Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2015

Kəlbəcərli köçkünlər Gəncə İcra Hakimiyyətinə yürüşə hazırlaşır

Gəncədə məskunlaşmış Kəlbəcərdən olan köçkünlər Şəhər İcra Hakimiyyətinə yürüş etməyə hazırlaşır. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda bildirlir ki, köçkünlər onlara verilən vədlərin yerinə yetirilməməsindən və şərlənmələrindən narazıdırlar.

Köçkünlər mətbuata ünvanladıqları müraciətdə hadisənin düzgün təqdim edilməməsindən də gileyləniblər. Qeyd ediblər ki, əslində etiraz edənlər söküntülərə məruz qalan ərazidə yaşayan, “Qaçqınkom"a rüşvət verməyən və mənzil ala bilməyən kəsimin nümayəndələridirlər: “Sökülən mənzillər Gəncənin tam kənarında, Göygöl rayonuna gedən yolun sağ və sol cinahlarında yerləşən təqribən 500 hektar sahədə yerləşir.

Deməli, bura şəhərin mərkəzi hissələrinə aid deyil, eyni zamanda da, bu ərazidə heç bir strateji infrastruktur layihələri həyata keçirilməyib. İnsanlar zəhmətlə pul toplayıb, müvafiq icra aparatından sərəncam alıblar. Paralel olaraq, neçə ildir burda yaşayıblar, özlərinə sosial mühit qurublar. Onların üzərinə qaz, su, işıq və digər kommunal xidmətlərə görə ödəniş etmək öhdəliyi qoyulub. İllərdir sözügedən ərazidə sakinlər bu öhdəlikləri yerinə yetiriblər. İndi nə oldu ki, bu ərazi İcra Hakimiyyətinin yadına düşdü? Həm də Gəncədə torpaq islahatlarının dayandığı və torpaq satmaq üçün qıtlığın müşahidə olunan bir dövrdə? Elə isə nədən heç kim bu hadisədən az sonra Gəncənin digər bir yaşayış massivində - ”Farfor Zavod ətrafı" adlanan hissəsində Gəncə Şəhər İcra Hakimiyyəti ilə Əmlak Komitəsinin yerli şöbəsi arasında narazılığın olmasını və bu narazılığın ucbatından ərazinin Əmlak Komitəsi tərəfindən hasara alınması, insanların ev tikə bilməməsi haqda bəhs etmədi? Yoxsa icra başçısının müavini Naqif Həmzəyevin “mediadakı dostları” bunları da görməzdən gəldi? Bu ərazilər Elmar Vəliyevin sərəncamı ilə satılıb və Əmlak Komitəsinin balansındadır. Hazırda bu qurumla aralarındakı sövdələşmə pozulub. Ona görə də İcra Hakimiyyəti vəziyyətin daha da qəlizləşməməsi üçün Əmlak Komitəsinin yerli şöbəsi ilə danışıqlar aparır".

Köçkünlər etirazın yaranma səbəblərini belə açıqlayıblar: “Əvvəla, bu ərazilərin bir qismini Gəncənin icra başçısı Elmar Vəliyevin təqdimatı ilə şəhərin Nizami rayonuna icra başçısı təyin etdirilən Məharət Mustafayev satdırıb. Bu o Məharət Mustafayevdir ki, deyilənə görə, icra başçısı olmamışdan əvvəl Elmar Vəliyevlə iş ortağı olub. Gəncəbasar bölgəsində, o cümlədən Goranboy rayonunda avtomaşın yağlarının satışı ilə məşğul olub və sonradan bu regionda ”monopoliya" yaradaraq ancaq özləri maşın yağlarının satışını təşkil ediblər. Hələ icra başçısı olmamışdan öncə Elmar Vəliyev öz “qara büdcə”sini formalaşdırmaq üçün Məharət Mustafayevin “məharətlərindən” istifadə edib.

M. Mustafayevi də Gəncənin Nizami rayonuna ona görə icra başçısı təyin etdirib ki, bu rayon ərazisində yerləşən mərkəzə yaxın bahalı torpaq sahələrinin müxtəlif adamlara satışını təşkil etsin və bütün qanunsuz əməllərini icra etdikdən sonra “günahlarını” M. Mustafayevin boynuna yıxıb, sudan quru çıxsın. Belə də oldu! İndinin özündə də heç bir rəsmi vəzifə tutmayıb, işsiz olmasına rəğmən, Məharət Mustafayev Elmar Vəliyevin tapşırıqları ilə hərəkət edir, onun işlərini həyata keçirir. Gəncədə yerli hakimiyyət nümayəndələrinin bir niyyəti var: “Torpaq sat, pul qazan!” Harada görünüb ki, hətta qanunsuz tikili olsa belə, məhkəmə qətnaməsi olmadan ev sökülsün? Harada görünüb ki, sənədsiz olduğu iddia edilən evlər üçün infrastruktur formalaşdırılsın və vergi ödətdirilsin? Harada görünüb ki, sənin dinc etiraz etmək istəyinin qarşılığında səni möhkəmcə döysünlər və Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açalar? Sonra da ölkə mətbuatında bar-bar bağıralar ki, bizə müqavimət göstərdin? Hazırda iki nəfər etirazçı həbsdədir. Onlarla xəsarət alan etirazçılar isə öz evləri dağıdıldığından qohumlarının evində müalicə olunur".

Köçkünlər onlara E.Vəliyev tərəfindən verilən vədlərin icra olunmasını tələb edirlər.

Yada salaq ki, ötən il dekabrın 10-da Gəncənin “Avtozavod” qəsəbəsi adlanan ərazisində Nizami RİH-nin əməkdaşları ilə məcburi köçkünlər arasında insident yaşandı. Həmin qəsəbədə məskunlaşmış Kəlbəcər rayonundan olan köçkünlər etiraz əlaməti olaraq Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərdilər. DİN-in yaydığı məlumata görə, cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı, orada olan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıblar.
1250 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41