Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

Suraxanı sakinləri palçıqlı çəkmələrlə Abutalıbovun qəbuluna gəlir - (Foto)

Palçıqlı küçələrdən bezən Suraxanı sakinləri palçıqlı çəkmələrlə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) Hacıbala Abutalıbovun qəbuluna gedəcək.

Bu məlumatı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, “A” massivində yaşayan sakinlər verib.

Xatırladaq ki, payız-qış mövsümünün başlamasından sonra Bakının müxtəlif ətraf qəsəbələrindən gələn şikayətlərin ardı-arası kəsilmir. Bülbülə qəsəbəsi, S.Əliyev küçəsinin şəhərin baş prospektinə - Heydər Əliyev prospektinə bitişik yaşayış massivinin sakinləri də müxtəlif ünvanlara şikayətlə üz tutanlar sırasındadır.

Əsas şikayətlərdən biri məhəllədaxili yolların bərbad və keçilməz olması ilə bağlıdır. Belə ki, həmin ərazidə yaşayanlar uzun illərdir məhəllədaxili yolların payız-qış aylarında əsl bataqlığa çevrilməsindən əzab çəkirlər.

Şikayətçilərin bildirdiyinə görə, həmin yaşayış massivi 20 ildən çoxdur salınıb, məhəllədaxili yollar isə son vaxtlara qədər sakinlərin öz aralarında topladığı vəsait hesabına daş-çınqılla döşənərək nisbətən də olsa işlək vəziyyətdə saxlanılırdı.

Lakin 2013-cü ildə “Azərsu” ASC tərəfindən qəsəbədə yeni su xətlərinin çəkilməsi zamanı yolları qazıb altını-üstünə çevirdilər. Məhəllədaxili yollar əsl keçilməz bataqlığa çevrilib.

Sakinlərin müxtəlif instansiyalara şikayətlərindən sonra 2013-cü ilin sonlarında BŞİH-in Mənzil-Kommunal Departamenti tərəfindən “A” massivində məhəllədaxili yolların bir hissəsinə asfalt döşənsə də bu işlər yarımçıq qaldı. O vaxt işlərin yarımçıq qoyulmasına etiraz edən sakinlər aksiya da keçirmişdilər. Əraziyə gələn Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onlara vəd vermişdi ki, tezliklə digər yollar da asfaltlanacaq.

Lakin bütün yay ayları ərzində heç bir iş görülməyib. İndi yağışların başlaması bu yaşayış massivinin sakinlərinin günlərini sözün əsl mənasında qara edib. Çünki indi onlar evlərindən çıxanda ancaq qara rəngi - dizə çıxan qara palçığı və bataqlığa çevrilən yolları görürlər.

Bakıya sonuncu dəfə bir həftə əvvəl yağış yağıb. Amma məhəllələr dizə çatan palçıqdan hələ də keçilməz vəziyyətdədir.

Sakinlər deyirlər ki, bu bataqlığın quruması üçün yayın gəlişini gözləyirlər. Məhəllədaxili yollar büsbütün qara lehmə ilə örtülüb, bu yollardan keçən maşınlar təkərlərindəki palçığı paytaxtın baş prospektinə “daşıyıb boşaldır”, sakinlər isə avtobusa palçıqlı ayaqqabılarla minməmək üçün dayanacağa qədər köhnə çəkmələrlə gedib orada ayaqqabılarını dəyişməli olurlar.

Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətində qəbulda olublar. İcra hakimiyyətindən hər dəfə deyiblər ki, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələ barədə məlumatlandırılıb və vəsait ayrılsa, qalan məhəllədaxili yollara da asfalt çəkiləcək.

O cümlədən sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət ediblər. Onların məktubuna göndərilən cavabda deyilib ki, Bakı şəhərinin digər ətraf qəsəbələri kimi Bülbülə qəsəbəsində də bütün məhəllədaxili yolların abadlaşdırılması “Bakı və ətraf qəsəbələrin inkişafına dair” III Dövlət Proqramına daxil edilib.

Ancaq bu proqramın nəticələrini Suraxanı rayonunda, ən azından S.Əliyev küçəsində görənlər yoxdur. Onlar bu qışı da bataqlıqda keçirmək məcburiyyətində qalacaqlarını görüb yenidən dərdlərinə çarə axtarmağa çalışırlar. Çünki ərazidəki yeganə məktəb 1-1,5 kilometr aralıdadır, azyaşlılar hər gün dizə qədər çıxan palçıqda məktəbə həmin yolu piyada gedib-qayıtmalıdır. Belə vəziyyətdə valideynlərin hər gün onların palçığa, çirkaba batan paltarlarını yumaqdan başqa yolu qalmır.

Sözügedən massiv həm də paytaxtın baş prospektinin - Heydər Əliyev prospektinin kənarında, hasarların o tayında yerləşir. Sakinlər deyirlər ki, qarşıdan Bakı Avropa Oyunları gəlir, şəhərə gələn minlərlə xarici qonaq həmin prospektdən keçəcək.

S.Əliyev küçəsi, "A" massivi

Qəsəbə sakinləri müvafiq qurumlara dəfələrlə şikayət etsələr də heç bir nəticə əldə edə bilməyiblər. Çıxılmaz vəziyyətdə qalan sakinlər etirazlarını bu dəfə fərqli şəkildə bildirəcəklər. Sakinlər qəsəbənin palçıqlı yolarında geyindikləri palçıqlı çəkmələrlə yaxın günlərdə BŞİH qarşısında toplaşacaqlar. Onlar Bakı meri Hacıbala Abutalıbovla görüşməyi tələb edəcəklər.

Virtualaz.org saytı yaxın günlərdə həmin yaşayış massivinin problemləri haqda geniş reportaj hazırlayacaq./virtualaz/

948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi