Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

Kərbəla üçün yetişən qəhrəmanın həyat yolu

Bismilləhir-Rahmənir-Rahim! 


Mübarək İslam tarixində silinməz izlər buraxan Kərbəla hadisəsini, Aşura fəlsəfəsini başa düşmək, o hadisədə olan bütün çalarları dərk etmək üçün İmam Hüseynin (ə) şəxsiyyətini, kimliyini və Aşura gününə qədər hansı mərhələlərdən keçməsini araşdırmaq zəruridir.

“Hüseyn (Ə) məndəndir və mən də Hüseyndənəm (ə)” fəlsəfəsi

İmam Hüseyn (ə) hicrətin 4-cü ilində Şaban ayının 3-də Həzrət Əli (ə) və Həzrət Fatimənin (s.ə) ailəsində dünyaya göz açan ikinci övladdır. O zaman bütün gözlər Əhli-beytə (ə) dikilmişdi. İnsanlar Əhli-beytin (ə) hər addımına diqqətlə nəzər salır, Peyğəmbərin (s) nə etdiyini, Peyğəmbərin (s) öz balaları ilə bağlı nə edəcəyini izləyirdi. İnsanlar öz yaşayış tərzini Peyğəmbərin (s) hər bir əməlinə və rəftarına uyğunlaşdırırdı. Hətta Peyğəmbərimizin (s) yanında bir iş görülərkən, əgər ona mənfi reaksiya vermirdisə, bunu birmənalı düzgün yol kimi qəbul edirdilər. Müsəlmanlar öz atdıqları addımlarını Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) addımları ilə uyğunlaşdırırdı. Gözlər Əli (ə) və Fatimə (ə) evinə dikilmişdi. Altı il və bir neçə ay İmam Hüseynin (ə) əziz babası Peyğəmbəri (s) dərk etmək imkanı olur. İmamın (ə) altı yaşı olan zaman Peyğəmbər (s) bu dünya ilə vidalaşır. İmam Hüseynin (ə) babası İslam Peyğəmbəri (s) ilə yaşadığı dövrü bir cümlədə toplamaq olar. Peyğəmbər (s) buyurdu: “Hüseyn (ə) məndəndir və mən də Hüseyndənəm (ə)”. Yəni Peyğəmbərdə (s) nə var idisə, Hüseyndə (ə) də onlar var idi. Hüseyndə (ə) nə var idisə, Peyğəmbərdə (s) də o var idi.

İmam Hüseynin (ə) atası Həzrət Əlidən (ə) aldığı dərslər

Artıq bundan sonra yeni bir mərhələ başlayır. İmam Hüseyn (ə) otuz il öz atası Həzrət Əmirəlmöminin Əlidən (ə) faydalanmaq, onun hüzurunda olmaq imkanından istifadə edir. Həzrət Əlidən (ə) insaf dərsini, paklıq dərsini, bəndəlik dərsini, Allahı tanıma, Allahdan başqa bu dünyada heç nəyi görməmək dərsini, Allahdan başqa heç kimdən heç nə istəməmək dərsini öyrənir. Həzrət Əlinin (ə) zahiri xilafətindən öncəki dövrünü görür. 
İmam Hüseyn (ə) - Bəni-Səqifə fitnəsini yaşamış insanlardandır. Əli (ə) kimi cəngəvərin “evdə oturmaq” dövrünü evin içərisindən görmüş insanlardandır. Anası Həzrət Zəhranın (s.ə) başına gələn müsibətləri görən insandır. Fədəkin qəsbindən tutumuş, Əhli-beytin (ə) başına gətirilən bütün müsibətləri bir-bir yaşayır. İmam Hüseyn (ə) Həzrət Əlinin (ə) xilafət dövrünü də görür. İmam Hüseyn (ə) Cəməl döyüşünü, Siffeyn döyüşünü, Nəhrivan döyüşünü yaşayır. Yəni, bütün bunların hamısının içərisindən keçə-keçə inkişaf edir. Həzrət Huseyn (ə), Peyğəmbər (s) dövründən sonra İmam Əlinin (ə) əsgəridir.

İmam Hüseyn (ə) - qardaşı İmam Həsənin (ə) əsgəridir

Daha sonra (ə) İmam Hüseynin (ə) həyatının İmam Həsənlə (ə) bağlı hissəsi başlayır. İmam Həsənlə (ə) bağlı olan ən mühüm hadisə - sonradan əbədiyyətə qədər bütün müsəlmanların qəlbini yandıracaq hadisə - Müaviyyə (lən) ilə sülh sazişi olur. Peyğəmbərdən (s) sonra artıq ümmət xeyli dəyişmişdi. İmam Hüseyn (ə) bütün bunları görürdü. Sülhün acılığını yaşayan insanlardan biri də elə İmam Hüseyn (ə) olur. Qardaşı İmam Həsənin (ə) dövründə də görürük ki, İmam Hüseyn (ə) qardaşının əsgəridir. Zəmanə İmamının (ə) yolunu gedir. Zəmanə İmamı (ə) nəyi buyurursa, İmam Hüseyn (ə) onu yerinə yetirir. İmam Həsənin (ə) düşmənlər tərəfindən zəhərlənməsi, meydanda tək qalması, ətrafında heç bir kəsin olmamasını da yaşayan şəxslərdən ən mühümü - məhz İmam Hüseyn (ə) olur.

Müaviyyə (lən) beyət üçün İmam Hüseynə (ə) müraciət etməyə cürət etmir

İmam Həsənin (ə) şəhadətindən sonra yeni bir dövr başlayır. Bu dövr - İmam Hüseynin (ə) özünün İmamət dövrüdür. Müaviyyə (lən) hələ də iyrənc hiylələr üzərində qurduğu hökmranlığını davam etdirir. Bir dövrdür ki, İmam Əli (ə), İmam Həsən (ə) artıq dünyada yoxdur. Hələ Yezid (lən) də xilafəti qəsb etmir. Bu dövr nisbətən qısa sürür. Demək olar ki, Müaviyyənin (lən) cəhənnəmə vasil olmasına qədərki müddətdə İmam Hüseyn (ə) eynilə İmam Həsənin (ə) missiyasını təkrarlayır. Yəni, necə ki, İmam Həsən (ə) rəftar edirdisə, həmin bu rəftar İmam Hüseyn (ə) tərəfindən təkrarlanır. Bu dövrdə vaxtaşırı olaraq İmam Hüseyn (ə) Müaviyyəyə (lən) öz tənqidlərini yazılı və şifahi halda çatdırır. Özü də ən sərt formada çatdırır. Bu dövrün xüsusi əlamətlərindən biri budur ki, Müaviyyə (lən) hələ öz dövründə Yezid (lən) üçün beyət almaq istəyir ki, ondan sonra Yezidə (lən) hakimiyyəti qəsb etmək rahat olsun. Görürük ki, həmin vaxt beyət üçün Müaviyyə, İmam Hüseynə (ə) heç cəsarət edib müraciət etməyi ağlına da gətirmir. Topluma da aydın olur ki, İmam Hüseyn (ə) Yezidə (lən) sonradan da beyət etməyəcək.

Kərbəla hadisəsinin kökü meydana çıxır

Müaviyyə (lən) cəhənnəmə vasil olduqdan sonra yeni bir mərhələ başlayır. Yezid (lən) xilafəti qəsb edir. Hökumətini tam möhkəmləndirmək üçün hər yerə və hər tərəfə, o yerlərin ən nüfuzlu, abırlı, hörmətli adamlarından beyət almağa öz adamlarını göndərir. Hiyləgər və məkrli atası Müaviyyə (lən) Yezidə çox israrla tapşırmışdı ki, hansı qələti etməsindən asılı olmayaraq, İmam Hüseyn (ə) tərəfə getməsin. Yezid (lən) isə düşünür ki, atasının edə bilmədiyi qələti yəgin o, özü edə bilər. Buradan belə bir tarixi şərait yaranır ki, Mədinəyə xüsusi yolçular göndərilir. Orada Mədinənin hakiminə bildirilir ki, o gərək İmam Hüseyndən (ə) Yezid üçün beyət alsın və İmam Hüseyn (ə) gərək Yezidi (lən) müsəlmanların xəlifəsi kimi qəbul etsin. Beləliklə, Kərbəla vaqiəsinin başlanma kökü meydana çıxır.

İmam Hüseyn (ə) təbii ki, Yezidə (lən) heç bir zaman beyət etməyəcəyini bəyan edir. Mədinə valisi İmam Hüseynin (ə) yanına gələrək, Yezid (lən) üçün beyət almaq istəyən zaman, İmam Hüseyn (ə) buyurur: “Allahdan gəlmişik və Allaha doğru da qayıdırıq”. Bu cümləni adətən bir fəlakət, bir müsibət baş verən zaman deyərlər. Deməli, İmam Hüseyn (ə) baş verən bu hadisəni artıq müsibətin başlanğıcı olaraq görürdü. İmam Hüseyn (ə) sözünün ardında buyurur: “Yezid (lən) təki birisi İslam hökumətinin başında əyləşərsə, gərək İslamın fatihəsi verilsin”. Yəni əgər İslam toplumunun başında Yezid (lən) kimi bir ağılslz, əyyaş, hoqqabaz, şərəbxor, qumarbaz, meymunbaz dayanacaqdısa, bu zaman İslamın fatihəsi veriləcəkdi. Çünki dünya bu adamın adı ilə İslamı tanıyır. Bu adam İslam adına danışacaq, bu adam özünü müsəlman xəlifəsi kimi, Həzrət Peyğəmbər (s) hökumətinin davamçısı kimi göstərəcəkdi. Ona görə də xilafətin Yezid (lən) tərəfindən qəsb edilməsi ilə elə İslamın fatihəsi oxunmuş olacaqdı. 

İmam Hüseyn (ə) Mədinəni tərk edir və Məkkəyə doğru hərəkətə başlayır. Bütün Məkkə və Mədinəyə bu məsələ yayılır ki, İmam (ə) Mədinəni tərk etdi və Məkkəyə doğru gedir. Buna səbəbin İmamın (ə) Yezidə (lən) beyət etməməsi də insanlara məlum olur. İnsanlar anlayır ki, onun Mədinədə qalması artıq qeyri-mümkündür. Bu ərəfədə İmamın (ə) Məkkəyə yollanması və Yezidə (lən) beyət etməməsi xəbəri Kufəyə də çatır. Kufəlilər İmama (ə) müraciət edərək, bildirirlər ki, onlar artıq Yezidin (lən) tör-töküntülərinin zülmlərindən bezib və İmamın (ə) gəlməsini istəyirlər. Onlar İmamla (ə) birlikdə olmağa tam hazır olduqlarını bəyan edirlər. İmam Hüseyn (ə) vəziyyətə baxmaq, qiymətləndirmək, durumu araşdırmaq üçün dəyərli əmisi oğlu Müslim ibn Əqili (r.ə) Kufəyə yola salır. Müslim (r.ə) Kufəyə çatır. Burada böyük bir sayla, böyük ədəb-ərkanla, izzətlə qarşılanır. Minlərlə insan Müslimin (r.ə) vasitəsilə İmama (ə) beyət edir. İmam (ə) Müslimdən (r.ə) artıq Kufə camaatının hazır olması, ona beyət etməsi barədə məktub alır.

Kufəliləri imama (ə) etdikləri beyətdən boyun qaçırmağa nə vadar etdi?

Zilhiccə ayının 8-ci günü bütün müsəlman dünyası Minaya hərəkət edən vaxt, İmam Hüseyn (ə) Məkkədən Kufəyə doğru hərəkət edir. Bu hərəkətin özü də çoxlu mesajlara malikdir. Birinci mesaj bu idi ki, gör vəziyyət nə yerə gəlib çatmışdı ki, zəmanənin İmamı (ə) olan bir kəs Məkkədə qala bilmir. İkinci tərəfdən, İmamın (ə) bu hərəkət zamanı bir vəzifəsinin olduğu görünür. Təbii ki, belə bir vəziyyətdə Yezid (lən) tərəfi də təxribatlarını dayandırmırdı. Bu hadisələr Kufədə baş verən zaman zəmanənin ən zatı xarab adamlarından biri olan İbn Ziyadı (lən) tapıb, onu Kufəyə vali göndərmək qərarına gəlirlər. Kufə çox qısa müddət ərzində əvvəlki vəziyyətindən çıxır. O Kufə ki, bir neçə gün öncə Müslimə (r.ə) beyət edib, İmamı (ə) qarşılamağa, Yezidə (lən) qarşı qiyama hazırlaşır, indi süstlük göstərməyə başlayır. Kufə camaatının imanının zəifliyi bir tərəfdən, ikiüzlülüyü digər tərəfdən və bundan başqa da İbn Ziyad (lən.) tərəfindən qorxudulması və təhdid olunması onların artıq İmama (ə) sadiqlikdən geri çəkilməsinə gətirib çıxarır. İş o yerə gəlib çatır ki, Kufə camaatı qısa müddət ərzində Müslim ibn Əqli (r.ə) tək qoyur və beləliklə İmam Hüseynə (ə) yazılıb göndərilən şərait tam əks tərəfə dəyişir. Nəticədə İbn Ziyad (lən) güruhu Müslim ibni Əqli (r.ə) şəhid edir. Bir neçə gün öncə İmam Hüseynə (ə) beyət edən Kufə camaatından bəziləri, hətt əyinlərinə İbn Ziyadın (lən) təqdim etdiyi zəlalət libasını geyinirlər.

İmam Hüseyn (ə) məqsədini belə izah edir

İmam Hüseyn (ə) Məkkədən Kufəyə yollanan zaman özünün bu addımını öz mübarək dili ilə izah edir. Kənardan çox şərhlər verilə bilər, çoxları bu məsələni öz istədiyi kimi izah etməyə çalışa bilər. Amma ən mühüm olanı, İmam Hüseynin (ə) özünün bu əməlinə qiymət verməsidir. Əba Əbdillah (ə) bu zaman buyurur: “Mənim bu hərəkətimdə məqsəd, Yezidin (lən.) İslama zidd hökumətini ifşa etməkdir...” İmam Hüseynin (ə) Kufəyə getməsinin və ümumiyyətlə bu işlərinin hamısının başlıca məqsədi - Yezidin (lən) İslama zidd, insanlığa zidd olan hökümranlığını rüsvay etmək idi. İmam (ə) Yezid (lən) kimi birisinin İslam ümmətinin başında dayanmasının qeyri-mümkünlüyünü çatdırırdı. İmam (ə) özünün bu əməli ilə toplumda həmin caninin mahiyyətini ortalığa qoyurdu.

Toplumda “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmə”ni diriltmək 

Digər tərəfdən, həmin zaman toplum ölü vəziyyətində idi. Vaxtaşırı toplum şəhid verməyəndə, vaxtaşırı toplumda ciddi hadisələr baş verməyəndə, özü öz halına qalanda toplum məhv olur. Peyğəmbərin (s) əlindən su içmiş toplumlar belə, bu durumda idi. Necə ki, su bir yerdə dayanıb qalanda, iylənməsi baş verir, elə də toplum bir yerdə donub qalanda onda iylənmə gedir. Artıq bu hadisə həmin dövrdə baş vermişdi. Bir toplum əmələ gəlmişdi ki, heç kimi digərinin problemi, heç kimi digərinin durumu narahat etmirdi. Heç bir kəs digərini pis işlərdən çəkindirmir və heç kəs digərini yaxşı işlərə dəvət etmirdi. İmam Hüseyn (ə) özü bunu izah edirdi ki, onun qiyamının səbəblərindən biri də toplumda pis işlərdən çəkindirmə və yaxşı işlərə dəvəti dirçəltməkdir. Məhz bunu unudan ümmət, nəticə etibarilə Peyğəmbər (s) balasını şəhid edən zaman sükut edəcəkdi. Hətta o yerə çatacaqdı ki, artıq Əhli-beytə (ə) olan münasibət də heç kəsi narahat etmirdi. 
Zülmün qabağında dayanmaq, Quranı və dini müdafiə İmam Hüseynin (ə) bu səfərində digər məqsədi - zalımın, zülmkarın qabağında dayanmaq nümunəsini göstərmək idi. İmam Hüseyn (ə) topluma nümunə olmaq istəyirdi ki, zalımın qabağında dayanmaq lazımdır. Zalım öyrəşəndə ki, həmişə onun qabağından hər kəs çəkilir, bu zaman vəziyyət çox pis olur. İmam Hüseyn (ə) topluma göstərmək istəyirdi ki, zalımın qabağında dayanmaq lazımdır.

Bundan başqa, İmam Hüseyn (ə) izah edir ki, onun məqsədi Qurani-Kərimin müdafiəsi və Peyğəmbər (s) dininin yaşamasını öz həyatı bahasına təmin etmək idi. Bunlar - İmam Hüseynin (ə) Aşura günü yerinə yetirdiyi vəzifələr idi.

Allahım, bizlərə İmam Hüseynin (ə) Kərbəla məktəbini düzgün dərk edib, buradan həyatımız üçün lazımi dərsləri götürməyi nəsib et! Allahım, bizlərə İmam Hüseynin (ə) əzadarı olmaq ləyaqətini nəsib et! Amin!

İlqar İbrahimoğlu/musavat/
1964 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP