Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

“İşverənlər” bizdə niyə çoxdu?

Sovetin son “Aşkarlıq” dövründə cəmiyyətin həvəslə, hirslə oxuduğu bir mövzu vardı: repressiya illəri, o illərdə insanlara edilən sitəmlər.
Kommunist Partiyasının Stalindən sonra keçirilən qurultayında 37-ci il repressiyalarına mənfi qiymət verilmişdi, o dövrdə cəzalananların bir çoxu bəraət belə almışdı. Buna baxmayaraq, o dövr barədə daha detallı “aşkarlıq”la danışılmağa, yazılmağa başladı.
Bizlər Ziya Bünyadovun, Cəmil Həsənlinin, eləcə də başqa publisistlərin yazılarından ayrı-ayrı qırılan insan talelərini öyrənirdik, hirslənirdik, təəssüflənirdik.
O zaman, elə indi də daha yayğın olan rəy bu idi ki, Sovet Ittifaqındakı ermənilər azərbaycanlıların qəsdinə durub, onların fitnə-fəsadlarına görə millətimizin qaymaqları gülləbaran olunub.
Qısa ifadə etsək, belə dəyərləndirmə səhvdir, birtərəflidir. Ermənilərin repressiyalarda rolu olub, bunu danmaq olmaz, amma bu, ümumsovet tədbiri idi, onun qurbanları təkcə azərbaycanlılar deyildi. 1937-ci ildə güllələnənlərin siyahısı 2000-ci ildə MTN-nin “Sərhəd” qəzetində dərc edilmişdi. Elə oradan görünürdü ki, həmin illərdə kifayət qədər rus, erməni, yəhudi, gürcü də bizim Odlar Yurdunda repressiyaya tuş gəlib.
Lakin kim idi xırdalığına gedən, əksəriyyət “37" deyəndə azərbaycanlıların qətliamını düşünürdü və bu, böyük güc mənbəyi idi.
Bizə belə gəlirdi ki, öz əlimiz, öz başımız olacaqsa, Mikoyanların, Arambatsumyanların, Sumbatovların bizi nahaqdan istintaqa çəkməsinə, güllələməsinə, taleyimizi sındırmasına imkan qalmayacaq.
Bizlər vətənimizi, dilimizi sevdiyimizə görə cəzalanmayacağıq.
Fərqli düşündüyümüzə görə repressiya olunmayacağıq, həbsə salınmayacağıq.
Rəhbəri bəyənmədiyimizə görə “xalq düşməni” elan olunmayacağıq, işdən çıxarılmayacağıq.
“Şanlı partiya”ya üzv olmasaq da, bu, həyatda uğur qazanmağımıza mane olmayacaq.
Fəqət...
Dünən, şərlənərək həbs olunan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin vəkili Elçin Sadıqovun açıqlamasını oxudum. Deyir ki, MTN-nin istintaq təcridxanasında saxlanılan jurnalistin səhhəti çox pisdir. O, saxlanma şəraitini işgəncə, insan ləyaqətini alçaldan ortam adlandırıb.
Vəkilin sözlərinə görə, təcridxanada Pərvizi həyatdan bezdirmək, onda özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər.
Jurnalist həyatına olan təhlükədən qorxduğu üçün yeməkləri də yeyə bilmir.
Pərvizi şərləyib tutanlar Sumbatyandımı?
Bəs, Rəşadət Axundovu, Rəşad Həsənovu, Zaur Qurbanlını, Ilkin Rüstəmzadəni şərləyənlər necə, Maykumyandı, ya onun əmisioğlanları?
Qurban Məmmədovu, Yadigar Sadıqlını şərləyənlər də heç Şaumyanın əzizləri deyil.
Yanılmıramsa, Tofiq Yaqublu və Ilqar Məmmədova qənim kəsilənlər arasında da “yan” soyadlılar yoxdu.
Bəs bu baş verənlər nədi?
Məncə, ən dəqiq izahı elə Qurban Məmmədov verib. O, məhkəmə iclaslarının birində dedi ki, bu siyasi məhkəmələrdə əsas məqsəd insanlarda ruh düşkünlüyü yaratmaqdır. Yəni, mühakimə olunan siyasi fəal, ona böhtan atan, şərləmə üzərinə qurulan ittihamı, hökmü yazanlara, yalandan üzəduranlara baxır və düşünür: axı, bunlar da bizim xalqımızdır, axı bunlar da bizim seçicilərdir, mən bunlar üçün mübarizə aparıram? Dəyərmi? Bu yalanın nökərləri üçün qazamatın qaranlıq divarı ilə dostlaşmağa dəyərmi?
Bu sualların nəticəsi çoxlarında məsyuluq yaradır. Qurban bəyin ifadəsilə yazsaq, millətdən iyrənmə baş verir.
Bəli, ana məqsəd budur: Əliyev hakimiyyəti hər addımında bizdə aşağılıq kompleksi yaratmaq üçün çalışır. Onlar bunu aksioma döndərmək istəyirlər ki, “bu xalq düzələn deyil, bu xalq üçün fədakarlığıa dəyməz, bu xalq üzədurandı, iş verəndi” və s.
Lakin dərindən təhlil gərəkdir, bizə təlqin olunan kimidirmi?
Qətiyyən!
Birincisi: xalqı, cəmiyyəti onun artıq-urtuğu yox, avanqardı təmsil edir. Işverənlər, çuğullar heç vaxt xalqın siması olmayıb, olmayacaq da.
Ikincisi: kimsə düşünə bilər ki, bəli, bütün xalqlarda mənfi tiplər var, ancaq bizdə daha çoxdu. Istənilən adamla mübahisəyə hazıram, bizdə onlar heç də başqa cəmiyyətlərdə olanlardan çox deyil. Sadəcə, bizdə “qələm düşmən əlindədir”.
Fərq həm də ondadır ki, bizdə xainlərə baş rolu oynamaq vəzifəsi tapşırılıb, vitrinə onlar düzülüb, hara baxırıq onları görürük. Normalda isə bu adamlar gizlənməlidir, adam içinə çıxmağa üzləri olmamalıdır, ən azı, dik başla gəzməməlidilər.
Məqsəd o vəziyyəti yaratmaqdır.
/azadlıq/
2063 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:51