Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2015

Hökumətin pensiya saxtakarlığı

Inflyasiya 8 faiz olduğu halda artım niyə 1,4 faiz götürülür

Müzəffər Baxışov: «Hakimiyyət bir daha bəyan edir ki, mənim bütün fəaliyyətim saxtakarlığa əsaslanıb»


Pensiyaların indeksləşdirilməsi haqqında dövlət başçısının sərəncamından sonra pensiyaların sığorta hissəsi 1,4 faiz artırıldı. Pensiyaların sığorta hissəsi 2014-cü ildəki inflyasiyaya uyğun olaraq artırıldı. Artırma zamanı isə əsas istinad nöqtəsi kimi Dövlət Statistika Komitəsinin inflyasiya ilə bağlı açıqladığı rəsmi məlumat götürülür. Statistika Komitəsinə görə isə, 2014-cü ildə ölkədə inflyasiya 1,4% təşkil edib. Bunu nəzərə alaraq pensiyalaın sığorta hisəsi də məhz 1,4% artırılıb.

Amma iqtisadçıların, beynəlxalq təşkilatların hesablamalarına görə, Azərbaycanda ötən il inflyasiya ən azı 7-8 faiz olub. Bu isə o deməkdir ki, hökumətin verdiyi qərar təqaüdçülərin cibinə girmək sayılmalıdır. Bu isə o deməkdir ki, 150 manat pensiya alan şəxsin təqaüdünə artım 1.4 faiz deyil, 7-8 faiz olmalı idi. Bu zaman təqaüdçünün pensiyası 70 qəpik deyil, ən azı 4 manat artmalı idi. Bəs, hökumət vətəndaşların hüquqlarını bu formada pozduğuna görə hüquqi müstəvidə cəzalandırıla bilərmi? Beynəlxalq təşkilatların rəyləri əsas götürülərək məhkəməyə müraciət edilə bilərmi?

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, vətəndaşların pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi inflyasiya qiymətinə görə artırılıb. Bu istiqamətdə Azərbaycanda həmişə mübahisə yaşandığını deyən M.Baxışov vurğuladı ki, Statistika Komitəsinin elan etdiyi rəqəmlərlə müstəqil ekspertlərin hesablamaları çox zaman üst-üstə düşmür: “Dövlət Statistika Komitəsi müəyyən istehlak malları üzrə inflyasiyanı hesablayır. Iqtisadçılar isə bildirirlər ki, bu, düzgün hesablama deyil. Dövlət Statistika Komitəsi kino biletlərinin artmasına görə inflyasiyanı hesablayır. Kino biletlərinin qiyməti isə artmır. Amma ərzaq məhsullarının qiyməti hər il bahalaşır”.

Yol verilən yanlışlığın hüquqi perspektivinin nə dərəcədə olmasına gəlincə, M.Baxışov bildirdi ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət olunarsa, məhkəmədən bildiriləcək ki, pensiyalardakı artım Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmə uyğun olub: “Mən də o faktla razıyam ki, inflyasiyanı nəzərə alaraq pensiyalara edilən artım reallığı əks etdirmir. Amma bütün dövlət orqanları Prezident Admnistrasiyasından verilən göstərişlə hərəkət etdiyi kimi Dövlət Statistika Komitəsi də bu yolla gedir, həmin göstərişlərə ikiqat bel əyir. Belə bir inflyasiya rəqəminin elan edilməsi dövlətin öz imicinə də zərbə vurur. Dövlət bununla özü-özünü biabır edir. Hakimiyyət bir daha bəyan edir ki, mənim bütün fəaliyyətim saxtakarlığa əsaslanıb. Bu istiqamətdə məhkəməyə müraciət etmək olar. Amma məhkəmə ya bəyan edəcək ki, bu onların səlahiyyətinə aid deyil, ya da işə baxsa da, həmin iddianı rədd edəcək”./azadlıq/
868 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:14