərəfindən saçının yolunması barədə məlumat yayılıb. Məlumatı isə sosial şəbəkəyə Dənizin bacısı Şəms Məmmədli yerləşdirib. O, bacısının şəklini yerləşdirərək müəllimə tərəfindən yolunduğunu bildirib. Bundan sonra məsələ böyüdüyündən ibtidai sinif müəllimi Zülfiyyə Hacıyeva və direktor Firəngiz Həsənova açıqlama verərək faktı təkzib ediblər. /musavat/
























1256 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:11