Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2013

Benzinin bahalaşacağı rəsmən təsdiqlənir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov “Avro-3”-ə keçidlə bağlı yanvarın 1-dən benzinin bahalaşacağını deyir; Tarif Şurası komitə sədrinin dediklərini təkzib etsə də, büdcə layihəsi qiymət artımlarının real olduğunu göstərir

Gələn il yanvarın 1-dən “Avro-3"ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var. ”SalamNews" saytının məlumatına görə, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənov deyib ki, gələn il yanvarın 1-dən “Avro-3"-ə keçid planlaşdırılır: ”Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə “Avro-4", ”Avro-5" standartları da hazırdır, sadəcə, bunların həyata keçirilməsi üçün vaxt lazımdır".

Komitə sədri yanacağın qiymətinin qalxmasına da münasibət bildirib: “”Avro-3" standartına keçid qiymətlərə cüzi təsirini göstərə bilər. Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə bu standarta keçid bizə vacibdir".

Beləliklə də hökumətin qiymətləri qaldırmaq niyyəti barədə versiyalar rəsmi təsdiqini tapır. Bu versiyalar 2014-cü ilin dövlət büdcəsi layihəsində büdcə təşkilatlarında kommunal xərclər və yanacaq-sürtkü materiallarının ödənilməsi xərclərinin artırılması faktından qaynaqlanırdı. Büdcə təşkilatları tərəfindən yanacaq-sürtkü materiallarının alınmasına hökumət 88,8 milyon manat yönəltməyi planlaşdırır, bu da bu il olduğundan 39,5 faiz çoxdur. Bu baxımdan hesab etmək olar ki, benzinin qiyməti 35-40 faiz artacaq.
Bir qədər öncə maliyyə naziri Samir Şərifov kommunal xərclərin artacağını dolayısı yolla təsdiqləmişdi: “Kommunal xərclərin artımına Tarif Şurası baxır. Bu haqda konkret bir söz deyə bilmərik. Amma hər şey mümkündür. Bu gün deyərik artmayacaq, birdən sabah Tarif Şurası artırar. Ona görə bu haqda dəqiq heç nə deyə bilmərik”.

Bunun ardınca Tarif Şurası qiymətlərin artacağı ilə bağlı məlumatları təkzib etdi: “Azərbaycanda kommunal xidmət tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil. Hazırda tariflərin artırılması ilə bağlı şurada heç bir məsələ müzakirə olunmur. Kommunal xidmətlərin tariflərinin artırılması ilə bağlı müvafiq dövlət təşkilatları olan ”Azərenerji" ASC, Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və “Azərsu” ASC-dən quruma heç bir təklif daxil olmayıb".

İndi də R.Həsənov benzinin qiymətinin artacağını iddia edir. Təbii ki, bu məsələdə R.Həsənovun qabağa verilməsi təsadüfi deyil. Hökumət bu işdə birbaşa marağı olmayan komitə sədrinin dili ilə əhalini qiymət artımına hazırlayır. Normalda benzinin bahalaşması barədə təklifi ARDNŞ verməlidir. Ancaq hökumət qıcıq yaratmamaq üçün R.Həsənovu qabağa verib. Burada sanballı bəhanə “Avro-3" standartına keçiddir. Ancaq hökumətin qiymət artımına getməsi təbii ki, başqa amillə - büdcəni doldurmaq qayğısı ilə bağlıdır.
Maraqlıdır ki, Tarif Şurası R.Həsənovun dediklərini də təkzib etdi. Tarif Şurasının mətbuat katibi Abbas Əliyev axar.az saytına deyib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun verdiyi məlumatı təsdiqləyə bilməyəcək: “Ramiz Həsənov bununla bağlı açıqlama versə də, deyə bilərik ki, heç bir artım olmayacaq. Çünki bu məsələ Tarif Şurasının səlahiyyətindədir və heç bir qiymət artımı müzakirə edilmir. Benzinin qiymətinin artması üçün Tarif Şurasına heç bir müraciət daxil olmayıb”.

Təbii ki, Tarif Şurasının təkzibi o demək deyil ki, bu məsələ aktual deyil. Çox yaxın tarixdə belə təkzib oyunları çox olub. Sonda isə qiymətlər bahalaşıb. Məsələn, 2006-cı ilin sonunu götürək. O vaxt da hökumətdəki mənbələr israrla qiymətlərin artacağını deyir, rəsmi şəxslər isə bunun əksini iddia edirdi. Xüsusilə də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və iqtisadi inkişaf naziri, Tarif Şurasının sədri Heydər Babayev cidd-cəhdlə hamını inandırmağa çalışırdı ki, bahalaşma olmayacaq. Bu ümidlə hökumət əhalini yeni ili qarşılamağa yola saldı. Ancaq bayramdan qayıdan toplum 2007-ci ilin yanvarın ilk günlərindəcə şoka düşdülər - elektrik enerjisi 3 dəfə, su 2 dəfə, benzin 50 faiz bahalaşdı.
İndi də oxşar tendensiya gedir. Büdcəni tərtib edən maliyyə nazirinin açıqlaması qiymətlərin artacağından xəbər verir, ancaq Tarif Şurası təkzib edir. Benzinin keyfiyyətinin standartına cavabdeh olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri benzinin bahalaşacağını deyir, Tarif Şurası yenə təkzib edir. Ortada isə bu təkzibləri qətiyyətlə təkzib edən çox ciddi sənəd var - büdcə təşkilatlarının kommunal ödənişlərinin artırılması. Artım 2 amillə bağlı ola bilər. Ya büdcə təşkilatlarının istehlak etdiyi enerji resurslarının həcmi bu illə müqayisədə 85 faiz artmalıdır, ya da qiymətlər. Üçüncü variant yoxdur. Həcmin artırılması real görünmür. Nə baş verib ki, büdcə təşkilatlarının istehlak etdiyi enerji resurslarının həcmi kəskin şəkildə - 85 faiz artsın? Deməli, qiymət artımı yeganə əsaslı versiyadır. S.Şərifov və R.Həsənovun açıqlamaları da bu reallığı bir daha təsdiqləyir. Tarif Şurasının təkzibinə gəldikdə isə, bu quruma təkzib vermək rolu tapşırılıb. Hələlik qiymət artımları barədə rəsmi şəxslər mediaya məlumatlar verir, ictimai rəyi artımlara hazırlayır. Bu hökumətin köhnə taktikasıdır.
1787 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07