Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

Siyavuş Novruzovun ipi kimin əlindədir?

Bir neçə gün öncə YAP-çı deputat Siyavuş Novruzov mətbuata açıqlamasında belə də söyləmişdi: “Ölkədə Milli Şura adlı bir qurum varmı? Onun mövcudluğu özünü nədə göstərir? Inanın, belə bir qurumun mövcudluğunu nə bilir, nə də xatırlayıram. Belə bir qurum yoxdur. Olmayan bir qurum hansısa seçkidə necə iştirak edə, necə uğur qazana bilər? Bunu anlamıram”.

Göründüyü kimi Siyavuş Novruzov haqqında qalaq-qalaq müsahibə verdiyi, ittihamlar səsləndirdiyi qurumu xatırlamadığını bildirir və guya diplomatik cavab verir. Amma YAP-çı deputat az bir müddətdə “şəfa” tapdı və yaddaşı özünə qayıtdı. Daha dəqiq desək AXCP sədri Əli Kərimlinin faktlara istinad edilən müsahibəsi Siyavuş Novruzovun yaddaşında inqilab etdi. Indi Siyavuş Novruzov ən sevimli sözü olan “erməni lobbisi” ifadəsini də xatırlayır.

Mövzuya keçməzdən əvvəl xatırlatmaq istəyirik ki, ciddi psixi gərginliklər də yaddaşın itməsinə səbəb olur. Bu mənada Siyavuş müəllimi başa düşmək lazımdı. Ətrafında olanların hamısı vəzifəyə getdi. Siyavuş müəllim isə YAP-dakı kreslosuna yapışıb qalıb. Dünənə qədər bir yerdə addımladığı şəxslər ildırım sürəti ilə önə çıxıblar, bu isə yerində sayır. Vəzifə sevdalısı olan adam üçün, bundan böyük depressiya ola bilməz. Elə buna görə də sevimli deputatımız yaddaşını zədələmişdi.

Qayıdaq, YAP-çı deputatın iri həcmli müsahibəsinə. Əli Kərimlinin məlum müsahibəsi hakimiyyətə o qədər dəqiq diaqnoz qoyub ki, bunu inkar etmək mümkünsüz olub. Ona görə də hakim partiyanın rəhbər şəxsi müsahibədə səslənən fikirlərə münasibət bildirmək əvəzinə, şər-böhtana, təhqirə əl atır və “erməni lobbisi”ni köməyə çağırır.

Siyavuş Novruzov bildirir ki, Əli Kərimlinin ipi erməni lobbisinin əlindədir, AXCP milli maraqlara zidd fəaliyyət göstərir, AXCP-yə qaçaq-quldurlar yığılıb, Əli Kərimlinin Britaniya bankında milyonları var, və.s

Göründüyü kimi Siyavuş Novruzov Əli Kərimlinin müsahibədə səsləndirdiyi heç bir fikrə cavab verə bilməyib, səslənən rəqəmlərin üzərindən qaçıb və reallıq qarşısında əsəbləri o qədər tarıma çəkilib ki, təhqirə keçib.

Cənab Novruzova xatırlatmaq istəyirik ki, qaçaq-quldur məsələsindən danışanda bir az ehtiyatlı olsun. Çünki, YAP-ın qurucusu Siruz Təbrizli açıq şəkildə bəyan etmişdi ki, YAP simasız quldurlar partiyasıdır. Və heç kim bu fikrin yalan olduğunu sübut etməyə çalışmadı. Yəni, Siyavuş Novruzov özlərinə verilmiş adı, başqalarına transfer etməyə çalışmasın.

Əli Kərimlinin milyonlarına gəlincə, hakim partiyanın rəhbərliyində təmsil olunan bir şəxsin bu qədər cılız arqumentlə silahlanması məğlubiyyətin göstəricisidir.

Əvvəla, Siyavuş Novruzova xatırlatmaq istəyirik ki, milyon milyarddan balaca rəqəmdir. Əgər Əli Kərimlinin xarici banklarda milyonu varsa, bu Vircin adasındakı 48 milyarddan çox azdır. Yəni, adamları şərləmək istəyəndə elə arqument tapın ki, özünüzə zərbə vurmayasınız. Tutalım siz haqlısınız və Əli Kərimlinin milyonu var. Əli Kərimli hakimiyyətdə hansısa vəzifə tutmur, deməli onun dövlət büdcəsini, ölkə sərvətlərini talamasından söhbət gedə bilməz.

Bəs, sizin məmurlarınızın milyardları, villaları, holdinqləri, dünyanın müxtəlif yerlərindəki otelləri necə əldə olunub? Əli Kərimlinin cibində milyon axtaran deputat, ətrafındakı ciblərdəki milyardları niyə görmür?

Amma cəmiyyət uzun illərdi müşahidə edir ki, Əli Kərimliyə qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmayıb. 20 ildir “Əli Kərimli xaricdən maliyyələşir” deyənlər, 20 qəpik maliyyə faktını ortaya çıxara bilmirlər. Azərbaycanda hüquq anlayışı məhv edildiyinə görə, hakimiyyət insanlara qarşı istənilən ittihamı səsləndirə bilir.

Milli maraq məsələsinə gəlincə, Ilham Əliyev də konfransdakı çıxışı zamanı etiraf etdi ki, neftin qiymətdən düşməsi gəlirlərə mənfi təsir göstərəcək, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Eyni zamanda ölkədə israfçılığın olduğunu, məmur özbaşınalığını, lazımsız layihələrə pul xərclədiyini də etiraf etdi. Necə olur ki, real vəziyyətlə bağlı fikirlər Ilham Əliyevin dilindən səslənəndə “vətənə xidmət”, Əli Kərimlinin dilindən səslənəndə “milli maraqlara zərbə” kimi dəyərləndirilir?

Əli Kərimlinin faktlara söykənən müsahibəsinə bu qədər aqressiv yanaşıb, “quldur”, “erməni lobbisi”, “vətənə xəyanət” kimi ifadələr işlətməklə, vəzifəyə getmək olmur. Elə olsaydı, Hafiz Hacıyev, Əhəd Abıyev, Etibar Hüseynov kimiləri ən yüksək vəzifə tutardılar.

Kiminin ipinin, kimin əlində olması isə yaxşı xatırlatmadır. Əli Kərimlinin öz prinsipial mövqeyindən çəkilməməsi, bütün məhrumiyyətlərə sinə gərərək şərə təslim olmaması, onu göstərir ki, bu adamın ipi öz əlindədir. Əks halda “ip”lə oynatdığınız fiqurların sırasında Əli Kərimlinin də adı olardı.

Bir gün əvvəl “Milli Şura adlı qurumun olduğunu xatırlamıram” deyib, bir gün sonra AXCP haqqında geniş müsahibə vermək isə onu göstərir ki, Siyavuş Novruzovun “ip”i heç vaxt özündə olmayıb. Ona görə də Siyavuş Novruzovun ipinin üstünə odun yığmaq olmaz.

Əli Kərimlinin müsahibəsi həm də onu göstərdi ki, adamın ipi özündə olanda, ipdən asılmışların hamısını oynada bilir./azadlıq/
885 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33