Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Adam öldürməyə görə 1000 manatlıq cərimə...

Fotolardan işgəncə ilə öldürüldüyü aşkar görünən məhkumun ürək tutmasından dünyasını dəyişdiyi haqda rəy verilib 

Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişmiş 31 yaşlı Elşad Babayevin cəsədinin fotoları onu görənləri dəhşətə gətirdi. Əqli baxımdan normal olan istənilən şəxs o fotoları görən kimi Elşad Babayevin vəhşicəsinə döyülmə nəticəsində qətlə yetirildiyinə əmin olur.

Amma Azərbaycanda ekspertiza - Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasının eksperti Cavid Əhədov rəy verib ki, Elşad Babayev kardiomiopatiya (ürək tutması) nəticəsində dünyasını dəyişib. Bu barədə “Azadlıq”a mərhum Elşad Babayevin bacısı Simuzər Babayeva məlumat verərək bildirib ki, bu rəy saxtadır. Onun sözlərinə görə, qardaşı heç vaxt ürəyindən şikayətlənməyib. Sadəcə, ekspert məhkumu döyüb öldürənlərin cinayətini ört-basdır eləmək üçün belə bir rəy verib.

“Ekspert mənə bu rəyi təqdim edəndə onun özündən də soruşdum ki, bəs meyitin üzərindəki xəsarətlər nədən yaranmışdı? Heç bir cavab verə bilmədi”, - deyə Simuzər Babayeva qeyd edib.

Simuzər Babayevanın sözlərinə görə, qardaşı dekabrın 13-də vəhşicəsinə döyülərək, cərimə otağına - “kars”a salınıb. Dekabrın 22-də ölənə qədər “kars”da saxlanılan Elşad Babayev bu müddətdə ac-susuz qalıb, özü də beton döşəmənin üstündə. Amma bununla da ürəkləri soyumayıb, onu cərimə otağında olanda da yenə vəhşicəsinə döyüblər.

Simuzər Babayeva deyir ki, bu vəhşiliklərin şahidi olan, baş verənlərə etiraz edən məhkumların özləri də işgəncələrə məruz qalıb.

Simuzər Babayeva onu da qeyd edib ki, qardaşının ölümü ilə bağlı CM-nin 309-cu maddəsilə cinayət işi başlanıb. Bu maddədə vəzifə səlahiyyətlərini aşmaya görə min manatdan iki min manatadək cərimə, iki ilədək islah işləri və ya üç ilədək həbs cəzası nəzərdə tutulub. Belə çıxır ki, prokurorluq bir adamı döyə-döyə öldürməyi sadəcə, səhlənkarlıq kimi qiymətləndirir. Ən dəhşətlisi budur ki, hələlik bu maddə üzrə də cinayət məsuliyyətinə cəlb olunan yoxdur. Simuzər Babayevanın qardaşının ölümündə günahlandırdığı nəzarətçilər hələ də həmin cəzaçəkmə müəssisəsində fəaliyyətini davam etdirir.

Qeyd edək ki, həmin hadisədən sonra 14 saylı cəzaçəkmə müəssisəsinə qoşun yeridilib, etiraz edən məhkumlar vəhşicəsinə döyülərək, vərəmli xəstələr üçün nəzərdə tutulmuş 3 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Halbuki, onların heç bir xəstəliyi yoxdur. Həmin məhbusların valideynləri “Azadlıq”a bildirib ki, övladları orada da işgəncələrə məruz qalır.

1042 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı