Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2015

“Az qalıram, özümü odlayım...”

Ürəyində qəlpə gəzdirən Qarabağ əlili, məcburi köçkün 14 ildir ki, kirayələrdə yaşayır

Tofiq Alışov: «Boğazımdan böyrümə qədər əməliyyat izi daşıyıram bədənimdə»


Tofiq Alışov Zəngilan rayonunun Quyudərə Xəştab kəndindəndir. 1965-ci ildə anadan olub, könüllü şəkildə Qarabağ savaşına qatılıb. 14 ildir kirayədə yaşayır. Birinci həyat yoldaşı kirayədə yaşamağın məhrumiyyətlərinə dözə bilməyib və ondan ayrılıb. Ikinci dəfə ailə həyatı qurub. Bir övladı var. Kirayə yaşayışdan qurtulmaq üçün döymədiyi qapı, yazmadığı instansiya qalmayıb. Deyir ki, bun addımların heç biri probleminin həllinə kömək etməyib.

Tofiq Alışov Sumqayıtda 17-ci mikrorayonda 1 otaqlı dar mənzildə kirayədə yaşayır: “Mən Zəngilan rayonunda qeydiyyatdayam. Bütün məktublarıma da cavab yazıblar ki, nə vaxt Zəngilan rayonu alınacaq, orada da sənə hər şərait yaradılacaq. Sumqayıt Şəhər Icra Hakimiyyətindən də eyni cavabı almışam, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qədər hər yerə yazmışam”.

Tofiq Alışov II qrup əlildir. Danışdıqca tez-tez təngnəfəs olur: “Bir tərəfdən deyirlər ki, rayon qeydiyyatındasan, dərdini onlar həll etməlidi. Zəngilan Rayon Icra Hakimiyyətinə gedəndə də mənə deyirlər ki, ”torpağımız var, sənə yer verək?" Axı mən döyüşmüşəm, döyüşə Zəngilanı qorumaq üçün yox, Azərbaycanı qorumaq üçün getmişəm. Müdafiə Nazirliyinə məktublar yazmışam. Heç bir nəticə yoxdur. Az qalıram, özümü odlayım. Mən nə qədər kirayələrdə sürünməliyəm?!"


Sənədlərini, müxtəlif instansiyalara yazdığı məktubları, xəstəlik tarixçələrini, döyüş fotolarını önümüzə tökərək hər xırda detal barədə ətraflı danışır: “706 nömrəli hərbi hissədə mənə bu kağızı verdilər - mükafatlandırılmağımla bağlı. Amma medalımı vermədilər...

Məni Zəngilanda tanıyırlar. Ilk könüllülərdən biri də mənəm. Mən kəşfiyyat bölüyünün rota komandiri olmuşam. Bax, bu da təsdiqləyici sənəd. 1996-cı ildə Heydər Əliyevin əmri ilə ordudan tərxis olunmuşam".

Onda olan vəsiqələrin - istər məcburi köçkünlük vəsiqəsi olsun, istər əlillik, istərsə də döyüşçü vəsiqələrinin heç birinin bir işə yaramadığını bildirir.

Tofiq Alışov Sumqayıtda müxtəlif yerlərdə kirayədə yaşayıb. Hazırkı evdə üç ildir ki, məskunlaşıb. Kirayə evlərə verdiyi aylıq pulu da öz dəftərində qeyd edir: “Mən hərbçiyəm, hər şeyi qeyd etməliyəm”.

Bu dəftərçədə yaşadığı evlərin aylıq kirayəsi 100 manatdan başlayıb 160 manata qədər yüksəlir. Aylıq əlillik müavinəti və təqaüdü ümumilikdə 240 manatdır. Həyat yoldaşının qohumlarının onlara çox kömək etdiyini və bu yardım sayəsində ayaqda dura bildiklərini vurğulayır.

Ona verilmiş xasiyyətnaməni bizə oxuyur: “Verilir 1965-ci il təvəllüdlü Zəngilan Rayonu Hərbi Komissarlığından çağırılmış, Azərbaycan Silahlı Qüvvələrində 01.12.1991-ci il tarixindən xidmət edən baş gizir Alışov Tofiq Musa oğluna. Alışov Tofiq Musa oğlu xidmətə başladığı ilk gündən özünü əsl Azərbaycanlı əsgər kimi tanıtmışdır. O, xidmət etdiyi müddət ərzində ilk gündən özünün sadəliyi və qorxmazlığı ilə əsgər yoldaşlarının və komandanlığın dərin hörmətini qazanmışdır. Baş gizir döyüş əməliyyatlarında yaxından iştirak etmiş, bir neçə dəfə yaralanmış və bir sıra qəhrəmanlıqlar göstərmişdir...”

Qarabağ qazisi ilk dəfə 1992-ci ildə Zəngilan rayonunun Şayıflı kəndində, ikinci dəfə 1993-cü il avqustun 25-də Cəbrayıl rayonunun Quşçular postunda, üçüncü dəfə isə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində ürək nahiyəsindən yaralanıb. Və hazırda ürəyində qəlpə gəzdirir: “Hər ay bu dərmanları qəbul etməliyəm. Öz pulumla alıram. Bircə dəfə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasında dövlət hesabına əməliyyat olunmuşam. Ancaq müalicəni öz pulumla davam etdirdim. Ikinci dəfə əməliyyat üçün Irana getməli oldum, yenə də xərcini özüm çəkdim”.

Tofiq Alışovun ev problemilə əlaqədar əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirdi ki, qanunvericiliklə müharibə veteranlarına və əlillərinə mənzil qeydiyyatda olduğu yerli icra hakimiyyəti tərəfindən verilməlidir: “Əgər şəxs Zəngilan rayonunda qeydiyyatdadırsa, bu məsələyə biz yox, Qaçqın və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsi baxır”.

Qaçqın və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimova Tofiq Alışovun durumu ilə bağlı sualımızı ünvanladıq. O, məsələni araşdırıb sualımızı cavablandıracağını vəd etsə də, iki həftə ərzində zənglərimizə cavab vermədi.

Tofiq Alışov deyir ki, gəncliyindən bəri özü ilə gəzdirdiyi ürək yarası onu incitdikcə təklikdə az ağlamayıb: “Elə vəziyyətlərə düşmüşəm ki, özüm öz günümə ağlamışam. Boğazımdan böyrümə qədər əməliyyat izi daşıyıram bədənimdə. Irili-xırdalı 12 dəfə əməliyyat olunmuşam. Ancaq yenə də ürəyimdəki qəlpəni çıxara bilməyiblər... Indi kirayə otaqlarında günlərimi sayıram”./civil-forum/
888 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08